MÜSAHİBƏ - ŞAHALI CƏLİLOV

MÜSAHİBƏ - ŞAHALI CƏLİLOV

Şahalı Cəlilov Azərbaycanın Şamaxı rayonunda anadan olub. Orta məktəb təhsilinə 2000-ci ildə Şamaxı rayon Qalaybuğurd kənd orta məktəbində başlayıb. 2011-ci ildə həmin məktəbi bitirərək Bakı İslam Universitetinə daxil olub. Ali təhsilini bitirdikdən sonra  Əziz Mahmud Hüdayi vəqfi və İstanbul Zaim Universitetinin birgə layihəsi olan Sosial Girişimçilik Akademiyasını bitirib. Hal-hazırda Gəncliyə Yardım Fondunun Təhsil şöbəsində işləyir.

İrfan: Gəncliyə Yardım Fondunun ümumi fəaliyyət sahəsi haqda nə deyə bilərsiniz?

Ş.Cəlilov: Gəncliyə Yardım Fondu 10 noyabr 1992-ci il tarixində fəaliyyətə başlayıb. Könüllü ictimai cəmiyyət olaraq qurulan fond müharibədən zərər görən gənclərə və ailələrinə maddi və mənəvi kömək göstərmək məqsədi ilə yaradılmışdır. Təşkilatımız 1997-ci ildən başlayaraq hər il “20 Yanvar” hadisələri zamanı ailə üzvü şəhid və ya əlil olmuş 180-dən çox ailəyə müntəzəm olaraq yardım edir, qayğı göstərir. Bundan əlavə olaraq hər il Qurban bayramı ərəfəsində qurbanlar kəsilərək Bakı şəhərində və digər rayonlarda yaşayan qaçqın, məcburi köçkün, aztəminatlı ailələr və şəhid ailələrinə paylanır. Fondun təşəbbüsü ilə hər il minlərlə şəhid, Qarabağ əlili, qaçqın və məcburi köçkün ailələrinin uşaqları məktəb ləvazimatları ilə təmin olunur.

 Humanitar yardımlardan əlavə olaraq fondumuz təhsil sahəsində gənclərin milli-mənəvi ruhda  yetişməsi və özlərini inkişaf etdirmələri üçün də hər cür şərait yaratmışdır. Fondun mərkəzində açılan müxtəlif kitab və ədəbi əsərlərin yer aldığı böyük kitabxana gənclərin istifadəsinə verilmişdir. Mərkəzi binada fəaliyyət göstərən dil kursları məhz ehtiyac sahibi insanların burada təhsil almaları istiqamətində fəaliyyət göstərməkdədir. Gənclərin mənəvi tərbiyəsi çərçivəsində müxtəlif yerlərdə məscid və təhsil müəssisələrinin tikinti və bərpasına dəstək verən fondumuz bir çox təhsil ocaqlarının əsas xərclərini qarşılamışdır.

- Keçən il ölkədə “Könüllülər ili” olaraq yadda qaldı. Təbii ki, könüllülər dedikdə ilk növbədə ağıla gənclər gəlir. Bu sahədə nə kimi fəaliyyətləriniz oldu?

 - Könüllülər ili çərçivəsində gənclərin iştirakı ilə müxtəlif layihələr icra edildi. Lakin mövcud vəziyyət bu layihələrin bir qismini həyata keçirməyə imkan vermədi. Pandemiyadan əvvəl könüllü gənclərin iştirakı ilə kimsəsiz uşaq evi ziyarətləri gerçəkləşdirdik. Ciddi karantin dönəmində ehtiyac sahibi minlərlə ailənin ərzaq təminatına yardım olundu. 65 yaş üstü insanlara könüllülərin iştirakı ilə ərzaq yardımları evlərində çatdırıldı. Vətən müharibəsi zamanı da fondumuzun maddi-mənəvi dəstəyi ilə təhsil alaraq milli ruhda yetişmiş olan gənclərin muharibə başladığı gündən könüllü cəbhəyə yollandığının şahidi olduq.

- Qeyd etdiyiniz kimi, keçən il həm də 44 gün davam edən və zəfərlə nəticələnən Qarabağ müharibəsi ilə yadda qaldı. İstər müharibə ərəfəsində, istərsə də müharibədən sonra GYF Azərbaycanın bu haqq davasına nə kimi töhfələr verdi?

- GYF-nin fəaliyyətinə nəzər saldıqda hər bir sahədə ciddi işlər gördüyünün şahidi oluruq. Harada bir ehtiyac sahibi varsa Fondumuz oradadır. Məhz müharibə günləri və əvvəlki illərdə də GYF ehtiyac sahibi insanların yanında idi. Müharibə başlayan ilk gündən arxa cəbhədə ehtiyac sahibi on minlərlə insanın ərzaq və yemək təminatına ciddi dəstək olaraq onların yanında olduq. Daha sonra Vətən müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid əsgərlərimizin ailələrinə humanitar yardımlara başladıq. Hal-hazırda da bu yardımlar davam edir. Yardımlar fondun könüllüləri tərəfindən ehtiyac sahibi insanlara çatdırılmaqdadır.

- Gənclərin maariflənməsi, milli-mənəvi dəyərlərin aşılanması üçün gələcəklə bağlı nə kimi planlarınız var?

  - Bildiyimiz kimi, gənclik illəri hər bir kəsin həyatında əhəmiyyətli yer tutur. Məhz bu illər istər fiziki baxımdan, istərsə də zehni baxımdan hər bir kəsin hərəkətli və məhsuldar olduğu dönəmdir. Gələcəyə gedən yol məhz gənclərdən keçir. Buna görə də gənclərin milli ruhda yetişməsi və özlərini inkişaf etdirmələrinə ciddi ehtiyac var. Gənclik çağının vermiş olduğu enerji və dinamiklik əgər doğru yerə yönəldilərsə, o zaman arzu olunan gənclik yetişmiş olacaq. Bu məsələdə gənclər qədər onlardan bir üst təbəqənin də üzərinə böyük vəzifə düşür. Gənclərlə qurulacaq ünsiyyətin təməli sevgi, qayğı və səmimiyyətə söykənməlidir. Vurğulanan bu xüsusları ortaya qoyduğumuz zaman gənclərin bacarıqlarını kəşf edə və onları bu  yolda daha yaxşı inkişaf etdirə bilərik. Bizim də əsas hədəfimiz milli-mənəvi dəyərlərə bağlı, ürəyində dövlət, vətən, millət sevgisi olan bir gənclik yetişdirmək və onlara bu yolda dəstək olmaqdır. Gələcəklə bağlı planların arasında ilk öncə vətən müharibəsi zamanı şəhid olmuş vətəndaşlarımızın övladları ilə daha yaxından tanış olmaq və onlara lazım olan dəstəyi göstərmək birinci dərəcəli öhdəliyimiz olacaqdır.

- Vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik. 

- Mən də sizə təşəkkür edir, fəaliyyətlərinizdə uğurlar arzulayıram.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz