GƏNCLİK AXTARIŞINDA

GƏNCLİK AXTARIŞINDA

İnsan ömrünün ən qaynar çağı gənclikdir deyirlər. Güc-qüvvət, hiss və həyəcanın zirvədə olduğu bu çağın, şübhəsiz ki, ömrümüzün digər mərhələsinin formalaşmasında xüsusi yeri var. Maddi və mənəvi olaraq insan həyatını şəkilləndirən mühüm məsələlər məhz gənclik illərində öz həllini tapır. Düzgün istiqamətləndirilməyən gənclik zamanla peşmançılıqla nəticələnən qalıcı travmalara səbəb olur. Bu həqiqət sadəcə fərdi deyil, ictimai nöqteyi-nəzərdən də özünü büruzə verən bir prosesdir. Tez-tez eşitdiyimiz, elə jurnalımızın bu sayında da bəlkə bir neçə dəfə oxuyacağınız “Bir millətin gələcəyini görmək kəramət deyil. Bunun üçün sadəcə o millətin gənclərinə baxmaq kifayətdir” qəbilindən cümlələr məhz bu həqiqətin fərqli ifadə şəkillərindən biridir. Bu haqda çox şey demək olar, lakin başqa bir xüsusu qeyd etmək istərdim. Hər şeydən əvvəl gənclərə yol göstərmək baxımından belə bir suala cavab tapmalıyıq.

 Biz necə bir gənclik arzulayırıq? Allah və Rəsulunun murad etdiyi, millətləri işıqlı gələcəyə aparan gəncliyin əsas vəsfləri nələr olmalıdır?

İmanlı gənclik. Bu gün bütün dünyanın ən böyük problemi dünyəviləşmə ilə həyatımıza hökm edən imansızlıq bəlasıdır. Bu gün yetişməkdə olan gəncliyin yiyələnməli olduğu bütün müsbət keyfiyyətlərin başında, heç şübhəsiz, iman gəlir. Bizə həyat düsturu saxta azadlıq və demokratiya şüarlarından ibarət olan, həyatın qayəsini yemək-içmək və əyləncədən ibarət görən başıboş gənclik deyil, hər biri ülvi davanın inanan fərdi olan, qəlbi imanla döyünən bir gənclik lazımdır. Allahın əmrləri qarşısında, mərhum Necip Fazılın dediyi kimi: “uzunqulaq sərbəstliyini deyil, qarışqa mütiliyini” seçən, yüksəliş sirrinin aləmlərin Rəbbinə səcdədən keçdiyini dərk edən bir gənclik.        

Əxlaqlı gənclik. İmanın tələb etdiyi əxlaq normativlərini həyat tərzinə çevirən, televiziya ekranlarının sırımağa çalışdığı yalançı şablonları deyil, ədəb və həyanın zirvəsində qərar tutan Hz. Osmanların yolunu təqib edən bir gənclik axtarışındayıq. “Şübhəsiz ki, sən uca əxlaq üzrəsən” ilahi iltifatına məzhər olan Muhammədul-Əminin ayaq izlərini təqib edən bir gənclik axtarışındayıq. Bütün haqq sahiblərinə haqqını verən, ilahi ədəb-ərkan düsturlarını həyatına həkk edən bir gənclik.

Fədakar gənclik. Şəxsi mənfəəti ilə insanlığın mənafeyi arasında seçim qarşısında qaldıqda öz nəfsi istəklərindən vaz keçə bilən fədakar səhabələrin o mümtaz şəxsiyyətinə bürünən bir gəncliyə duyulan ehtiyac bu gün bəlkə də hər zamankından daha çoxdur. Bu gün kapitalizmin amansız çarxları arasında sıxılan dünya qurtuluş vəsiləsi olacaq bir gənclik həsrəti ilə yanıb tutuşur. Şəfqət və mərhəmət şüuru ilə bütün məxluqatı qucaqlamağı özünə dərd bilən, bu yolda heç bir fədakarlıqdan geri durmayan bir gənclik.

Namuslu gənclik. Fuhuş və pozğunçuluğun geniş vüsət tapdığı bir dönəmdə İslamın bizdən istədiyi gənclik milli-mənəvi dəyərlərinə bağlı, namus, qeyrət və iffətini hər şeydən üstün tutan ədəbli bir gənclikdir. Şəhvət vəsvəsələrinə, modern züleyxaların “gəl-gəl”lərinə “O mənim Rəbbimdir” deyərək ilahi nəzərlər altında olduğunu hiss edərək arxa çevirən, ömrü bahasına ismət köynəyinin öndən yırtılmasına razı olmayan Hz. Yusuf kimi alnıaçıq gənclik axtarırıq.

Çalışqan gənclik. Bu gün inkişaf edən dünyaya ayaq uydurmaq üçün durmadan çalışan, daima elm-irfan axtarışında olan, sözü hikmət, sükutu təfəkkür olan bir gənclik axtarılır. Elmin bu qədər yüksəldiyi bir dövrdə nə oxuduğunu bilməyən, dağınıq rəflər arasında kor-koranə nə axtardığından xəbrəsiz, saxta diplom və şişirdilmiş titul dərdində olmayan, yalnız nə üçün çalışdığını bilən, hədəfi Allahın rizası olan, xidmət sahəsi “Xaliqin xətri üçün məxluqatın mənafeyi” olan bir gənclik qurtuluş vəd edir bizə. Axtarışında olduğumuz gənclik məhz belə bir gənclikdir.         

Vətənpərvər gənclik. Yaşadığı torpağa bağlı, bütün iman coğrafiyasını özünə Vətən bilən bir gənclik axtarılır. Torpağı vətən edən bayraq, din və azan kimi ülvi dəyərlərə sahib, mənəvi dəyərlərin keşiyində duran, qanı bahasına müqəddəsatına sahib çıxan əzmli bir gənclik axtarılır.

Əgər bütün bu keyfiyyətlərə cavab verən bir gənclik yetişirsə, gələcək adına əndişə duymaya bilərik. Yetişdirdiyimiz nəsillər bu dəyərləri yaşatmaqdan acizdirsə, onları bu ülvi hisslərlə yoğura bilməmişiksə, vay halımıza... 

 

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz