XƏSTƏ ZİYARƏTİ

XƏSTƏ ZİYARƏTİ

Dinimiz sosial yardımlaşmaya böyük əhəmiyyət verir. Xəstəyə baş çəkmək də bu yardımlaşmanın bir hissəsidir. Axı üzüntü və kədər mənbəyi olan xəstəlik bəşər övladına hər yaşında mübtəla ola bilər. Belə vəziyyətdə insan yaxınlarını, dostlarını və qohumlarını yanında görmək, onların şirin söz və köməyi ilə təsəlli tapmaq istəyər. Hətta sağlığında itirib-axtarmadığı insanların belə, onu ziyarət edib əhvalını soruşmasını gözləyər. Bu mənada xəstə onu yoluxmağa gələnlər sayəsində özünü tək, ölüm qarşısında biçarə hiss etmir, ağrıları yüngülləşir, əhvali-ruhiyyəsi yaxşılaşır. Elə xəstəni ziyarət etməkdən məqsəd də xəstəyə onun tək olmadığını göstərmək, onda yaşamağa olan ümidi və həyat sevgisini artırmaqdır.

Uca Allah Yer üzünə göndərdiyi bir çox peyğəmbəri məhz xəstəliklə imtahan etmişdir. Onlar Uca Yaradanın nəzərində çəkildikləri imtahanlara səbir və dözüm göstərdikləri üçün seçilmiş bəndələrdən olmuşlar. Deməli, həmin imtahanlar adi bəndələrdən də yan keçməyəcəkdir. Odur ki, Uca Allah bəndələrini bəzən müxtəlif şəkillərdə sınayır və bu sınaqdan üzüağ çıxanları mükafatlandırır. Necə ki, Qurani-Kərimin “Bəqərə” surəsinin 155-ci ayəsində buyurulur:

 “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsuldan azaltmaqla imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!”

 Çətinlik və sıxıntılar bəşər övladını üzməməli, onu mübarizə apardığı yoldan çəkindirməməlidir. İnsan dərk etməlidir ki, xəstə olmaq nə qədər çətin və ağrılı olsa da, ona səbir etməklə əldə edəcəyi mükafat daha ali və dəyərli olacaqdır. Allah-Təalaya yaxın olan insanların həyatlarına nəzər saldığımız zaman da məlum olur ki, həqiqətən də, səbir edənlər böyük əcrə nail olurlar. Məsələn, ağır xəstəliyinə və başına gələn digər bəlalara səbir etməsinin nəticəsində Uca Allah Əyyub peyğəmbəri (ə.s) uca məqam sahibi edib böyük mükafata layiq görmüşdür.

Uca Allah digər peyğəmbəri Həzrət İbrahimin (ə.s) dili ilə çatdırır ki, xəstələnmiş insana ən sonda şəfa verəcək olan da yenə Rəbbidir. “Şuəra” surəsinin 80-ci ayəsində İbrahim peyğəmbərin dili ilə belə buyurulur:

“Xəstələndiyim zaman mənə yalnız O şəfa verir”.

Həzrət İbrahim (ə.s) qövmünə tövhidi təbliğ edərək bütlərdən, yalançı ilahlardan şəfa ummağın əbəs olduğunu bildirmiş, Rəbbini yad edərək şəfa verənin yalnız Uca Allah olduğunu xatırlatmışdır.

Xəstə ziyarəti zamanı xəstənin ürəyi istəyən şeyləri ona hədiyyə etmək ziyarət ədəblərindəndir. O cümlədən, xəstəyə Allahdan şəfa, sağlamlıq diləmək, səbirli olmağı və dözməyi tövsiyə etmək, yaxşılaşacağını və xəstəliyinin günahlarına kəffarə olacağını söyləmək, israr etməzsə, yanında çox oturmamaq da ədəb qaydalarındandır. Ziyarət zamanı xəstənin yanında “Fatihə”, “İxlas” və ya “Nas” surələrini oxumaq olar. Yaşamasından ümid kəsilən xəstəyə isə kəlmeyi-tövhid təlqin etmək, ona gözəl sözlər deyib könlünü xoş etmək lazımdır. Onsuz da, Allahın hökmünü dəyişmək mümkün deyildir. Eləcə də, xəstəyə baş çəkməklə kifayətlənməmək, tez-tez vəziyyətini yaxınlarından soruşmaq bəyənilən əməllərdəndir.

İnsanın başına yaxşı və pis hallar gələ bilər. Möminin vəzifəsi bunlardan dərs çıxartmaq, baş verəcək problemlərə qarşı ehtiyat tədbirlərini lazımınca görmək, əlində olmayanlara da səbirlə, mətanətlə dözməkdir. Belə hallar qarşısında nalayiq ifadələr işlətmək Allah-Təalanın bəyənmədiyi əməllərdəndir. Xəstə yatan şəxs onu ziyarətə gələnlərə şikayətlənməməli, təmkinli davranmalıdır. Qəhərlənmək, fəryad etmək, ölüm arzulamaq doğru deyildir. Çünki ölümün nə vaxt gələcəyi yalnız Allaha bəllidir.

Xəstə öz xəstəliyini nə gizlətməli, nə də şişirtməlidir. O, şəfa verməsi üçün səmimi-qəlbdən Allaha dua etməli, sağalması üçün müalicə yolları axtarmalı və ümidsizliyə qapılmamalıdır. Bu barədə keçən hədislərdən birində buyurulur ki, bir gün Həzrət Peyğəmbər (s.ə.s) Ümmü Saib adlı bir qadına baş çəkmişdi. Qadın xəstəliyin təsirindən titrəyirdi. Rəsulullah (s.ə.s) ona: “Ey Ümmü Saib! Sənə nə olub, niyə titrəyirsən?” - deyə soruşdu. Qadın: “Qızdırmam var, Allah onu bərəkətsiz eləsin!” - deyə cavab verəndə Peyğəmbər (s.ə.s) belə buyurdu: “Qızdırmaya söymə! Çünki necə ki, körüyün yandırdığı od dəmirin pasını aparır, eləcə də bu (xəstəlik) bəşər övladının xətalarını silib aparır”. Beləcə, Həzrət Peyğəmbər (s.ə.s) həm xəstəni təsəlli etmiş, həm də xəstəliyə qarşı dözməyin böyük savab olduğunu ifadə etmiş oldu.

Xəstəlik də daxil, insanın başına gələn bəla və çətinliklər onu ümidsizliyə və Uca Yaradana qarşı asi olmağa sövq etməməlidir. Xəstəni ziyarət edən şəxslər bu cür ab-havanın yaranmaması üçün xüsusilə diqqət etməli, xəstənin əvhalını yüksək tutmağa səy göstərməlidir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz