GƏNC DOSTUM!
Gənc dostum! Gəl bu gün səninlə Hz. Peyğəmbərin (s.ə.s) yaşadığı dövrə səyahət edək və yaxud Hz. Peyğəmbəri günümüzə gətirək, onun ətrafında olaq. Seçmə hüququ səndə olsun.
Dəyərli dostum! Yəgin ki, Hz. Peyğəmbərin (s.ə.s) gənclərə verdiyi dəyər, göstərdiyi qayğı, sevgi və hörmətin nə olduğunu bilirsən. Bəs bunun müqabilində o gənclərin hansı fədakarlıqlar göstərdiyindən xəbərin varmı?! Onlardan biri də sən olsan nə edər, necə davranarsan? Bu sualların cavabını yazının axırında özün-özünə ver.
Əminəm ki, Hz. Əlinin kim olduğunu bilirsən. Onun şəxsiyyəti, demək olar ki, Peyğəmbərimizin yanında və nəzarətində formalaşmışdır. Cəngavərliyi, düşmənə qarşı sərtliyi, gözüqaralığı, möminlərə və gücsüzlərə qarşı mülayimliyi Hz. Peyğəmbərin (s.ə.s) öyrətdiyi həyat düsturları sayəsində əldə etmişdi. Hz. Peyğəmbəri Allahın göndərdiyi elçisi olduğuna görə özündən çox sevmiş və özünə nümunə, rol model seçmişdi. Onun yolunda bütün fədakarlıqları etməyə hazır idi. Çünki o bilirdi ki, Onu (s.ə.s) sevmək Allahı sevməkdir.
Biz müsəlmanların əsas arzusu Allahı sevmək və onun sevgisinə layiq olmaqdır. Hz. Əli gənc olmasına, hədəfləri və gələcək planları olmasına baxmayaraq həyatını Hz. Peyğəmbər (s.ə.s) uğrunda tərəddüd etmədən fəda etməyə hazır idi. Xatırla! Hz. Peyğəmbər Mədinəyə yola çıxmışdı. Məkkəli müşriklər də ona sui-qəsd planlamışdılar. Hz. Peyğəmbərin (s.ə.s) yola çıxdığından xəbərdar olmamaları üçün öz canını fəda edərək Onun yatağında yatmışdı. Hz. Peyğəmbəri (s.ə.s) yatağında öldürmək istəyən müşriklər qəflətən qarşılarında Hz. Əlini görüb çaşdılar. Onun Hz. Peyğəmbəri (s.ə.s) öz həyatından çox sevdiyinə inana bilmirdilər.
Gənc Əli elə bir fədakarlıq göstərdi ki, Uca Allah bu davranışı ayə ilə təriflədi. Zəhmət olmasa, Bəqərə surəsinin 207-ci ayəsinə nəzər yetir. Bəli, məsələ Allahın “gündəminə” düşən gənc olmağa çalışmaqdır. Sən də Hz. Peyğəmbəri (s.ə.s) sevdiyini iddia edirsənsə, həyat karyeranı onun bizə öyrətdiyi çərçivə daxilində qur. Nəfsinin arzuladığı həyat tərzini, kapitalizmin mənfəət mərkəzli anlayışını öldür, yerinə fədakarlıq, sədəqə, isar, qayğıkeşlik toxumlarını səp. Öz nəfsani həyatını Hz. Peyğəmbərin öyrətdiyi həyat tərzinə fəda et. Belə edə bilsən, bu günün Əlisi də sən olarsan. Alim ol, cəngavər ol, kimsəsizlərin ümidi ol!
Yəqin ki, mütaliə edərkən Musab ibn Ümeyr adını eşitmisən. Əgər ilk dəfə eşidirsənsə, dərhal “Google” və yaxud ən azından “İslam ensiklopediyası”ndan onun haqqında məlumat oxu!
Bəlkə də, sən də onun kimi zəngin bir ailənin övladısan, təkcə öz ətrafınla, dünyəvi zövqlərlə rəngarəng həyat yaşayırsan. Brend libaslar geyinir, yetimlərin, zəiflərin görmədiyi yerlərə səyahət edirsən. Axirətini qazanmaq, cənnətə getmək istəyirsənsə Musab kimi bütün var-dövlətini Allah və Rəsulu üçün fəda etmə cəsarətini göstərməlisən. Mal-mülkün sahibinin Allah olduğunu dərk etməlisən. Lüks həyatını Allah yolunda bir hərf öyrətmək üçün fəda edərək yollara rəvan olan və Mədinənin fatehi sayılan Musabı özünə nümunə götür. Əmin ol ki, Musab bütün var-dövlətini fəda edərək yaşadığı “zəlil” həyatında daha xoşbəxt idi. Unutma ki, hər şey var-dövlət deyil. Əsas odur ki, qəlbin zəngin olsun və orada hər kəsə yer ayırasan. Müvəqqəti dünya malına və həyatına aldanaraq öz daimi həyatını (axirət) fəda etmə. Mal-dövlətin Allah rizasını qazanmağa vəsilən olsun. Ona aldanma, çünki necə sultanlar, hökmdarlar gedəndə yanlarında ondan heç bir şey apara bilmədilər.
Əziz dostum! Zənginlərə baxaraq köks ötürən biri isən Saləbənin düşdüyü xətaya düşmə. İbadət və məscid sevgisinə görə “Məscid quşu” ləqəbi ilə tanınan Saləbə bir gün zənginlik sevdasına düşür. Var-dövləti ilə məşhur və nüfuzlu biri olmaq istəyir. Hz. Peyğəmbərə (s.ə.s) mal-dövlət verilməsi üçün dua etməsini xahiş edir. Gəminin içinə daxil olan su kimi var-dövlətin də insanın qəlbinə girərək batıracağını anlatmağa çalışsa da, Hz. Peyğəmbəri (s.ə.s) dinləmir. Dua alır, zəngin olur. Ancaq sonra Tövbə surəsinin 75-ci ayəsinə tuş gəldi. Var-dövləti özünün zənn etdi, Hz. Peyğəmbərin (s.ə.s) könlünü incitdi. Sən sən ol, Allahın sənin üçün təqdir etdiyi mülkdən razı qal. Olanla yetin, onunla Allahın razılığına gedən yollar axtarmağa çalış. Mal-dövlət baxımından hər zaman özündən aşağıdakılara baxaraq halına şükür et. Dünya hərisi gənc olma!
Bəlkə də, ali təhsil alan və hədəfləri olan bir gəncsən. Yarıac, yarıtox günlərini keçirirsən. Qarın toxluğuna Hz. Peyğəmbərin (s.ə.s) yanından ayrılmayan elm aşiqi Əbu Hüreyrəni özünə dost seç. Ondakı elm eşqindən bəhrələn. Heç bir çətinlik səni dünya şöhrətli müsəlman alimi olmaqdan yayındırmasın. Unutma ki, sən İslam dünyasını təmsil edən bir mütəxəssis olacaqsan. Allahın elmi istəyənə, var-dövləti isə istədiyinə verdiyini bil.
Öz mədəniyyət qəndillərimizi tanı! Onlar sənin yoluna işıq saçan çıraqlar olsun. Seçim sənin əlindədir. Sənə həyatında uğurlar arzu edirəm. Ümid edirəm ki, nəticəsi üzücü bir yola girməyəcəksən…
ŞƏRHLƏR