MƏRİFƏT ƏSİNTİLƏRİ
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Allah (c.c) göyləri və yeri haqq-ədalətlə və hər kəsin qazandığı nə isə onun müqabilində əvəz (qarşılıq) görməsi üçün yaratmışdır. (Əməl sahiblərinə) heç bir haqsızlıq edilməyəcəkdir. (Yaxşı əməl sahibi mükafata, pis əməl sahibi də cəzaya layiq görüləcəkdir)”. (əl-Casiyə, 22)
Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
İlahi qüdrətin nəfəs verdiyi, həyat bəxş etdiyi canlı və cansız görünən hər bir əsər insan övladına Rəbbini sonsuz bir mərifət eşqi ilə tanıdan və ucalığını tərənnüm edən möcüzəvi bir hidayət ruhu daşımaqdadır. Rəbbimizin onunla böyük bir bərabərlik səadətini yaşayanları xüsusi bir ərməğanı olan dərin bir mərifət ruhu ilə dəstəkləməsi ilahi muradı anlamağa və onu yaşamağa yardım edən, qulluq həyəcanını sevimli bir ehtiyac halına gətirən rəhmət nişanəsidir. Bu sonsuz hikmət və mükəmməllik aləmində Rəbbimizin xüsusi sirri olan insan övladı öz üzərinə qoyulan bu mötəbər vəzifəyə verdiyi önəm qədər aləmlərin yeganə sahibini anlama və ona sadiq qul olma yarışında məqam və söz sahibi ola bilər. “Sizin yaradılışınızda və (Allahın) yer üzünə yayıb səpələdiyi canlılarda tam yəqinliklə inananlar üçün (Allahın birliyinə, qüdrət və əzəmətinə dəlalət edən) əlamətlər vardır” (əl-Casiyə, 4) - deyə buyuran Rəbbimizin bu şəkildə imtahana tabe tutulanları əzəməti haqqında xəbərdar etməsi qulluq şəhadətnaməsi daşıyan hər bir varlığı Haqqa yaxınlaşdıran bərəkət çağırışıdır. Bənzərsiz mərifət nuru ilə əhatələnmiş bu aləmdə hikmət təcəllilərinin ərsəyə gətirdiyi hər bir hadisə insan övladının mükəmməl bir təqva ədəbi ilə yetişməsinə qol-qanad verən hidayət vəsiləsidir.
Kainatı min bir hikmət təcəlliləri ilə arifanə və mahiranə bir həssaslıq müstəvisində idarə edən Rəbbimizin mükəmməl bir qüdrət sahibi olduğunu fikrindən heç bir zaman çıxartmayan Hz. Süleyman əleyhissalam ilahi təqdirlə qarşısına gələn bir qarışqadan bir illik azuqəsinin miqdarını öyrənməyə qərar verir və bunu ondan soruşur. Qarışqa da: “İl ərzində bircə ədəd buğda dənəsi mənə kifayət edir” cavabını verir. Cavabın doğruluğunu yoxlamaq istəyən peyğəmbər qarışqanı bir illik buğda dənəsi azuqəsi ilə nəfəsliyi olan şüşə qaba yerləşdirir. İl tamam olunca şüşə qabı gətirdir və baxır ki, qarışqa il ərzində buğda dənəsinin yalnız yarısını yemişdir. Qarışqaya buğda dənəsinin niyə yarısını yediyini sual edən peyğəmbər bu mötəbər varlığın görünməmiş mərifət və zəka əlamətləri daşıyan cavabı qarşısında heyrət içində qalır: “Ey Rəbbimin seçkin qulu! Sənin təklifindən öncə mənim ruzimi şanı uca olan Allah (c.c) verirdi. O Allah (c.c) ki, gecə və gündüzün bir-birinin ardınca gəlib getməsində, ruzi verməsi üçün göylərdən yağmur yağdırmasında, bununla yeri ölümündən sonra diriltməsində, küləkləri yönəltməsində ağılla düşünən hər varlıq üçün Onun (Rəbbimizin) hər şeyə qadir olmasını sübut edən dəlillər vardır. O Allah (c.c) ki, göylərdə və yerdə nə varsa hamısı Onundur. Güldürən də Odur, ağladan da. Öldürən də Odur, dirildən də. Varlıqları erkək və dişi olaraq yaradan da Odur. Mən də bu əzəmətin bənzərsiz sahibinə yönələrək səmimi şükran duyğuları ilə mənə ehsan etdiyi bir illik ruzimi iştahla zamanına uyğun yeyərdim. Çünki Rəbbim məni əsla unutmaz və ruzisiz qoymazdı. Fəqət sən bu işi öz üzərinə alınca güvənə bilmədim, o üzdən də buğda dənəsinin yarısını o biri il üçün saxlamağa qərar verdim”.
Kainatdakı hər bir varlıq, hər bir zərrə bu şəkildə insan övladına Rəbbini ehtişamlı bir mərifətlə tanıma və Ona layiqli bir qul olma mədəniyyətini təbliğ etmə yarışındadır. Lakin etiraf etməliyik ki, bu qədər sayı-hesabı olmayan dəvət rəngarəngliyində insan övladının qəlbini tam mənada əmin edəcək, onu mərifətin əsli ilə tanış edəcək kimsə Rəbbini tanıma və ona eşqlə bağlanma yarışında Ona vasil olmuş bir Allah dostu, peyğəmbər varisi ola bilər. Mərifətə nail olma sənətini ümmətə təbliğ edən Abdulqadir Gilani həzrətləri bu incə məqamı belə açıqlayır:
“Övladım! Allah (c.c) qullarının əli ilə sənə hər şeyi göndərir. Əgər zərər də gələcəksə yenə onların əli ilə gəlir. Hər şeyi əmrində saxlayan, qəlblərə yumşaqlıq verən sənin Rəbbindir. Qəlbləri qaraldan da Odur. Alan da, verən də, dirildən də, əziz edən də, zəlil edən də, xəstə edən də, şəfa verən də, doyduran da, ac qoyan da, geydirən də, üryan edən də, ehsan edən də sənin Rəbbindir!”.
ŞƏRHLƏR