BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

وَآتُوا الْيَتَامَىٰ أَمْوَالَهُمْ وَلَا تَتَبَدَّلُوا الْخَبِيثَ بِالطَّيِّبِ وَلَا تَأْكُلُوا أَمْوَالَهُمْ إِلَىٰ أَمْوَالِكُمْ إِنَّهُ كَانَ حُوبًا كَبِيرًا

“(Həddi-büluğa çatdıqları zaman) yetimlərə mallarını (geri) verin və pisi yaxşı ilə dəyişdirməyin! Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır”. (ən-Nisa, 4/2)

Bu ayeyi-kərimə İslam dininin yetimlərin qorunmasına, onlara qayğı göstərilməsinə böyük əhəmiyyət verdiyini göstərən ayələrdən biridir. “Yetim” sözü ərəb dilindəki “təkbaşına qalmaq” mənasına gələn “yətəmə” feilindən törəmiş bir isim olub xüsusilə atasını itirən uşaqlara verilən addır və dilimizə də eyni mənanı ifadə edən bir kəlmə olaraq keçmişdir. Çünki atasını itirən uşağın həm özü, həm də atasından qalan miras malı üçün bir himayədara ehtiyacı vardır. Özü də atasız böyüyən Peyğəmbərimiz (s.ə.s) yaşadığı dövrdə yetimlərin məruz qaldığı pis münasibətin şahidi olaraq onların haqlarının müdafiəsinə xüsusi qayğı göstərmişdir. Allah Rəsulu (s.ə.s) bir hədisi-şərifində: “Ən xeyirli müsəlman evi içində yetimə gözəl münasibət göstərilən evdir. Ən pis müsəlman evi isə içində yetimə pis münasibət göstərilən evdir”,[1] - buyuraraq yetimlərin isti bir yuva ilə təmin olunmalarına və hər bir möminin onlara qucaq açmasına təşviq etmişdir. Digər bir hədisində isə: “Mən və yetimi himayəyə götürən kimsə cənnətdə bir-birimizə belə yaxın olacağıq”, - buyurmuş və işarə barmağı ilə orta barmağının arasını bir az aralayaraq göstərmişdir.[2]

Ayədəki “Onların mallarını öz mallarınıza qatıb yeməyin!” ifadəsi ilə yetimlərin haqlarını tapdalayanlara xəbərdarlıq edilir. Belə ki, onların malını əlindən almaq istəyən himayədarın və ya başqa birinin əmanətə xəyanət etmiş sayılacağı bildirilir. Ayənin sonundakı “Həqiqətən, bu, böyük günahdır” ifadəsi ilə də bu kimi əməllərin Allah-Təala tərəfindən cəzalandırılacağı vurğulanır. Peyğəmbərimiz (s.ə.s) yetimin malını yeməyi yeddi böyük günah arasında sadalamışdır.[3] Necə ki, digər bir ayeyi-kərimədə: “Şübhəsiz, yetimlərin mallarını haqsızlıqla yeyənlər qarınlarına ancaq od doldurarlar və onlar yandırıb­-yaxan bir oda girəcəklər”,[4] - buyurularaq buna diqqət çəkilmişdir. Eyni zamanda münafiq və müşriklərin xüsusiyyətlərindən bəhs edən “Maun” surəsində də “O elə kimsədir ki, yetimi qovar”,[5] - buyurulmaqla onların yetimlərə qarşı etdikləri pis rəftar qınanır.

Onu da qeyd edək ki, vətən uğrunda öz canlarından keçən əziz şəhidlərimizdən övladı olanlar da bizlərə böyük bir əmanət buraxmışlar. Onların əmanətləri olan yetim övladları üçün hər birimiz himayədar olmalıyıq. Bunun üçün də şəhid balalarına yetimliklərini əsla hiss etdirməmək və onların haqlarına riayət etmək xalq olaraq hər birimizin borcudur.



[1] İbn Macə, “Ədəb”, 6.

[2] Buxari, “Talaq”, 25.

[3] bax: Buxari, “Vəsaya”, 23.

[4] ən-Nisa, 4/10.

[5] əl-Maun, 107/2.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz