PEYĞƏMBƏRİMİZ və GƏNCLİK
Millətlərin gələcəyi haqqında fikir bildirmək üçün o millətin gənclərinin zamanlarını nəyə sərf etdiklərinə baxmaq kifayətdir.
Bəs “gənc” nə deməkdir?
“Gənc” fars mənşəli bir kəlmə olub, “xəzinə” mənasına gəlir. Odur ki, gənclik insan ömrünün xəzinəsi adlanır. İnsan bu xəzinədən gözəl şəkildə istifadə edərsə, böyük bir xoşbəxtliyə nail olar, yox əgər boşuna və lazımsız işlərə sərf edərsə, heç bir şey qazanmadan xəzinəni puç edər.
Sual oluna bilər ki, necə bir gənclik yaşamalıyıq? Gənc olaraq kimləri nümunə götürməliyik?
Həm gənclər, həm də digər qrup insanlar üçün ən gözəl nümunə Allah Rəsulu Həzrət Muhamməddir (s.ə.s). Onun həyatına baxdığımız zaman necə bir gənclik yaşamağımız lazım olduğuna dair çox gözəl səhnələrə rast gəlirik.
Bəs Rəsulullah necə bir insan idi?
O, doğru-dürüstlüyü sayəsində peyğəmbərlikdən əvvəl də qövmü arasında güvənli insan mənasına gələn “Muhammədul-əmin” idi. Heç kimə haqsızlıq etməz, kiçik bir canlını belə incitməzdi. Boş və lazımsız sözlər danışmaz, danışığı hikmət və nəsihətdən ibarət idi. Heç kimi xətasına görə qınamaz, əgər o xətanın düzəldilməsi gərəkirdisə qarşısındakı insanı incitmədən ona səhvini xatırladardı. Allah Rəsulu daim Allaha təvəkkül və zikr halında idi. Gününü üç hissəyə bölmüşdü: bir hissəsini Allaha ibadətə, bir hissəsini ailəsinə, qalan hissəsini də özünə ayırmışdı. Özünə ayırdığı hissənin hamısını insanlara həsr etmişdi. Heç kimin eyib və qüsurlarını araşdırmazdı. Ətrafındakı insanlara da bunu qəti şəkildə qadağan etmişdi. Üzündə təbəssüm, sözlərində məlahət var idi.
Bəs peyğəmbərimizin (s.ə.s) gənclərlə münasibəti necə idi?
Allah Rəsulu İslamın yayılmasında və formalaşmasında gənclərə daha çox üstünlük vermişdir. O, təbliğə başladıqdan sonra qadın-kişi, cavan-qoca, azad-kölə, varlı-kasıb demədən hər kəsi son və mükəmməl din olan İslama dəvət edirdi. Zaman keçdikcə dini qəbul edənlərin sayı günü-gündən artmağa başlamışdı. İlk vaxtlar Peyğəmbərimizin (s.ə.s.) ətrafında təkcə kasıb və kimsəsizlərin olduğu deyilsə də, əslində, bu belə deyildir. Peyğəmbərimizin ətrafında hər sinifdən insan var idi. Bunların əksəriyyətini isə gənclər təşkil edirdi. Hətta bəzi gənclərin ailələri qövmü arasında sayılıb-seçilən ailələr idi.
Allah Rəsulu (s.ə.s) gənclərlə daim səmimi münasibət qurmuş, onların problemləri ilə maraqlanmışdır. Gənclər də könüllərində Ona geniş yer ayırmışdılar. Odur ki, gənclər özlərinə aid məsələləri rahatlıqla Ona danışaraq ürəklərindən keçənləri heç çəkinmədən səmimiyyətlə dilə gətirə bilirdilər.
Peyğəmbərimiz (s.ə.s) gənclərin elm sahəsində yetişməsinə böyük əhəmiyyət verirdi. O, gənclərin hansı xüsusda istedadı varsa, o yöndən özlərini inkişaf etdirmələri üçün onlara xüsusi diqqət ayırırdı. Xüsusi bacarıq və qabiliyyətlərinə güvəndiyi gənclərin elm sahəsində yüksəlmələri üçün onlara lazımi köməkliyi edirdi. Bəzən onlarla yoldaşlıq edər, yol əsnasında onlara elm və ədəb xüsusunda bilgilər verərdi. Çox zaman gənclərlə istişarə edərək onların fikirlərinə dəyər verərdi. Bir çox hədislərində fəzilətli gənclərdən bəhs edərək qiyamət günündə xoşbəxt gənclər arasında qəlbi Allaha bağlı olan, sevərək Allahı unutmayan gənclərin olduğunu bildirmişdir.
Rəsulullah hər zaman gənclərə etimad edərək onlara xüsusi vəzifələr vermişdir. Məkkə fəthində Əttab adlı səhabəni gənc yaşlarında ora vali, 18 yaşında olan Zeydi böyük bir orduya sərkərdə təyin etmişdir. Hz Əlini və Muazı gənc yaşlarında müəllim olaraq vəzifələndirmişdir. Onlar təkcə bacarıqları ilə deyil, həm könülləri, həm malları, həm də canları ilə Allah Rəsulunun yanında idilər. Bu xüsusda, varlı olmasına baxmayaraq, müsəlman olduğu üçün ailəsi tərəfindən mal-mülkdən məhrum edilən gənc Musabı misal göstərə bilərik. İslamın ilk vaxtlarında təbliğ üçün öz evini Rəsulullahın xidmətinə verən Ərkam da gənc səhabələrdən idi. Salman Farisilər, Əmmarlar, Həbbablar... Onların həyatlarına baxdığımız zaman bu fədakar, səmimi gənclərin sayəsində dinimizin dünyaya yayıldığının şahidi oluruq.
Mövzumuzun əvvəlində qeyd etdiyimiz kimi, gənclər üçün ən gözəl nümunə Həzrət Muhamməd əleyhissalamdır. Onun həyatına dair yazılmış kitabları elə gənc yaşda ikən oxuyaraq daha yaxından tanımaq lazımdır. Onun həya və ədəbi, iffəti, sağlığına verdiyi diqqəti, çalışqanlığı, şəfqət və mərhəmətli olması, qul haqqına diqqət etməsi və digər xüsusiyyətlərini nümunə götürən gənclik ən xeyirli nəsil olacaqdır.
Gənclərimizin millətimizə, dövlətimizə, dinimizə və bütün insanlığa faydalı olması diləyi ilə...
ŞƏRHLƏR