SUFİ ŞAMİL

SUFİ ŞAMİL

XIX əsrdə Şirvan bölgəsindəki Şamaxı xanlığına bağlı Bölükət mahalının Kürdəmir qəsəbəsində dünyaya gələn İsmail Siracəddin Kürdəmiri 1817-ci ildə Mövlana Xalid Bağdadidən (ö. 1242/1827) icazət alaraq Şirvana qayıtmış və Nəqşbəndi-Xalidi mürşidi olaraq təriqəti yaymağa başlamışdı. Kürdəmiriyə intisab edənlər arasında Dağıstandan Molla Muhamməd Yəraği və Cəmaləddin Qaziqumuxi də vardı.

 İslami elmləri uşaq yaşda öyrənməyə başlayan Şamil hələ on iki yaşında Şeyx Cəmaləddinin dərslərinə qatılmış və 27 yaşına gəldiyi zaman 1823-1824-cü illərdə Şeyx Cəmaləddin vasitəsi ilə Nəqşbəndiliyin Xalidiyyə qoluna intisab edərək onun müridi olmuşdur. Eyni illərdə şeyxinin tövsiyəsi ilə Molla Muhamməd Yərağini ziyarət edən Şamil təriqəti bir də ondan alaraq sufiliyi tərcih etmişdir.

Bu ziyarətdən sonra Şamil bir Nəqşbəndi müridi kimi öz yurdu Gimriyə qayıdaraq həm təriqəti yaymağa, həm də mənəvi təhsili ilə məşğul olmağa başlamışdır. Altı il Qunibdə qalan Şamil tez-tez Qaziqumuxdakı Şeyx Cəmaləddini ziyarət edərək onun mənəvi tərbiyəsini almış, bu müddət ərzində təriqət dərslərinə davam etmişdir. Təsəvvüfə intisab etdikdən sonra Şamil yaxın dostu və ilk müəllimi Qazi Muhammədlə birlikdə Gimridə öz pulları ilə satın aldıqları bir təpədə hücrələr düzəltmiş və xəlvətə çəkilərək bir müddət heç kimlə görüşməmişdilər. Şamil və Qazi Muhamməd xəlvətdə ikən mürşidləri Yəraği və Şeyx Cəmaləddin bir qrup müridi ilə birlikdə onları ziyarət etməyə gəlmiş və görüşmək üçün icazə istəmişdilər. Şamil xəlvətdən çıxsa da, Qazi Muhamməd “icazə yoxdur” deyərək ilk əvvəl çıxmağı qəbul etməmiş, bir müddət sonra o da şeyxi ilə görüşmək üçün hücrədən çıxmışdır. Qazi Muhamməd çıxdığı zaman Molla Muhamməd Yəraği anidən huşunu itirmiş, ayıldıqdan sonra Qazi Muhammədin yanında Hz. Peyğəmbəri gördüyünü və bu səbəbdən heyrət və həyəcana qərq olaraq özündən getdiyini demişdir.

1832-ci ildə Qazi Muhammədin şəhid edildiyi döyüşdən Şamil ağır yaralı halda xilas olaraq yaxın dostları tərəfindən 25 gün bir mağarada gizli saxlanmış, burada müalicə olunmuşdur. Bu hadisədən təxminən üç ay sonra sağlamlığına qovuşan və evinə qayıdan Şamil vaxt itirmədən həmin dövrdə Balakən rayonunda yaşamaqda olan mürşidi Yərağini ziyarət etmiş və ramazan ayının bir hissəsini onun yanında keçirmişdir. Molla Muhamməd Yəraği Şamilin imamətinin dördüncü ilində vəfat etmiş və yerinə Şeyx Cəmaləddini xəlifə təyin etmişdir. Şeyx Cəmaləddin Şamilin ruslara təslim olduğu 1859-cu ilə qədər Şamilin hər daim yanında olmuş və onu qızı ilə evləndirmişdir.

Nəqşbəndiliyin Azərbaycanda davam edən digər bir qolu olan Car-Balakən qoluna müntəsib sufilər də Şeyx Şamilə hörmət bəsləyərək onun dəvətinə müsbət cavab vermişlər. Tarixdə “Car-Balakən İcması” kimi bilinən bölgədən Xəlil əl-Ciniği, Hacı Yusif əl-Xınovi (ö. 1276/1859), Hacı İsmail Suvagili (ö. 1302/1884) və Hacı Hamzat Əfəndi (ö. 1308/1890) kimi önəmli sufilər Şamilə qoşularaq Müridizm hərəkətinə dəstək vermişlər. Azərbaycanda Nəqşbəndiliyin ən mühüm simalarından Almalılı Mahmud Əfəndi də (ö. 1294/1876) o vaxt yanında katib kimi işlədiyi İlisu xanı Danyal bəy ilə birlikdə Şamilə dəstək vermiş və döyüşlərdə yaralanmışdır.

Şamil 1859-cu ildə təslim olduqdan on il sonra Osmanlı dövləti yoluyla getdiyi Hicazda Əhməd ər-Rüfai (ö. 578/1182) və övladlarına ayrılan dərgahda Rüfai müridləri tərəfindən qonaq edilmişdir. O, Hicazda qaldığı müddət ərzində Şama gedərək İbn Ərəbi və Mövlana Xalid Bağdadinin qəbirlərini, daha sonra Bağdada gedərək Əbdülqadir Gilaninin qəbrini ziyarət etmişdir.

Quran və sünnə iqlimində inkişaf edən Nəqşbəndilik Şamilin şəriət-təriqət vəhdətini təmin edə bildiyi və bunu müstəqillik yolunda feli hərəkata çevirə bildiyi yeganə təsəvvüf ekolu olmuşdur. Şamilin hər hansı bir qafqazlıdan seçilməyən həyat tərzi, zahid yaşayışı və bərbəzəyə həvəs göstərməməsi sufilər daxil geniş bir xalq kütləsini təsiri altına almışdır. Bundan başqa, Şamilin məktublarında özünü “əl-Fakir, əl-Miskin” kimi təsəvvüfi mənada sufiləri və onların hallarını anladan terminlərlə ifadə etməsi də onun təsəvvüfi tərbiyə sahibi olduğuna işarə etməkdədir.

Alkadari Şamilin Nəqşbəndi təriqətinin zikrlərini icra etdiyini, xəfi zikr təlimini mənimsədiyini, şəriət qaydalarını təsis etdikdən sonra Nəqşbəndi təriqətinin nizamlı və qaydalara uyğun olaraq davam etdirilməsi üçün səy göstərdiyini rəvayət edərək onun şəriət ilə təriqəti birləşdirdiyindən bəhs etmişdir. Bəzi şeirlərində onun təriqət əhlini ibadətləri ən təmiz şəkildə edənlər və şəriəti qoruyanlar olaraq vəsf etdiyini görməkdəyik. Şeyx Şamil Nəqşbəndiliyin şəriət mövzusundakı həssas yanaşmasından təsirlənmiş, içində yaşadığı toplumun inşasında Nəqşi ədəb və təlimlərdən dəstək almışdır. Şamil və ondan əvvəlki imamların bütün Qafqaz xalqlarını Quran və sünnə ətrafında toplama fikri fərqli müsəlman cəmiyyətləri arasında mühüm bir qardaşlıq bağı və ixvan həmrəyliyi meydana gətirərək aralarında sərhəd qoymalarına mane olan Nəqşbəndilik sayəsində irəliləyiş əldə etmişdir.[1]


[1] Məqalənin əsli üçün bax. https://dergipark.org.tr/tr/download/article-file/1256099

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz