QURANİ-KƏRİM NECƏ OXUNMALIDIR?

QURANİ-KƏRİM NECƏ OXUNMALIDIR?

Qurani-Kərim Hz. Peyğəmbər (s.ə.s) tərəfindən tətbiqli olaraq ortaya qoyulmuş olan, möminlər üçün dünya və axirət səadətinin yolunu göstərən rəhbər kitabdır. Hər müsəlmanın Qurani-Kərimə yanaşmasının bu anlayış və idrakda olması lazımdır.

Allah-Təala Qurani-Kərimi iyirmi üç illik peyğəmbərlik müddətində müxtəlif vəsilələrlə Peyğəmbərimizə (s.ə.s) Cəbrayıl (ə.s) vasitəsilə endirmişdir. Quran həm həyat kitabıdır -müsəlmana necə yaşayacağını, nəyi necə edəcəyini öyrədir, həm də ibadət kitabıdır. Müsəlman onu oxumaqdan savab qazanar. Oxuduğunu tətbiq edər, ayrı bir savab qazanar. Hər iki halda da Allahın razı olacağı bir işi etmiş olar.

Hər ibadətin özünə xas qaydaları olduğu kimi, Qurani-Kərim oxumağın da özünə xas bəzi qaydaları və diqqət edilməli məsələlər vardır. Qurani-Kərim ərəbcəsindən oxunarkən diqqət olunacaq qaydalarla yanaşı, onun tərcüməsi mahiyyətində olan məalı oxunarkən də diqqət olunacaq qaydalar var.

Bəzən soruşulur: “Quranın məalını oxumaq günahdırmı?” Belə bir sual yerində bir sual deyildir. Çünki Allahın anlaşılması üçün göndərdiyi, müsəlmanların axirətdə hesabını verəcəkləri kitabın ərəbcəsini, ana dildə məalını, ingilscə məalını və s. oxumaq heç günah olarmı? Əlbəttə ki, olmaz! Sualın bu şəkildə ortaya qoyulması yanlışdır. Ancaq bir insanın Allahın kitabı Qurani-Kərimin məalını oxuyuram deyərək, dini elmlərdə dərin bilgisi olmadığı halda kitabın incəlikləri ilə oynamağa çalışması yanlışdır və başa bəla olacaq təhlükəli iş budur.

Dinimizi, dünya və axirətimizi tanımaq üçün Quranı öyrənmək, oxumaq lazımdır. Lakin ibadət sahəsindəki fərz, haram, məkruh, mübah, sünnə kimi məlumatlara sahib olmaq üçün Qurani-Kərimin məalı təkbaşına yetərli deyildir. Dinimizi Quransız təsəvvür edə bilmərik. Əlbəttə, Quran bunun üçün əsas qaynaqdır. Ancaq namazdan, orucdan, həcdən, cihaddan, haqdan, hüquqdan, fəraizdən ticarətə qədər dünya həyatında nəyi nə şəkildə edəcəyimizi bilmək üçün Quran məalı yetərli deyildir. Bunun üçün bizə Rəsulullahın (s.ə.s) Quranı izah edən hədisləri lazımdır, hədisləri bizə anlayacağımız şəklə izah edən fiqh lazımdır.

Bir insanın oturub yalnız məal oxuması və oxuduğu bu məaldan hökm çıxarması, özünü alim zənn etməsi, təbii ki, cahillikdən başqa bir şey deyildir. Çünki ayələrin və bəzi surələrin nüzul səbəbi vardır. Onları tək-tək bilmək lazımdır. Quranın xüsusi bəlağəti vardır, bəzi ayələr kinayə, bəziləri möhkəm, bəziləri də qaribul-Qurandır. Onları bilmədən Quranı təkcə məallardan oxuyub hökm çıxarmağa çalışmaq və bunu yetərli görmək yanlış və təhlükəli bir yoldur.

Bu gün sosial mediada rast gəldiyimiz və təəssüf ki, ölkəmizə də sıçramış “Quran yetərlidir, başqa qaynağa ehtiyac yoxdur” kampaniyaları dövrümüzdə İslama qarşı aparılan ən məsum təxribatlardan biridir. Hz. Aişə anamızın (r.anhə): “Onun (s.ə.s) əxlaqı Quran idi” ifadəsi Rəsulullahın həyatı və sözləri Qurani-Kərimin təfsiridir, izahıdır mənasındadır. Onun (s.ə.s) hər hərəkəti Rəbbinin rizasına uyğun idi. O halda Peyğımbərimiz hər hərəkəti ilə, hər sözü ilə dinimizin əmrini bildirən açıq, canlı bir Quran kimi idi. Lakin bu gün hiyləgərcəsinə İslamı təhrif etmək üçün Peyğəmbəri Qurandan, Quranı da Peyğəmbərdən qopararaq “Quran yetərlidir” yalanı ilə insanları yalnız məal oxumağa həvəsləndirmək və bunu yetərli saymaq, Quranın izahı olan hədisi-şəriflərə qarşı soyuqluq və nifrət oyatmaq, Peyğəmbəri etibarsızlaşdırmağa çalışaraq peyğəmbərsiz bir din ortaya qoymağa çalışmaq (buna sapan və aldanan insanlar dərk etməsə də) İslama qarşı açılmış böyük bir savaşdır.

Quranın insanlar üçün qurmağı hədəflədiyi gözəl dünyanın model insanı Hz. Muhamməddir (s.ə.s) (əl-Əhzab, 21). Quran nizamını Onun tətbiq etdiyi üslub ilə, rəhmət və şəfqət ünsürləri ilə yaşamaq lazımdır. Quran: "Həqiqətən, sən uca bir əxlaq sahibisən" (əl-Qələm, 4) ayəsi ilə onun davranışlarını bizə nümunə göstərir.

Allah-Təala Onun (s.ə.s) tətbiqlərinin, yəni həyat tərzinin, ortaya qoyduğu davranışların bizim üçün model olduğunu, bu səbəbdən əmr və qadağalarına riayət edilməsinin lazım olduğunu vurğulayır: "Peyğəmbər sizə nə verirsə, onu alın, nəyi də qadağan edirsə, ondan uzaq durun!.." (əl-Həşr, 7)

Quran ancaq Allah-Təalanın buyurduğu bu model - ən gözəl nümunə Hz. Peyğəmbər (s.ə.s) ilə tətbiq olunaraq əhkamı həyata keçirilə bilər. Maidə surəsinin  44, 45 və 47-ci ayələrində Allahın endirdikləriylə hökm etməyənlər “kafir, zalım və fasiq" olaraq vəsf edilir, Allah Rəsulunun (s.ə.s) nümunə şəxsiyyəti kənara atılaraq başqasının fikirləri, başqasının diqtəsi ilə hərəkət edilməsinin təhlükəsi bildirilir.

Quranı anlamaq üçün təfsirini oxumaq, sünnədəki əksini görmək və dindəki tətbiq üsulundan xəbərdar olmaq lazımdır. Müshəfi oxumaq, məalını mütaliə etmək və arxasından təfsir və sünnədə bu haqda yer alan məlumatları öyrənmək bu işin ən kəsə yoludur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz