MURAD KAYA İLƏ MÜSAHİBƏ
“Quyudan çıxmaq istəyən Allahın ipinə sarılsın”.
İrfan: Əvvəla, zəhmət olmasa, özünüzü təqdim edərdiniz.
M.Kaya: 1977-ci ildə Türkiyənin Kütahya vilayətinin Ahilər kəndində anadan olmuşam. İbtidai təhsilimi kənddə aldıqdan sonra 1988-ci ildə Kütahya İmam-xətib liseyinə daxil oldum və orta təhsilimi orada tamamladım. 1994-cü ildə Mərmərə Universitetinin İlahiyyat fakültəsinə qəbul oldum, 1999-cu ildə bu fakültədən məzun oldum. Həmin il M.U.Sosial Elmlər İnstitutu Təməl İslami Elmlər kafedrasında Təfsir bölümündə magistr təhsilinə başladım. 2001-ci ildə “Tənzimatdan II Məşrutəyə qədər (1839-1908) mətbu türkcə Qurani-Kərim tərcümə və təfsirləri” adlı elmi işi müdafiə edib doktoranturaya daxil oldum. 2007-ci ilin sentyabr ayında “Quranda Allaha dair əzəmətli ifadələr (Bunların təhlili və orijinal bir icaz vəchi olaraq əsaslandırılması)” adlı elmi işi müdafiə edərək elmlər namizədi oldum. Hazırda İstanbul Səbahəddin Zaim Universitetinin İslami Elmlər fakültəsində Təfsir kafedrasında müəllim işləyirəm.
- “Kitabımız Quran” kitabının müəllifisiniz. Kitabımızla münasibətimiz necə olmalıdır?
- Bu mövzunu kitabın içində “Qurana qarşı vəzifələrimiz” adlı bölümdə geniş bir şəkildə ələ aldıq. Burada da qısaca toxunsaq; bir quyuya düşmüş adamın ona uzadılan ip ilə münasibəti necə olursa, bizim də kitabımızla münasibətimiz elə olmalıdır. Hər halda, həmin insan üçün o ip quyudakı həyat ümidinin mərkəzində yer alar, onun üçün ən əsas, ən mühüm məsələ olar. Çünki hər şeyi ona bağlıdır. İnsan oğlu da cənnətdən bu məşəqqətlər dünyasına endirilmişdir; yenidən cənnətə yüksəlmək istəyir. Buna görə də ona “Həblullahil-mətin” (Allahın möhkəm ipi) uzadılmışdır. Bu qaranlıq quyudan xilas olmaq ancaq Quran ilə mümkündür. Bu səbəblə də ondan faydalana bilmək üçün necə istifadə olunacağını bilmək, anlamaq, bilənlərdən soruşub öyrənmək lazımdır.
- “İrfan” jurnalı olaraq “Kitabımız Quran”ın hər evə girməsini arzulayırıq. Bəzən bizdən soruşurlar: niyə məhz bu kitab? Bu sualın cavabını sizin ağzınızdan eşitmək istərdik. Kitabın hansı düşüncələrlə yazıldığını, Quranı necə tanıtdığını bizimlə bölüşərdinizmi?
- Rəhman və Rəhim olan Allah-Təala nəhayətsiz rəhməti səbəbi ilə qullarına yol göstərmək və onların daha böyük nemətlərə nail olmalarını təmin etmək üçün Rəsulullahı (s.ə.s) və Qurani-Kərimi göndərmiş, bu iki böyük neməti ayrı-ayrılıqda bütün aləmlərə rəhmət vəsiləsi etmişdir. Allahın Rəsulu (s.ə.s) özü aləmlərə rəhmət olduğu kimi, gətirdiyi Qurani-Kərim də eyni şəkildə sonsuz bir rəhmət mənbəyi olmuşdur. İmtahan dünyasını ən gözəl şəkildə dəyərləndirib əbədi həyatda səadətə nail ola bilməyimiz və bundan da savayı, əbədi həyatı daha yüksək şərtlərdə yaşaya bilməyimiz bu iki rəhmətdən lazımi dərəcədə istifadə etməyimizə bağlıdır.
Dünya həyatı çox aldadıcı bir həyatdır. Azdırıcı şeytan və nəfs də buna əlavə olunanda insanların əksəriyyəti axirəti, dini və Quranı bir kənara qoyub dünyanın zövq-səfasına dalırlar. Son zamanlarda bu uzaqlaşma daha da sürətləndi. İnsanları bu təhlükəli gedişata qarşı xəbərdar etmək, Quranı yenidən gündəmə gətirmək, lüzumunu, əhəmiyyət və fəzilətini anladaraq ondan istifadəni artırmaq və möhtəvası ilə bağlı bilgilər verərək onu insanlara tanıtmaq üçün bu əsəri hazırlamağa qərar verdik. Başqa bir ifadə ilə, azalan marağı yenidən oyadaraq Quran istiqamətinə çəkmək istədik.
Müasir dövrdə başqa bir problemlə də üz-üzəyik. Müstəşriklərin əsrlərdir davam edən səyləri artıq İslam toplumunda öz təsirini göstərdi. Onların Quran əleyhindəki sözləri müsəlmanlar arasında əks-səda tapdı. Əsrlərdir Quran haqqında şübhə oyatmağa çalışır, onun bəşər sözü olduğunu, tutarsız, xətalı və ziddiyyətli ifadələrin yer aldığını iddia edirdilər. Əsli olmayan bu iddialara müsəlmanları inandırmaları mümkün olmurdu. Son illərdə müsəlman olduğunu iddia edən bəzi xoca qiyafəli insanları ələ keçirərək əvvəlki iddialarını öz içimizdən çıxan insanlar yolu ilə dilləndirməyə müvəffəq oldular. Bu insanlar ağılla qəbul edilməsi imkansız bir mövqe seçərək oriyentalistlərin iddialarını sanki öz düşüncələri imiş kimi təkrarlamağa başladılar. Digər tərəfdən, texnologiyanın inkişaf etməsi insanların bilik səviyyəsini aşağı saldı. Xüsusilə dini biliklərdə çox böyük tənəzzül yaşanır. Bu vəziyyətdə bilgisi və imanı az olan insanlar bu cür iddiaların təsirinə düşərək yanlış fikirlərə saplandılar. Qurani-Kərimlə bağlı ağıla-məntiqə yatmayan düşüncələri mənimsəməyə başladılar. Dolayısilə qeyri-müsəlmanların və onların içimizdəki təmsilçilərinin bu cür sapdırıcı iddialarına cavab vermək və məsələnin doğrusunu anlatmaq ehtiyacı getdikcə çoxalır. Artıq bu təhlükəli cərəyanlara qarşı Quranın mahiyyətinə dair məlumatlandırma bir zərurət halına gəldi. Bu kitabın hazırlanmasına bir az da bu səbəblə ehtiyac duyuldu. Ancaq biz burada iddialara bir-bir cavab verməkdən daha çox doğrunu ortaya qoyaraq yanlışın qarşısını kəsmək üslubunu seçdik.
Bir-birimizi sözlə, yazı ilə, hərəkətlərimizlə davamlı xəbərdar etmək, qoruyub himayə etmək məcburiyyətindəyik. Bir-birimizin xeyrini və yaxşılığını istəməliyik, xeyirxah olmalıyıq. Müsəlman üçün ən böyük xeyir əbədi səadət rəhbərindən xəbərdar olmaq, ona uyğun bir həyat yaşayaraq ən böyük qazanca nail olmaqdır. Biz müsəlman qardaşımızın xeyrini istəyiriksə ən əvvəl onun Quranla həmhal olmasını təmin etməliyik. Bu kitab da məhz Quranı əvvəla müsəlman qardaşlarımıza, sonra da bütün insanlara tanıtmaq və sevdirmək məqsədi ilə hazırlandı. Onların xeyrini istədiyimiz üçün Quranı daha yaxından tanıyıb sevmələrini və onunla daha çox birlikdə olmalarını təmin etməyə səy göstəririk.
Kitabda əvvəla Qurani-Kərimin mahiyyətindən bəhs edilir. Ləfzi və mənası ilə Allah kəlamı olduğu, necə nazil olması, yazıya köçürülməsi, mühafizə edilməsi və bizə qədər çatması anladılır. Sonra Quranın möcüzə olması və möcüzəvi yönlərindən bəhs edilir. Möhtəvasından bir çox önəmli xüsuslar xülasə edilir. Quranın fəzilət və bərəkəti ilə bağlı rəvayətlərə yer verilir. Sonda isə Qurana qarşı vəzifələrimiz sıralanır. Onu necə oxumalı, necə başa düşməli və necə yaşamalıyıq? Buna dair nümunələr verilir. Quran təliminin əhəmiyyəti və üsulundan bəhs edilir. Quranı təbliğ etməyimizin zərurəti vurğulanır. Kitab bu mövzular çərçivəsində formalaşdı. Allah-Təaladan niyazımız bu kitabın bütün insanlığa faydalı olması, xeyir yolunda bir addım, elm binasında bir daş olmasıdır.
- Quran mövzusunda tədqiqatlar aparmış biri olaraq, deyə bilərsinizmi, Quranı başa düşmək üçün təkcə mətnini oxumaq kifayət edərmi?
- Quranı başa düşmək üçün təkcə məal-tərcüməsini oxumaq, əlbəttə, kifayət etməz. Mütləq təfsir kitablarına və təfsir dərslərinə ehtiyac var. Bir müfəssirin sözü ilə desək: “Ərəb dilini yaxşı bilənlər də təfsir ehtiyacından kənarda deyillər. Elə bu səbəbdən də ilk təfsirlər məhz ərəbcə bilənlər üçün, ərəb dilində yazılmışdır”. Quranı başa düşmək üçün ərəbcənin xaricində bir çox İslami elmləri də bilmək lazımdır. Bu elmləri bilməyənlər təfsir vasitəsilə Quran haqqında ancaq bir miqdar məlumat sahibi ola bilərlər. Bu mövzuda müfəssir Elmalılı Həmdi Yazır belə deyir: “Quranın mövcudat bağçasında açılmış həqiqi və bənzərsiz bir gül olduğunu fərz etsək, ən gözəl tərcüməsi olsa-olsa onun məharətlə çəkilmiş şəklinə bənzədilə bilər ki, bunda onun əslinin nə maddəsi, nə gücü, nə doyuruculuğu, nə bərəkəti, xülasə, nə yağı, nə də ətri, heç biri olmaz. Biz də o gülü əlinə götürüb qoxlaya bilməyənlərə gücümüz çatdığı qədər, heç olmasa bir şəkil ilə də olsa, tanıtmağa çalışacağıq. Hər nə qədər bu məallar Quranı tanıtmaq üçün hazırlansa da, Quran hökmündə deyildir, onun yerini tuta bilməz. Məsələn, namazda oxuna bilməz”. Yəni Quranın təfsir və tərcümələri islami elmləri dərinləməsinə bilməyən kimsələrə onu tanıtmaq üçün yazılmış əsərlərdir. Təfsir oxuyan kəs Quranın hər şeyini başa düşdüyünü zənn etməməlidir. Xüsusilə də “Quranın filan tərcüməsində belə yazılıb” deyərək öz fikrini əsaslandırmağa çalışmaq, hökmlər barəsində mübahisəyə girişmək böyük xətadır. İmanı kamil olan, insaf əhli olan kəslər bunu etməz.
- Dəyərli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edir, çalışmalarınızın sədəqeyi-cariyə olmasını təmənni edirik.
- Mən də xidmətlərinizdən ötrü sizə təşəkkür edir, işlərinizin bərəkətli olmasını niyaz edirəm.
ŞƏRHLƏR