BİR-BİRİNİZLƏ ÇƏKİŞMƏYİN!

BİR-BİRİNİZLƏ ÇƏKİŞMƏYİN!

Allahın ipi olan Quranda bildirilən hökmə görə, bütün möminlər bir-birilərinin qardaşlarıdır. Onlar eyni yolla gedən, eyni kitaba tabe olan, eyni hədəfə yönələn, eyni duyğuları daşıyan insanlardır. Uca Allah belə buyurur:

“Hamınız bir yerdə Allahın ipindən (Qurandan) yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!”. (Ali-İmran, 103)

Möminlər gözəl əxlaqlıdırlar, təvazökardırlar, sevgi və ehtiramla doludurlar. Bu səbəbdən də həmrəylik möminlər arasında təbii bir şəkildə baş verir. Ancaq bu mövzuda yenə diqqət yetirilməsi lazım gələn cəhətlər vardır. Çünki yol verilən müxtəlif səhv hərəkətlər bu həmrəyliyin zədələnməsinə və möminlər arasında soyuqluq yaranmasına səbəb ola bilər. Məhz bu səbəbdən Quranda möminlər qardaşlıq məsələsində son dərəcə diqqətli olmaları üçün xəbərdar edilmişlər:

“Bəndələrimə de: Gözəl sözlər söyləsinlər. Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, şeytan insanın açıq-aşkar düşmənidir!” (əl-İsra, 53)

Ayədə bildirilən əmr həmrəyliyin təşkil edilməsi baxımından son dərəcə önəmlidir. Birincisi, möminlərin bir-birilərinə qarşı ən gözəl xitab şəklini işlətmələri əmr edilmişdir. İkincisi, şeytan insanların və xüsusilə də möminlərin arasını vurmaq üçün çalışmaqdadır.

Şeytanın və nəfsin möminlərin arasındakı həmrəyliyi pozmaq üçün ən çox istifadə etdiyi yollardan biri rəqabət hissidir. Əgər mömin qəflət halında olarsa, məqam, mövqe kimi məsələlərdə rəqabət hissinə qapılıb qardaşlarını keçməyə, özünü onlardan ön plana çıxarmağa çalışa bilər. Eyni şəkildə özündən ön planda olan qardaşına qarşı qısqanclıq hiss edə bilər. Əslində  bu hərəkət həqiqətdə Allaha qarşı üsyan mənasına gəlir. Çünki “Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar?” (ən-Nisa, 54) ayəsinə görə, insanlara verilmiş olan nemətlər Allahdandır və bunları qısqanmaq Allahın “qədər və qismətinə” qarşı çıxmaq deməkdir. Bu səbəbdən mömin qəti olaraq qardaşları ilə arasında bir mübahisə və rəqabətin yaranmasına əngəl olmalıdır. Təvazökar, sadə olmaq rəqabət təhlükəsini aradan qaldırar.

Quranda bu mövzuda verilən başqa bir tövsiyə isə qardaşlarının mənfəətini öz nəfsindən üstün tutmaq, yəni hər vəziyyətdə fədakar davranmaq və bundan zövq almaqdır. Ayeyi-kərimədə bu məziyyət belə ifadə edilir:

“Onlardan əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə qovuşanlardır!”. (əl-Həşr, 9)

Möminlər mömin birliyinin bir insan vücudu kimi olduğunu, hər orqanın bir başqasının yardımçısı və dəstəkçisi olduğunu unutmaz və qardaşlarının uğurunu öz uğuru kimi qəbul edər. Bu, son dərəcə əhəmiyyətlidir. Bir ayədə möminlərin digər möminlərlə həmrəylikləri oxuduqları dua ilə dilə gətirilir:

“Onlardan sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!”. (əl-Həşr, 10)

Möminlər arasında mübahisə və ya küskünlük halları hər kəsə zərər verər. Quran ayəsində möminlər bir-birilərinin himayəçiləri (dost və qoruyucuları) olmadıqları halda fitnə yaranacağı xəbər verilmişdir: “Kafirlər də bir-birinin dostlarıdır. Əgər siz bunları etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar”. (əl-Ənfal, 73)

Bundan başqa, Quranda birlik və bərabərliklə bağlı açıq hökmlər vardır: “Açıq-aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar”. (Ali-İmran, 105)

“Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allahın və Peyğəmbərinindir. Buna görə də əgər möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin!”. (əl-Ənfal, 1)

“Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. Allah sonra onlara nə etdiklərini xəbər verəcəkdir!”. (əl-Ənam, 159)

Möminlər başqa möminlərə qarşı son dərəcə mərhəmətli və sadə olmağa borcludurlar. Buna zidd bir davranış qətiyyən Qurana uyğun deyildir. Təkəbbür, qısqanclıq, küsmək, pis söz söyləmək və mübahisə möminlərə deyil, inkarçılara xas olan xüsusiyyətdir. Bu səbəbdən nəfsi üzündən belə bir rəzilliyə uğramış olan mömin özünü ələ almalı, Allaha sığınmalı və həqiqi mömin davranışı göstərərək xətasını düzəltməlidir.

Son söz Uca Allahındır:  “Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir!” (əl-Ənfal, 46)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz