İMANIN ZİRVƏSİ
Qurani-Kərimdəki bəzi ayələr qısa olmasına baxmayaraq, çox geniş məna və məlumatlar ehtiva edir.
Bu, Quranın ecazkarlığını göstərən amillərdən biridir. Məsələn, görkəmli İslam alimi İmam Şafeinin “Qurani-Kərimdə sadəcə Əsr surəsi nazil olsaydı, bütün bəşəriyyətə kifayət edərdi” ifadəsi məhz bu dərinliyi göstərən nümunələrdən biridir. Hərçənd ki, Əsr surəsi Qurani-Kərimdə ən qısa surələrdən biridir, onda çox dərin mənalar gizlidir. Məhz bunun kimi, bəzi hədislər də bir neçə ifadə ilə çox geniş mənalara təmas edir. Bu hədislərdən biri də İslam ədəbiyyatında “Cibril/Cəbrayıl hədisi” kimi məşhur olan rəvayətdir. Rəvayət çox geniş olduğuna görə mövzumuzla əlaqəli olan bölməsinə təmas etmək istərdik. Onu da qeyd edək ki, dialoq şəklində meydana gələn hadisədə Allahın buyurması ilə Cəbrayıl (ə.s) gəlmiş, dizini Hz. Peyğəmbərin (s.ə.s) dizinə söykəyərək oturmuş və inananlara İslam, iman və ehsan barəsində “ilahi” məlumatlar vermiş, bir də qiyamət əlamətlərinə təmas etmişdir.
Sözügedən hədisdə insanın əqidəsi və dünyaya göndəriliş məqsədi göz önünə sərilmişdir. Hədisdə İslam-iman-ehsan üçlüyü ilə bəşər övladının bütün həyatı xülasə edilmişdir. Mətni çox uzun olan bu hədisdə birinci növbədə “İslam” bərəsində məlumat verilir. Rəvayətdə İslam belə tərif edilmişdir: “İslam Allahdan başqa ilah olmadığına və Muhammədin Allahın rəsulu olduğuna şəhadət etmək, namazı düzgün qılmaq, zəkatı vermək, ramazan orucunu tutmaq, gücün yetərsə Kəbəni ziyarət etməkdir”.
Sonra müsəlmanlığın daha da güclənməsi və lazımi şəkildə tətbiq edilməsi üçün kamil imana ehtiyac olduğu vurğulanır. Məhz buna görə də Hz. Muhamməd (s.ə.s) İslamın arxasınca imanın şərtlərini belə izah etmişdir: “İman – Allaha, mələklərə, kitablara, bütün peyğəmbərlərə, axirət gününə inanmaq; həmçinin qədərə, xeyir və şərin Allahdan olduğuna inanmaqdır”. Qurani-Kərimdə müxtəlif yerlərdə qeyd olunan iman əsasları sözügedən bölmədə toplu şəkildə bəyan edilmişdir. Bu bölmədə diqqət çəkən bir məsələ də budur ki, İslam və imanın şərtləri toplu şəkildə qeyd edildiyi halda qədərə iman məsələsinə ayrıca vurğu edilmişdir. Bu da qədərə imanın mühüm olduğunu göstərməklə yanaşı, insanların və inananların qədərə iman məsələsində çətinlik çəkdiklərinə diqqət çəkməkdədir. Kamil imana yiyələnmək sadalanan şərtlərə qeyd-şərtsiz, qəlbində zərrə qədər şübhəyə yer vermədən inanmaqla mümkündür. Bu şərtlərdən əgər hər hansı birində cüzi bir şübhə oyanarsa, iman əldən getmiş sayılır. Odur ki, müsəlmançılığımızı iman şərtlərinə riayət etməklə zirvələşdirdiyimiz kimi, imanımızı da İslamın şərtlərinə riayət etməklə gücləndirməliyik. İman və İslam bir-birini dəstəkləyən iki ayrılmaz parçadır. Yəni namaz və ibadətlərimiz imanın təzahürü olduğu kimi, iman da namaz və ibadətlərlə güclənir və sağlamlaşır.
Hədisdə qeyd olunan bir digər xüsus da sözün əsl mənasında iman və islamın məqsədi və hədəfi olan “ehsan” şüurudur. Ehsan kəlməsi hədisdə kifayət qədər gözəl və açıq bir şəkildə izah olunur. Ehsan barəsində sual soruşan Həzrət Cəbrayıla Peyğəmbər (s.ə.s) belə izah verir: “Ehsan Allaha onu görürmüş kimi qulluq etməkdir. Sən onu görməsən də, o, mütləq səni görür”. Ehsan insanın Allahın nəzarətində olduğu şüurudur. Allahın daim gördüyünü düşünən kimsə ibadətlərinə lazımi şəkildə riayət edəcəyi kimi, günahlardan, haramlardan, məxluqata pislik edib zərər verməkdən uzaq durar. Hər hansı bir şəxsin gördüyü yerdə günah işləməkdən utanan və çəkinən insan Allahın daim gördüyünü dərk edərsə, nəinki günah işləyər, hətta ona tərəf meyl etməyə, baxmağa belə cəsarət edə bilməz. İslam dininin biz müsəlmanlardan istədiyi də məhz bu şüuru əldə etməyimiz və həyatımızı bu istiqamətdə formalaşdırmağımızdır. Əslində dindəki bütün ibadət, xeyriyyəçilik işləri, qayğıkeşlik və s. kimi əməllər bu şüura çatmağımıza xidmət edir.
Bütövlüyə riayət etmə baxımından hədisin son bölməsinə də nəzər yetirmək istərdik. Son bölmədə qiyamətin qopması və əlamətləri barəsində sual soruşulur. Bu suala Hz. Peyğəmbər (s.ə.s) belə cavab verir: “Qiyamət əlamətləri belədir: Analar özlərinə cariyə kimi rəftar edəcək övladlar dünyaya gətirəcək. Ayaqyalın, başıaçıq, çılpaq qoyun çobanları yüksək və görkəmli binalar tikməkdə yarışacaqlar”. Bu bölmədə ictimai və fərdi fəlakətlərdən xəbər verilir ki, bunların da qiyamət əlamətlərindən olduğu bildirilir. Fərdi həyatda imani zəiflik ictimai pozulmanın səbəblərinin ən başında gəlir.
Xülasə, hədisdə kamil müsəlmanlığa sağlam imanla nail olunacağına, sağlam iman və müsəlmanlığın nəticəsində ehsan şüuruna çatılacağına təmas edilmişdir. Qiyamətin qopması barəsində danışılması da hər kəsin bu dünyadan köçəcəyini ifadə edir. Elə əsas məsələ də dünyadan imanla, kamil bir müsəlman kimi, ehsan şüuru ilə yaşayaraq köçməkdir.
ŞƏRHLƏR