XƏRÇƏNG XİSLƏTLİLƏR

XƏRÇƏNG XİSLƏTLİLƏR

Xərçəng xislətlilər

Xərçəngləri ovlayarkən onları bir səbətə və ya vedrələrə qoyurlar. Səbətdə sadəcə bir xərçəng varsa, hərəkət edib tullanmasının və ya anidən qaçmasının qarşısını almaq üçün səbətin ağzını örtürlər. Ancaq səbətin içində bir neçə xərçəng olarsa, ağzını bağlamırlar.


Niyə? Çünki səbətdə birdən çox xərçəng olarsa, digəri canını qurtarmasın deyə bir-birilərini aşağı çəkərlər. Ona görə də səbətin ağzını örtməyə ehtiyac qalmırmış.

Bəli… Bildiyimiz kimi, bəzi insanlar da xərçəng kimidir. Yüksəlmək istəyən insanları aşağı çəkməyə çalışırlar ki, özləri bacarıqsız görünməsinlər.

 

Yolu gözəl başa vuran adam

Bir məmləkətdə xeyirxah və ədalətli hökmdar var idi. Bu hökmdar vətənini çox sevirdi. Daim xalqı üçün faydalı işlər görər, hər zaman insanların rahatlığı üçün çalışardı. O, vətənpərvərliyi  və fədakarlığı ilə hamının hörmətini qazanmışdı.

Bir gün hökmdar öz sarayından şəhərin ən ucqar nöqtəsinə qədər geniş bir yol saldırmaq tapşırığı verdi. Tezliklə yol çəkilib qurtardı. Hamıya xəbər verildi ki, sabah yol istifadəyə veriləcək. Hökmdar yolu insanların istifadəsinə verməzdən əvvəl bir yarış keçirəcəyini elan etdi. Belə ki, yolu əvvəldən axıra kimi ən gözəl keçən insan mükafatlandırılacaqdı. Hökmdar bildirdi ki, hər kəs bu yarışda iştirak etmək istəyəcək.

Ertəsi gün insanlar sarayın qarşısına yığışdılar. Bir çoxları gözəl faytonda gəlmiş, ən bahalı paltarlarını geyinmişdi. Qiymətli daş-qaşlarla bəzənmiş qadınlar, kəhər atların bəzəkli yəhərləri üzərində oturmuş gənclər yarışın başlamasını səbirsizliklə gözləyirdilər.

Nəhayət, yarışa başlamaq işarəsi verildi. Hamı qalib olmaq ümidi ilə yola çıxdı. Yolun sonunda- şəhərin çıxacağındakı yüksəklikdə hökmdar öz yaxın əyanları ilə kəcavədə əyləşib durbinlə yarış iştirakçılarını izləyirdi. O, gəlib çatanları salamlayır və hər kəsdən soruşurdu:

- Yol necədir?

Yolçuların bir çoxu eyni sözləri deyirdi:

- Hökmdar sağ olsun, yol geniş və hamardır, lakin bəzi yerlərdə yığılmış daş və çınqıl qalıqları hərəkət etməyimizə mane olurdu.

Nəhayət, hamı gəlib keçdi. Qalibi müəyyən etmək vaxtı idi. Əyanlar maraqla hökmdara baxırdılar. Lakin ondan səs çıxmırdı. Birdən yolda bir atlı daha göründü. Hökmdar dilləndi:

- Gəlin, onu da gözləyək.

Axır ki, sonuncu yolçu da gəlib çıxdı. O, yorğun görünürdü, üst-başı toz-torpaq içində idi. Əlində balaca bir kisə ilə atdan düşüb hökmdarın qarşısında hörmətlə baş əydi.

- Niyə belə gecikmisən? - deyə hökmdar soruşdu.

- Bağışlayın, gec gəlməyimin səbəbi var. Yolla irəlilədikcə qarşıma çıxan daş və çınqıl parçalarını kənara atır, yolu təmizləməyə çalışırdım. Bu qızıl kisəsini həmin daş qalaqlarından birinin altından tapdım. Bu qızıllar, yəqin ki, sizə çatmalıdır.

Bunu deyib yolçu əlindəki qızıl dolu kisəni hökmdara uzatdı. Hökmdar gülümsəyərək cavab verdi:

- O qızılların sahibi sənsən.

Yolçu təəccübləndi:

- Ey hökmdar, mənim heç vaxt bu qədər sərvətim olmayıb.

-İndi isə var. Əlindəki qızıllar yoldan ən gözəl keçən insan üçün elan etdiyim mükafatdır. Bu qızılları mənim göstərişimlə daş qalaqlarının altına qoymuşdular. Mənim fikrimcə, yoldan ən gözəl keçən insan arxasınca gələnlər üçün yoldakı maneələri aradan qaldıran insandır. Sən bunu etdin. Deməli, yarışın qalibi sənsən. Mükafat da sənə çatır.

 

İki şeytanın söhbəti  

Bir-biri ilə dost olan iki şeytan uzun müddət sonra görüşürlər. Hər ikisi xeyli dəyişmişdi. Biri arıqlayıb əldən düşmüş, digəri isə kökəlmiş, gözlərinin içi gülürdü. Kefi kök olan şeytan o birindən soruşur:

- Dostum, bu nə haldır? Zəifləyib əldən düşmüsən. Əvvəllər heç belə deyildin. Nə dərdin var?

Dostu cavab verir:

- Heç soruşma! Bir dərdə düşmüşəm ki, deyiləsi deyil. Bir adam var; xeyli müddətdir ki, onun dalınca düşmüşəm. Onu yoldan çıxarmaq, pis əməllərə alət eləmək istəyirəm. Amma bu zamana qədər heç bir şeyə nail ola bilməmişəm. Bunlar bir yana, nə vaxtdır yeyib-içə bilmirəm. Bu adam bir yerə addım atdımı, «bismillah»la atır, bir işə başladımı, «bismillah»la başlayır, süfrəyə əlini uzatdımı, «bismillah»la uzadır... “Bismillah” olan yerdə mənə nə xeyir? Bismillah deyilən süfrədəkilər mənim boğazımdan keçməz. Mənim əriməyimin, üzülməyimin səbəbi budur. İndi sən danış, nə olub ki, belə kökəlmisən?

- Mən bir adamın dalınca düşmüşəm, amma bu adam üçün heç əziyyət də çəkmirəm. Çünki hərif nə halal bilir, nə də haram. Haqq nədir, hüquq nədir bilmir. Zalım balası əlinə keçəni bir andaca həzm edir. Yeməyi də haramdır, gördüyü işləri də. Dilindən bir dəfə də olsun «bismillah» sözü eşitməmişəm. Ona görə də kefim belə kökdür.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz