ERMƏNİ VANDALİZMİ

ERMƏNİ VANDALİZMİ

Erməni vandalizmi dediyimiz zaman ilk yadımıza düşən hadisə 31 mart soyqırımı və Xocalı faciəsi olur. Əslində üzücü hadisələr  hələ XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Çar Rusiyası tərəfindən işğal edilməsi ilə başlamışdı. Belə ki, bu bölgəyə ermənilərin köçürülməsindən sonra ard-arda azərbaycanlıların deportasiyası və soyqırımı faciələri yaşandı. Gəlmə ermənilər azərbaycanlılara məxsus ərazilərdə məskunlaşdıqdan sonra onlara aid maddi-mənəvi mədəniyyət nümunələrini məhv etməklə izlərini silməyə çalışdılar.  Bu mümkün olmadıqda isə həmin abidələrin “qədim ermənilərə” aid olmaları barədə saxta tarix yazaraq dünya ictimaiyyətini aldatmağa başladılar.

Tarixdə ilk erməni dövləti 1918-ci ildə keçmiş İrəvan xanlığının ərazisində yaradılmışdır. Bundan sonrakı illərdə başqa ölkələrdən Qarabağ xanlığının ərazisinə köçürülən ermənilərə süni surətdə muxtariyyət hüququ verilməklə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Sovet hakimiyyəti dövründə aparılan siyasət nəticəsində Qarabağ və ətraf bölgələrdə yaşayan azərbaycanlılar daim təzyiq altında qalmış, zaman-zaman köç etməyə məcbur edilmişdir.

1988-ci ilin əvvəllərində rəsmi Moskvanın köməyi ilə separatçı-terrorçu qruplar Qarabağı Azərbaycandan ayırmaq üçün silahlı münaqişəyə başladılar. Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü iki ölkə arasında müharibəyə gətirib çıxartdı. Ermənistan onu himayə edən dövlətlərin birbaşa hərbi yardımı nəticəsində Dağlıq Qarabağ Muxtar Vilayətini və onun ətrafındakı yeddi rayonu işğal etdi. Bu işğal mənfur qonşularımızın iç üzünü və qəddar siyasətini daha açıq müşahidə etməyimizlə nəticələndi. Bu zaman 20 min nəfərdən artıq dinc sakin və əsgərimiz həlak olmuş, beş minə yaxın vətəndaşımız itkin və əsir düşmüş, bir milyondan çox  vətəndaşımız öz yurd-yuvasını tərk etməyə məcbur olmuşdur.

Yaşanan bu qətliamlar arasında 1992-ci ilin 26 fevralında, soyuq qış gecəsində yaşanan Xocalı faciəsi düşmənin xüsusi qəddarlığı, silahsız insanlara qarşı amansızlığı ilə bütün xalqımızı dərin hüznə qərq etdi. Gün keçdikcə bölgədə şiddətlənən düşmən zülmü qarşısında insanlar öz doğma yurdlarını, ev-eşiklərini qoyaraq tamamilə çarəsiz vəziyyətdə didərgin düşdülər və illərlə çadır şəhərciklərində, yardıma möhtac vəziyyətdə yaşadılar. Düzdür, dövlətimiz hər zaman onların qayğısına qaldı, ehtiyaclarını təmin etdi. Lakin doğma evin, doğma yurd-yuvanın əvəzini heç nə verə bilməzdi.

Bundan daha dəhşətlisi də o idi ki, ermənilər işğal etdikləri ərazidəki bütün tikililəri məhv edir, od vurub yandırırdılar. (Qırx dörd günlük Vətən müharibəsi zəfəri sonrasında daha yaxından gördüyümüz kimi, əvvəlki kəndlərimizdə, şəhərlərimizdə evlərin damları dağıdılaraq məhv edilmiş, divarları uçurulmuş, yolları kol-kos basmış, hər tərəf viran qalmışdı.)

Erməni vandalizminin bir hədəfi də xalqımızın mənəvi abidələri olan məscidlər olmuşdur. Yüzlərlə məscid məhv edilmiş, hətta bununla da qalmayaraq bir çoxunu tövləyə çevirmiş, içində donuz saxlamışdılar. Bu da mənfur düşmənin nə qədər alçaq, mənəviyyatsız bir məqsədə qulluq etdiyini göstərirdi. Məscid və türbələrdən savayı, Ermənistanın hərbi təcavüzü nəticəsində qəbiristanlıqlar, Alban məbədləri, tarixi qala divarları, Qarabağ xanlarının iqamətgahları, Xurşidbanu Natəvanın ev muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, yüzlərlə tarixi-memarlıq və təbiət abidələri talan edilmiş, böyük zərər görmüşdür.

Nəhayət, zülmə məruz qalmış günahsız qocaların, göz yaşlarına boğulan çarəsiz körpə balaların fəryadı, göyləri inlədən ah-naləsi cavabsız qalmadı. Vətən müharibəsindəki şanlı zəfərimizlə Xocalıda, Şuşada, Ağdamda və işğala məruz qalmış bütün bölgələrimizdə şəhid düşən qardaşlarımızın qisası alındı. Ali Baş Komandanımızın rəhbərliyi altında qəhrəman ordumuz bu işğala son qoydu və təcavüzkar düşmən öz layiqli cavabını alaraq torpaqlarımızdan geri çəkildi. Biz bu şərəfli anı və yaşadığımız acı günləri heç vaxt unutmamalı və tarixi həqiqətləri gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq.  

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz