HAQQ DOSTLARINDAN HİKMƏTLƏR; Həzrət Mövlana q.s -6-
Mövlana həzrətləri buyurur:
“Qıldığın namaz sənə çobanlıq edər; səni pisliklərdən, canavarlardan qurtarar!”
Rəbbimizin əmr etdiyi bütün qulluq vəzifələri bizim üçün hüzur, fərəh və səadət vəsiləsidir. Haqq-Təalanın bizim namazımıza, ibadətimizə ehtiyacı yoxdur. Lakin biz namaz və digər ibadərlərlə Allah-Təalaya sığınmağa möhtacıq.
Çünki ibadətlər bir növ ruha verilən vitamin kimidir. Günahlara, haramlara, məkruhlara, bir sözlə, bizi Rəbbimizdən uzaqlaşdıran bütün mənəvi viruslara qarşı müqavimətimizi artıran mühafizə vasitəsidir.
Keçmişdə əhali düşmən hücumundan qorunmaq üçün möhkəm qalalara sığınırdı. Namaz da bizim üçün günahların boyunduruğuna, nəfs və şeytanın hücumlarına qarşı Rəbbimizin mühafizəsinə sığınma vəsiləsidir. Namazda bu mənəvi zirehi layiqincə geyinə bilənlər “Onlar namazlarında daimdirlər” (əl-Məaric, 23) ayeyi-kəriməsi gərəyi hər an Haqqa qulluq haləti-ruhiyyəsini davam etdirirlər. Beləcə, ilahi yardıma məzhər olaraq günah və üsyanlara qarşı mənəvi müqavimət qazanırlar.
Necə ki, Allah-Təala belə buyurur:
“Ey iman gətirənlər! Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin”. (əl-Bəqərə, 153) Namazla Allaha sığınmağın bərəkətinə dair bu hadisə nə qədər də ibrətlidir:
Həzrət İbrahim u ailəsi ilə birlikdə Misirə girərkən Fironun adamları gözəl qadın olduğu üçün Sara anamızı İbrahim u ilə Fironun sarayına apardılar. Sara anamız dərhal iki rükət hacət namazı qılaraq Fironun şərindən Allaha sığındı. Firon Sara anamıza yaxınlaşmaq istədiyi zaman onu qəribə qorxu hissi bürüdü, tir-tir əsməyə başladı və dərhal onun sərbəst buraxılmasını əmr etdi. Hətta Həcər anamızı da onlara hədiyyə edib bir an əvvəl yola salınmalarını istədi. Yəni Haqq-Təala Sara anamızı namaz vəsitəsi ilə Fironun şərindən qorumuşdur.
Xüsusilə günahların və fitnə-fəsadın artdığı axırzamanda namazla Allaha sığınıb Ondan yardım istəmək böyük əhəmiyyət kəsb edir. Biz də namaz başda olmaqla bütün ibadətlərin feyz və ruhaniyyəti içində yaşamağa çalışaq ki, - Allahın yardımı ilə - həm zamanın fitnəsindən qoruna bilək, həm də nəfsin ehtiraslarına və şeytanın vəsvəsələrinə qarşı müqavimət göstərə bilək.
Ayeyi-kərimədə belə buyurulur:
“…Namaz qıl! Həqiqətən, namaz (insanı) həyasızlıq və pis əməllərdən çəkindirər…” (əl-Ənkəbut, 45)
Yəni namazı layiqli şəkildə qılan bir insanda həyasızlıq və digər pisliklərin olmaması lazımdır. Namaz qıldığı halda günahlardan lazımınca çəkinməyən bir adamın qıldığı namazı gözdən keçirməsi şərtdir. Harada səhv bir əməli olduğuna baxıb nöqsanlarını düzəltməyə çalışmalıdır.
Tabeun nəslinin böyük imamlarından Əbu Aliyə belə deyir:
“Biz hədis almaq üçün bir adamın yanına getdiyimiz zaman onun namazı necə qıldığına baxardıq. Əgər namazını (tədili-ərkan və xüşu ilə) gözəl qılarsa, digər işləri də gözəldir, - deyərək yanında oturardıq. Yox, əgər namazını qəflətlə qılarsa, digər işləri də bu qədər laqeyd və tutarsızdır, - deyərək ondan uzaqlaşardıq”. (Darimi, Müqəddimə, 38/429)
Deməli, namaz bir növ insanın əxlaq gündəliyidir. Mənəvi şəxsiyyət və xarakterinin güzgüsüdür.
Mövlana həzrətləri buyurur:
“Ağlını başına topla, namazdan sadəcə zahirən yox, mənən də istifadə etməyə çalış. Dən yeyən quş kimi Allahın əzəmətindən xəbərsiz halda başını yerə qoyub qaldırma!.. Hz. Peyğəmbərin:
“Ən pis oğru namazından oğurlayandır” bəyanına qulaq as!..”
Allah-Təala əhəmiyyətinə görə Qurani-Kərimin 99 yerində “namaz”dan bəhs edir. Namazdan söz açarkən də sadəcə “صَلِّ” “Namaz qıl” buyurmaqla kifayətlənmir, “اَقِمِ الصَّلٰوةَ” “Namazı iqamə et” buyurur.
Namazı iqamə etməksə onun haqqını verməkdir. Yəni zahiri və batini şərtlərinə riayət edərək, qəlb və bədən ahəngi ilə, tədili-erkana riayətlə qılmaqdır.
Haqq-Təala namaza o qədər həssas yanaşmamızı istəyir ki, dəstəmaz alıb hazırlandıqdan sonra geyim-kecimimizin də səliqəli və təmiz olmasını əmr edərək belə buyurur:
“Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin…” (əl-Əraf, 31)
Həmçinin Allah-Təala qurtuluşa çatmağımız üçün namazı “xüşu” ilə qılmağımızı istəyir. Ayeyi-kərimədə buyurulur:
“Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər!”. (əl-Muminun, 1-2)
Bir nəfər Bəhaəddin Nəqşbənd həzrətlərindən namazda “xüşu” halını necə yaşaya biləcəyini soruşduqda belə buyurmuşdu:
“Dörd şeylə:
1. Halal loğma,
2. Dəstəmaz alarkən qəflətdən uzaq olmaq,
3. İlk təkbiri alarkən özünü ilahi hüzurda hiss etmək,
4. Namazdan kənarda da Allahı unutmamaq”.
Buradan anlayırıq ki, günahlardan qorunmaq üçün namazdan kənarda da Allah-Təala ilə qəlbən bərabər olmağa cəhd göstərmək şərtdir. Necə ki, ayeyi-kərimələrdə belə buyurulur:
“…Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!”. (ər-Rad, 28)
“Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin! Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!”. (əl-Həşr, 19)
Deməli, namazın içini doldurmaq, onun feyz və ruhaniyyətini təmin edə bilmək üçün bu kimi xüsuslara diqqət etmək lazımdır. Əks halda namaz qılınmış olsa da, bu, içiboş bir hərəkətlər məcmusundan başqa bir şey olmaz. Necə ki, Rəsulullah r belə buyurmuşdur:
“Bəndə namaz qılar, lakin namazının yarısı, üçdəbiri, dörddəbiri, beşdəbiri, yeddidəbiri, səkkizdəbiri, doqquzdabiri, hətta yalnız ondabiri dəftərinə yazılar”. (Əbu Davud, Salət, 123, 124)
Elə isə namazlarımızı da Rəsulullah r -in namazlarına bənzətməyə çalışmalıyıq. Çünki O r:
“Namazı məni necə görmüsünüzsə, elə qılın…” buyurmuşdur. (Buxari, Azan, 18)
Rəsulullahın bu təlimatı isə namazın sadəcə şəkil formasına məxsus deyil. Şəkildən əlavə Peyğəmbərimizin tədili-ərkanını və xüsusilə xüşu halını da nümunə götürməliyik.
Rəsulullah r buyurur:
“...Namaz xüşu (qorxu, ürpərti) hiss etmək, təvazökarlıq və təzəllül (Allah qatında zəlillik) göstərməkdir...” (Tirmizi, Salət, 166)
“Namaza qalxanda sanki son namazın kimi qıl!..” (İbn Macə, Zöhd, 15)
Səhabələrdən Abdullah bin Şihhir t Hz. Peyğəmbərin namazdakı halını belə təsvir edir:
“Bir dəfə Rəsulullahın yanına getmişdim. Namaz qılırdı. Ağladığı üçün sinəsindən qaynayan qazan səsi gəlirdi”. (Əbu Davud, Salət, 158)
Aişə anamız da belə buyurur:
“Rəsulullah r namaza durduğu zaman ürəyindən qazan qaynamasına bənzər səs eşidilirdi. Azan oxunduğu vaxt Allahın hüzuruna çıxacağı üçün ətrafındakıları tanımaz hala gəlirdi”. (Əbu Davud, Salət, 157; Nəsai, Səhv, 18)
Hz. Peyğəmbərin halını örnək alan müstəsna şəxsiyyətlərdən biri olan Hz. Ömər t sui-qəsdə uğramışdı. Qan itirdiyi üçün özündə deyildi, heç cür ayıla bilmirdi. Lakin namaz vaxtları girdikdə bir nəfər qulağına “Namaz, ya Ömər, namaz!”, - deyə səsləndikdə hamını təəccübləndirəcək iradə ilə ayılır və o halı ilə namazını əda edirdi. Sonra da:
“Namazı olmayanın İslamda yeri yoxdur!”, - deyib təkrar özündən gedirdi.
Hz. Əli t-ın da bir döyüşdə ayağına ox sancılmışdı. İztirabın şiddətindən oxu çıxarda bilmədilər. Hz. Əli t:
“Mən namaza qalxım, siz oxu çıxardın”,- dedi. Dediyi kimi etdilər və heç bri çətinlik çəkmədən asanlıqla çıxardılar. Hz. Əli salam verib:
- Nə etdiniz? – deyə soruşanda oradakılar:
- Çıxartdıq, - dedilər.
Deməli, namaz Hz. Əlini dünyadan təcrid edir, bədəni iztirablarını da unutdururdu.
Əlbəttə ki, namazdakı bu ruhani dərinlik bizim üçün ulduzlardakı ölçülər nisbətindədir. Biz bu mərtəbəyə çatmasaq da, onlara nə qədər yaxınlaşa bilsək, namazlarımızdan da o qədər istifadə etmiş olarıq.
Xülasə, Allah-Təala “…Səcdə et və yaxınlaş!” (əl-Əlaq, 19) buyuraraq özünə yaxınlığa vəsilə olacaq keyfiyyətdə namaz qılmağımızı əmr edir. Bir sözlə, namazda alnımızı səcdəyə qoyarkən, qəlbən də Allahın hüzurunda dua və yalvarış halında olmalıyıq. Bədənimizin qibləsi Kəbə olduğu kimi qəlbimizin də qibləsi Kəbənin Rəbbi olmalıdır. Biz Onu görə bilməsək də, Onun hər an bizi gördüyünü düşünərək, bu hissiyyatla namaz qılmağa çalışmalıyıq ki, namaz bizim üçün merac olsun…
Namazı iqamə üçün lazımi şərtlərdən biri də kişilərin namazlarını məsciddə camaatla qılmasıdır. Rəsulullah namazın camaatla qılınmasına o qədər əhəmiyyət göstərərdi ki, məscidə girdiyi zaman camaatda kimlərin olub-olmadığına diqqət edərdi. Hər hansı bir din qardaşını üç gün görməsə, mütləq onu soruşardı. Uzaqda isə dua edər, evində isə ziyarət edər, xəstə isə Allahdan şəfa diləyərdi.
Bu hadisə Hz. Peyğəmbərin camaatla namaza verdiyi əhəmiyyəti ifadə etmək üçün nə qədər də ibrətlidir:
Gözləri görməyən Abdullah bin Ümmi Məktum t bir gün Hz. Peyğəmbərə:
- Ya Rəsulallah, Mədinədə zəhərli həşəratlar və yırtıcı heyvanlar çoxdur. (Onların mənə zərər verməsindən qorxuram, camaatla namaza gəlməyib evdə qılmağıma izin varmı?)”, - dedi.
Rəsulullah r:
- “Hayyə aləs-saləh və hayyə aləl-fələhi eşidirsənmi? Eşidirsənsə, ləngimə, məscidə gəl!” - buyurdu. (Əbu Davud, Salət, 46/553)
Nə qədər ibrətlidir ki, gözləri görməyən, məscidə aparıb-gətirəcək adamı olmayan, zəhərli həşəratların təhlükəsi ilə qarşı-qarşıya olan bir səhabəyə belə bu nəbəvi təlimat verilmişdi. Elə isə heç bir ciddi səbəb olmadan camaat namazına gəlməməyin nə qədər dəhşətli qəflət və zərər olduğunu düşünməliyik.
Həmçinin namaz bəhsində ən çox diqqət etməli olduğumuz xüsuslardan biri də budur ki, dinin dirəyi olan bu mühüm ibadəti uşaqlarımıza da aşılaya bilməliyik. “Ağac yaş ikən əyilər” sözünü əsas alaraq uşaqlarımızı kiçik yaşlarından etibarən namaza alışdırmalı, onları məscidlərə aparmalı, hədiyyələrlə ibadətə təşviq etməli, namazın qiymət və əhəmiyyətini sevdirərək öyrətməliyik. Bu işdə əsla səhlənkarlıq göstərməməliyik.
Unutmamalıyıq ki, uşaqlar cənnətə layiq saflıqla dünyaya gələrlər. Lakin ata-analar onların mənəvi tərbiyələrində zəiflik göstərərlərsə, - Allah qorusun – o cənnət bülbüllərini yanlış istiqamətə uçurarlar…
Allah-Təala namaza ciddi yanaşmayıb onu qəflətlə qılanlara belə “Vay o kəslərin halına” deyirsə, gör namaz qılmamaq nə qədər dəhşətli bir haldır.
Ayeyi-kərimələrdə buyurulduğu kimi, cənnət əhli uzaqdan cəhənnəmə girənlərdən soruşar:
“Sizi Səqərə (Cəhənnəmə) salan nədir? Onlar deyəcəklər: Biz namaz qılanlardan deyildik”. (əl-Muddəssir, 42-43)
Mövlana həzrətləri buyurur:
“Qəlbi və halı bir olmayan adamın yüz dili də olsa, yenə dilsiz sayılar”.
Sözü ilə əməli bir olmayan, dediklərini yaşamayan bir adamın şəxsiyyət və xarakterinə etibar olmaz. Çünki sözləri ilə əməlləri bir-birini tutmayan, ağzından çıxanları əxlaq, müamilə və davranışları ilə təsdiq etməyən kəslərin ifadələri içiboş iddiadan ibarətdir.
Necə ki, Rəbbimiz ayeyi-kərimədə bu haldan uzaq durmamıza xəbərdarlıq edərək belə buyurur:
“Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar”. (əs-Saf, 2-3)
Allah-Təala Cumuə surəsində də Tövratı oxuyub əməl etməyən, yəni Allahın hökmlərini bildikləri halda ona tabe olmayan Bəni-İsrail alimlərini kitab yüklü eşşəklərə bənzədir.
Hz. Əbu Bəkr t-ın buyurduğu kimi:
“Allah, bəndəsinin əməlsiz sözündən razı qalmaz”.
Deməli, hal və davranışlarımızla arxasında durmadığımız sözlərimizin qəlblərdə müsbət təsir oyatmasını gözləmək əbəs olar. Bilməliyik ki, yalnız qəlbdən gələn səmimi ifadələr qəlblərə yol tapar. Bunun əksinə, qəlb qafil ikən dilin səmimiyyətsiz halda tələffüz etdiyi sözlər yalnız dinləyənin bir qulağından girib digərindən çıxar, qəlbinə nüfuz etməz.
Əshabi-kiram bu xüsusda o qədər həssas idi ki, bir hədis öyrənmək üçün uzun yol qət etdikdən sonra yanına getdikləri adamın atını boş yem torbası ilə aldadaraq çağırdığını görüb bunu ona yaraşdırmayaraq hədis nəql etməsini rəva bilməzdi.
Xülasə, səmimiyyət, doğruluq, sədaqət və etibar möminin hər bir halını və hərəkətini tənzimləməlidir. Necə ki, təsəvvüfün qayəsi də sözü ilə əməli bir, kamil və xarakterli bir mömin şəxsiyyəti inşa etməkdir. Qəlblə bədən ahəngini qurmaqdır. Mövlana həzrətlərinin ifadəsi ilə “ya olduğu kimi görünmək, ya da göründüyü kimi olmaq”dır.
Digər tərəfdən, səmimiyyətsiz və yalan bəyanlar mütləq bir yerdə üzə çıxar, fərasət sahibləri tərəfindən ayan olar.
Məsələn, Həzrət Yusuf u-ı quyuya atan qardaşları “Yusufu qurd yedi”, - deyərək onun qanlı köynəyini ataları Həzrət Yaqub u-a göstərdikləri vaxt o səbri-cəmil abidəsi:
“Necə də mərhəmətli qurddur. Qardaşınızı parçalayıb yeyib, amma köynəyini cırmayıb”, - deyir. Yəni elə ilk andaca onların bəyanlarının həqiqəti əks etdirmədiyini üzlərinə vurur.
Çünki sirət surətə əks edər. Yəni insanın daxili zahirinə vurar. Hər insan dili qədər üz-gözü, siması, üst-başı, hal və davranışları ilə də öz halını bəyan edir. Üzün gərginliyi və ya mülayimliyi, səs tonuna əks edən narahatlıq və ya rahatlıq kimi bir çox vəsfi ilə hər kəsin başqa bir dili də var ki, buna “hal dili” deyilir. İnsan sükut etsə də hal dili ilə çox şeyi ifadə edə bilər. Hətta çox vaxt hal dili ilə ifadə etdikləri dili ilə söylədiklərindən daha təsirli olar.
Mövlana həzrətləri buyurur:
“Hal ilə öyüd verən qal ilə (sözlə) nəsihət edəndən daha xeyirlidir”.
Hz. Peyğəmbər r İslamı təbliğə başladığı andan etibarən ilahi əmr və qadağalara hamıdan çox özü riayət edərək haqqın və xeyrin, İslam şəxsiyyət və xarakterinin canlı nümuməsi olmuşdur. Yəni söylədiklərini əvvəlcə özü həyata tətbiq edərək insanlığa feli ölçü və misilsiz örnək şəxsiyyət olmuşdur.
Ona görə də insanlara haqqı, xeyri və yaxşılığı tövsiyə edib onları batildən, şərdən və pis əməllərdən çəkindirənlərin ilk növbədə özlərinin istiqamət üzrə olmaları vacibdir. Çünki boş bardaqla ikram olmaz.
Əcdadımız Osmanlı fəth etdiyi yerlərə daim Anadolunun təmiz xalqını yerləşdirmişdir ki, qeyri-müsəlman rəiyyət İslam əxlaqının gözəlliklərini onların hal və davranılarında şəxsən müşahidə etsinlər. Həqiqətən I Murad xan Kosovanı fəth etdikdən sonra onun ardından gələnlər Anadolunun fəzilətli insanlarını ora yerləşdirmişlər. Onların nümunəvi yaşayışına heyran olan albanların yüzdə doxsanı müsəlman olmuşdur. Həmçinin Fateh Sultan Mehmed xan da İstanbulu fəth etdikdən sonra Bosniyanı fəth etmiş, həmin əraziyə könül əhli olan Anadolu xalqını məskunlaşdırmışdır. Bunun da nəticəsində onların İslamı yaşayışında sərgilənən islami gözəllikləri görən boşnakların hamısı könüllü surətdə bu dini qəbul etmiş, hidayətlə şərəflənmişlər.
Xülasə, təbliğ, irşad, əmri bil-məruf, nəhyi anil-münkər xidmətlərinin həm sözlə, həm də əməllə edilməsi zəruridir.
Bu da bir həqiqətdir ki, yaşayışında İslam şəxsiyyət və xarakterinin canlı misalları müşahidə olunan nümunəvi bir möminin azacıq nəsihəti belə təsirinə görə ən təmtəraqlı sözlərdən daha güclüdür. Bunun əksinə, dedikləri ilə əməli bir-birini tamamlamayan bir adam ən bəlağətli ifadələrdən istifadə etsə də, qəlblərdə müsbət təsir oyatması mümkün deyil.
Ziya Paşa “Ayinəsi işdir kişinin, lafa baxılmaz”, - deyir.
Allah-Təala hər birimizə sözü ilə əməli bir olan, hal və davranışları ilə imanını təsdiq halında yaşayan, möminlərin hüsn-rəğbətlə qarşıladığı saleh və sadiq qullarından olmağı nəsib etsin.
Amin!..
ŞƏRHLƏR