NECƏ İZLƏYƏK?
BAL ÖLKƏSİ
Makedoniyalı rejissor Tamara Kotevska və Lyubomir Stefanovun çəkdiyi sənədli film belə adlanır. Filmin dili türkcədir. Çünki qəhrəmanımız Makedoniyada yaşayan türk qadın Xədicə (Xatidze) Muratovadır. Çəkimi üç ilə tamamlanan film 2019-cu ildə Sandens Film Festivalında “Jüri Qran-Pri”sinə layiq görülmüşdür.
Didaktik məzmunlu sənədli filmdə insan və ekologiya münasibətləri ilə yanaşı, Xədicənin təkbaşına apardığı həyat mübarizəsindən söz açılır. Hadisələr Avropada yaşayan son arıçı qadın Xədicənin Şimali Makedoniya kəndlərindən birində yerləşən daxmasında və təbiətin qoynunda cərəyan edir. 50 yaşlı arıçının həyatına fokuslanan sənədli film izləyicilərə qədim arıçılıq üsullarını məhz qəhrəmanın dilindən anladaraq göstərir. Əsərin qəhrəmanı ölkənin ucqar bölgəsindəki qayalıq ərazilərdə, heç bir insan müdaxiləsi olmadan arıların təbii yolla hazırladığı pətəklərdən bal yığmaq üçün dağlara dırmanır. Yol boyu qarşılaşdığı əziyyətlərə baxmayaraq balın hamısını götürməməsi, arıların qidalanması üçün kifayət miqdarını pətəkdə saxlaması Xədicənin şəfqətli qəlbindən və təbiətə ehtiramından xəbər verir. Pətəkdən bal götürərkən: “Həm sizə, həm bizə; Yarısı sənə, yarısı mənə” ifadələri isə səhnəyə xüsusi rəng qatır. Onun arıçılıq və bal yığma üsulları müasir arıçılıqdan xeyli fərqlənir. Ən primitiv üsullarla çalışan Xədicənin arılara çılpaq əllə təmas etməsi, ibtidai formada olan pətəkləri gözdən qaçmır. Sənədli filmdə çətin əmək fəaliyyəti ilə yanaşı onun mücadilə apardığı ikinci cəbhəyə də yer verilir. Gənclik illərini geridə qoyan Xədicə ölüm döşəyində yatan 85 yaşlı anasının da qayğısına qalır.
Min bir əziyyətlə yığılan və qəsəbə bazarındakı alverçilərə kilosu 10 avrodan satılan bal Xədicə ilə xəstə anasının yeganə gəlir mənbəyidir. Satıcılara balını tərifləyərkən sanki yalvararaq “bu bal şəfadır, digərləri kimi deyil, alın dadına baxın, istəsəniz sonra yenə gətirərəm, qiymətdə də razılaşarıq” kimi ifadələr işlətməsi yoxsulluq içində ömür sürən Xədicənin acı həyat hekayəsindən xəbər verir. Soyaraq xəstə anasına uzatdığı bananı yaşlı qadının tərəddüdlə alarkən “yenə varmı?” – deyə təlaşlı sualına “yenə var, bu gün ye, sabaha da var” deməsi izləyicini duyğulandıran səhnələrdən sadəcə biridir.
Köçəri arıçılıqla məşğul olan bir ailənin Xədicənin qonşuluğuna köçməsi ilə işlər cığırından çıxmağa başlayır. Əvvəlcə bir-birinə qarşı məsafəli olsalar da tezliklə qonşunun uşaqlarına olan sevgisi Xədicəni onlara yaxınlaşdırır. Lakin çox keçmədən, yeni qonşuların gözünü Xədicənin arılarına dikdiyi məlum olur. Beləliklə ağır həyat şərtlərinə dirənən qadın təbiəti qorumaq üçün yeni mücadiləyə başlamalı olur. Arıların haqqını almayan, hətta onlara nəğmə oxuyan Xədicə dəfələrlə qonşusuna dilsiz-ağızsız canlıların haqqına riayət etməli olduğunu izah edir, lakin heç bir faydası olmur. Çünki filmin ilk kadrlarından etibarən təbiətlə iç-içə, onun bir parçası kimi yaşayan Xədicənin əksinə, bu ailə daha çox təbiətə hakim olma və çox qazanmaq üçün onu istismar etmə dərdindədir. İstəyinə nail olmaq üçün ətrafdakı hər şeyi yıxan, dağıdan, yandıran kişi qarşısında ona sadəcə dili ilə müdaxilə edə bilən Xədicənin bir axşam anidən anasına “Ana, vaxtilə məni istəyənlərə niyə ərə vermədiniz?” – deyə sual etməsi kövrək qəlbinin nə qədər incidiyindən xəbər verir. Bölgə adətlərindən olan Xıdırəlləz bayramı ərəfəsində saçlarını boyaması və satacağı balları da götürüb bayram şənliyinin keçirildiyi meydana yollanması isə şərtlər nə olursa-olsun, hər bir xanımın daxilindəki qadınlıq duyğusunu izah edir.
Mənə görə, Xədicənin maraqlı cəhətlərindən biri də həyat mücadiləsində qarşılaşdığı çətinliklərə rəğmən azacıq da olsa üsyan etməməsi və yaşadıqlarına lənət oxumamasıdır. Hətta məşhurlaşmasından sonra verdiyi reportajda filmə necə çəkildiyini soruşanlara dediyi bu sözlər Yaradanla arasındakı səmimiyyətindən, qədərə təslim olmasından xəbər verir: “Ramazan bayramı ərəfəsində: “Allahım, müşkül içindəyəm, biri gəlib qapımı döysə, dərdlərim həllini tapsa...” – deyə Allaha dua etdim. Aradan üç gün keçməmiş bir də gördüm qapım döyülür. Çox heyrətləndim”.
Xədicənin köpəyi ilə birlikdə çıxdığı növbəti təbiət yolçuluğu və təbəssümü ilə sona çatan film dünya çapında böyük rəğbətlə qarşılanmış, Oskar mükafatına namizəd göstərilmişdir. Filmin uğurundan sonra yaradıcı heyət tərəfindən Xədicəyə yaşadığı kəndin yaxınlığında suyu və elektrik xətləri olan bir evin alınaraq hədiyyə edilməsi xəbəri isə yəqin ki mənim kimi bütün izləyiciləri sevindirən məqamlardan olacaq.
ŞƏRHLƏR