"NİFAQ"

"NİFAQ"

Nifaq kəlməsi lüğətdə tunel açmaq mənasına gələn “nə-fə-qa” feilindən törəmişdir.

 Porsuğun düşmənlərini azdırmaq üçün torpağın altında müxtəlif tunellər (oyuqlar) açaraq birindən digərinə keçməsinə də nifaq deyilmişdir.

Termin mənası isə İslama bir qapıdan girib digər qapıdan çıxmaq, yəni iman etmiş kimi görünüb qəlbən inanmamaq mənasında işlənir. Qəlbində nifaq daşıyan, ikiüzlü, yerinə görə müxtəlif cildlərə girən qərarsız insanlara da münafiq deyilir. Bu tip insanlar haqqında Uca Allah belə buyurur: “Ya Rəsulum! ürəklərində inanmadıqları halda, dildə: “İnandıq” deyənlərin, yəhudilərdən yalana qulaq asanların, sənin hüzuruna gəlməyən başqa bir camaata qulaq asanların  küfr içində vurnuxanları səni kədərləndirməsin...” (əl-Maidə, 5/41)

Nifaqın qəlblə bağlılığını nəzərə alaraq deyə bilərik ki, hər münafiq etiqad baxımından riyakardır. Lakin  hər riyakar münafiq deyildir. Çünki nifaq qəlbdə olarsa küfr, əməldə olarsa günah sayılır.(Qurtubi, Cami VII, 212)  Bu baxımdan nifaq etiqadda və əməldə olmaqla iki yerə ayrılır.

Nifaq etiqadda olarsa, bu şəxs münafiq olmuş olar və axirətdə kafirlərdən daha çox əzab çəkəcəkdir. Çünki tarix boyu İslama və müsəlmanlara ən çox zərəri məhz münafiqlər vurmuşlar.

Əməldə nifaq isə imanla əlaqəsi olmayıb bəzi hərəkət və davranışların səbəb olduğu bir xislətdir. Məsələn, “Münafiqin əlaməti üçdür: danışanda yalan söylər, söz verib sözündən qaçar, ona bir şey əmanət ediləndə əmanətə xəyanət edər” (Buxari, İman 24) hədisində əməldəki nifaqdan bəhs olunur. Bu cür davranış və hərəkətlər günah olmaqla yanaşı, küfr deyildir, insanı dindən çıxarmaz. (Nəvəvi, Şərh, II, 46-48)

Münafiqlər daim toplum içərisində fəsad çıxararlar. Qurani-Kərimdə bu haqda belə buyurulur:

“Onlara: “Yer üzündə  fəsad törətməyin!”- dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir”, - deyə cavab verirlər. Bilin ki, onlar fəsad törədənlərdir, lakin dərk etmirlər. Onlara: “Başqaları iman gətirdikləri kimi siz də iman gətirin!” - deyildiyi zaman: “Biz də səfehlər kimi iman gətirək?” - deyə cavab verirlər. Agah olun ki, səfeh onların özləridir, lakin bilmirlər. Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də iman gətirdik”, - deyirlər. Halbuki öz şeytanları ilə (onları aldadan dostları ilə) təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq (möminlərə) istehza edirik”,- deyirlər.” (əl-Bəqərə 2/11-14)

Bir hədisi-şərifdə münafiqlər “iki sürü arasında o yana - bu yana çaşqın bir halda gedib-gələn qoynlara” bənzədilir. (Müslim, Münafiqin, 17) İman ilə küfr arasında çabalayan münafiqlər Qurani-Kərimin diqqət çəkdiyi kimi, bəzən də Allahı xatırlayırmış kimi davranırlar. Lakin Allaha oyun oynamağa çalışarlar və özlərini göstərərlər. Namaza da ərinərək qalxarlar. (ən-Nisa 142, 143) İnsanları Allah yolundan azdırmaq üçün yalan yerə and içərlər. (əl-Mücadilə 14, 16)

Peyğəmbərimiz (s.ə.s)  bu insanların qəlblərindəki nifaqa işarə edərək belə buyurur:

“Ey dili ilə müsəlman olub, qəlbinə iman girməmiş olanlar! Müsəlmanları incitməyin, onlarda eyib axtarmayın və onların qüsurlarını araşdırmayın. Şübhəsiz ki, hər kim müsəlmanların eybini araşdırarsa, Allah da onun eybini meydana çıxarar. Allah hər kimin eybini meydana çıxararsa, evinin içində belə olsa onu rəzil-rüsvay edər”. (Əbu Davud, Ədəb, 35; Tirmizi, Birr 85)

Münafiqlər İslam toplumu içərisində olmalarına görə əldə etdikləri mənfəətlərin axirət həyatında da davam etməsini istəyəcəklər. Lakin bunun mümkün olmayacağı Qurani-Kərimdə belə xəbər verilir:

“O gün münafiq kişi və qadınlar iman gətirənlərə: “(Bizi bir az) gözləyin ki, nurunuzdan bir qədər işıq alaq!” - deyəcəklər. (Onlara istehza ilə) belə cavab veriləcəkdir: “Geriyə dönüb işıq axtarın!” (Bu sözlərdən sonra) onların (möminlərlə münafiqlərin) arasına qapısının içəri tərəfində mərhəmət və bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir. (Münafiqlər divarın içəri tərəfində olan möminləri) səsləyib deyəcəklər: “Məgər biz (dünyada) sizinlə birlikdə deyildikmi?!” (Möminlər) belə cavab verəcəklər: “Bəli. Lakin siz özünüzü  fitnəyə saldınız, siz (möminlərin başına bir fəlakət gəlməsini) gözləyirdiniz və  şəkk edirdiniz. Allahın əmri gəlib çatanadək sizi xam xəyallar aldatdı. Sizi Allah barəsində o tovlayan (Şeytan) tovladı! Bu gün artıq nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz! Məskəniniz Cəhənnəmdir! Sizə yaraşan odur! Ora necə də pis sığınacaqdır!” (əl-Hədid, 13-15)

Unutmayaq ki, Allah Rəsulu (s.ə.s) münafiqliklə bağlı qiyamətə qədər davam edəcək çox mühüm bir xəbərdarlıq etmişdir:

“Axır zamanda bəzi insanlar meydana çıxacaq və dini dünyaya (dünya malına) alət edəcəklər. İnsanlara həlim görünmək üçün özlərini quzu kimi aparacaqlar. Dilləri şəkərdən şirin, ancaq qəlbləri qurd ürəklidir”. (Tirmizi, Zöhd, 60)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz