DƏYƏRLƏRİN ÖLÇÜ MEYARI
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “O gün nə mal fayda verər, nə də övlad. Ancaq Allaha (c.c) qəlbi-səlim ilə gələnlər müstəsnadır”. (əş-Şüəra, 88-89)
Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Bəşəri əlaqələrin, xüsusilə də insanın insanla, insanın ətraf mühitlə, insanın kainatla münasibətlərinin haradasa qan ağladığı indiki dövrdə ilahi rəhməti hər şeyin üzərinə cəlb edəcək təmiz və saf bir könül iqliminin sürətlə tükənməsi görünməmiş bəlaların, eşidilməmiş xəstəliklərin, kütləvi təlaşın, acizlik hissinin insanlığı əsir almasına səbəbkarlıq etmiş oldu. Bu qorxunc vəziyyətdən yeganə çıxış yolu olaraq mübarək qəlbinə ehsan edilən ilahi həqiqətlərin, ilahi ədalətin, ilahi rəhmətin kamil carçısı, yaşayanı və yaşadanı olan Hz. Muhamməd əleyhissalamın könüldən sevmə, könüldən vermə, könüldən abad etmə, könüldən bütün yaradılmışlara rəhmət bəxş etmə kimi neçə-neçə könül sünnələrini, könül əxlaqını və könüldən qulluq səltənətini nəfslərin, dünyanın və şeytanın kirlətmiş olduğu qaranlıq qəlb dünyamıza hakim etsək, sonsuz rəhmət və mərhəmətlə əhatələnmiş və hər cür rəzalət və pisliklərdən bizləri uzaq tutacaq qorunma həyatının ətəyinə yapışa bilərik.
Dünyamızın ürküdücü halı hər birimizə məlumdur. Əgər dəyərlərimizi Rəbbimizə çağıran bir könül səltənətinin ədalət tərəzisi ilə tənzimləməsək, bu ədalət tərəzisinin həyat verən qərarlarını bəşəri münasibətlərimizin həll edilməsində baş tacı etməsək, onda bəşəriyyətin, insanlığın çöküşünü, qiyamətin yaxınlaşmasını heç bir vasitə ilə önləyə bilmərik. Ona görə də həyati münasibətlərdə dəyərlərin qiymətləndirilməsi üçün nəbəvi mənəviyyatın ərsəyə gətirmiş olduğu səlim və saf bir qəlbin hər bir işdə bənzərsiz bir rəhbər kimi seçilməsi bir zamanlar Uca Rəbbimizə söz verdiyimiz qulluq cavabdehliyimizi və kainatın (içindəki bütün varlıqlarla birgə) nizamını ayaqda tutmağa yardım etmiş olar.
Rəsulullahın bəşəri münasibətləri köklü şəkildə nizama qoyan könül sünnələrinin ağrı-acısı ilə bilinən imtahan yurdunda yaşanacaq hala gəlməsi bu sünnələrin könüllərə vuracağı möhtəşəm bir diriliş və mənən arınma möhrünün saflığından və könüllərdə məskən tutma keyfiyyətindən çox asılıdır. Sinəsi və əməlləri Allah (c.c) və Rəsulullah (s.ə.s) sevgisi ilə döyünən və şəkillənən irşad əhlinin bu istiqamətdə insanlığın əbədi qurtuluşu naminə onları Haqqa dəvət üslubu könul iqliminə asanlıqla sirayət edərək onu ilahi həqiqətlərə ayna edəcək şəkildə mükəmməldir. Bu incə həqiqətləri dilə gətirən Abdulqadir Gilani həzrətləri belə buyurur:
“Övladım! Qəlb və könül əhli ilə yoldaş ol. Onların söhbətlərində iştirak et. O vaxta kimi ki, sənin də Rəbbindən başqa hər bir şeydən əlaqəsini kəsmiş, Rəbbinə müştaq olmuş və Onunla tayı-bərabəri olmayan bir ünsiyyət məqamına yetişən saf bir qəlbin və (bu ünsiyyətdən hasil olan və Rəbbinin məxluqatını bir rəhmət və mərhəmət dəyirmanı kimi bütün pisliklərdən təmizləyən və onları ilahi mərhəmətin sonsuzluq ümmanına yetişdirəcək bir) könlün olsun”.
Müvəqqəti imtahan yurdunda dəyərlərin ölçü meyarı olaraq Haqqa varmış və Onunla əbədi dirilik qazanmış bir qəlbin niyə bu qədər önəmli olduğunu könül yaddaşımızın mərkəzinə yerləşdirməyə çalışan Mövlana həzrətlərinin könüldaşlarına olan tövsiyəsi nəzərgahi-ilahini daima diqqət mərkəzində saxlama naminə insanlığa heyrətamiz bir davranış əxlaqını aşılayan rəhmət çağırışıdır:
“Sənin saman çöpü qədər dəyər vermədiyin yıxılmış bir könül Rəbbinin ərşindən də, kürsüsündən də, lövhəsindən də, qələmindən də üstündür. Lazımsız kimi görünsə belə, könlü özündən uzaq tutma, çünki o lazımsız və etibarsız kimi görünüş yaradan könül, əslində, çox üstün bir nəsnədir. Məzlum və qırılmış könül Allahın (c.c) nəzərgahıdır. Bu könlü inşa edərək ona qəlbi bir həyat bəxş edən kəs necə də mübarəkdir. Qırılmış, iki yüz parça olmuş könlü yenidən inşa etmək Allahın (c.c) nəzdində həcdən də, ümrədən də dəyərlidir”.
Dünyəvi istəklərin çıxılmaz ünvanlarında, qulluq imtahanının min bir əziyyətləri qarşısında, küfrə və ədalətsizliyə təslim olma təhlükəsi qarşısında boynu bükülmüş, aqibətindən naümid qalan bütün qardaşlarının qurtuluş imdadlarına yardım etməyə tələsən Gilani həzrətlərinin bu duası bəşəriyyətin ölüm qoxusu saçan maddi və mənəvi iflasını önləyəcək saf bir mənəviyyat mayası ilə yoğrulmuş bir könül xilaskarına nə qədər möhtac olduğunu inamla sərgiləməkdədir:
“Allahım! Bizi bəlalara düçar etmə! Bizi bəlalarla imtahan etmə! Allahım! Bizə bəlalara məruz qalmadan Sənə yaxın olmağı nəsib eylə. Allahım! bizi tərəfindən bir lütf olaraq Özünə yaxınlaşdır. Bizim nə Səndən uzaqlaşmağa, nə də bəlalara dözüm göstərməyə taqətimiz var. Bizə bəlaların qızğın atəşi olmadan Sənə yaxınlığı nəsib et! Amin!”.
ŞƏRHLƏR