TAĞUT NƏDİR?

TAĞUT NƏDİR?

Tağut lüğətdə “tuğvan” (tüğyan) kökündən əmələ gəlmiş bir sifətdir və “azmaq, sərhədi keçmək” mənasını verir. Onun əsas mənası “son dərəcə azğın və həddini aşan”dır. Bu baxımdan, Allahdan başqa sitayiş edilən və həqiqi yoldan azdıran büt, şeytan, kahin və sehrbazlar tağut sayılır. Tüğyan kəlməsi Quranda otuz doqquz yerdə qeyd olunur. Tağut adı isə səkkiz ayədə keçir. Tağut adından başqa bu məfhum bir neçə ayədə su daşması, hədəfi yanıltmaq, tərəzini  tarazlıqdan ayırmaq və onu yarımçıq çəkmək kimi mənalarda istifadə olunur. Digərlərində dini və mənəvi sahələrdə həddindən artıq çoxluq, pozğunluq, zülm və təcavüz çərçivəsində qeyd olunur. Beş ayədə bu kəlmə Fironun azğınlığını ifadə edir və dörd ayədə tüğyan və küfr kimi qeyd olunur.

Tağut sözünü ehtiva edən səkkiz ayədən ikisi İslamın Məkkə dövründə nazil olmuşdur. Ən-Nəhl surəsinin 36-cı ayəsində hər bir ümmətə bir peyğəmbərin göndərildiyi və onların əsas məqsədinin insanları tağuta itaətdən çəkindirmək və yalnız Allaha ibadət etməyə təşviq etmək olduğu bildirilir. Əz-Zümər surəsinin 15-17-ci ayələrində, Allahdan başqasına ibadət edənlərin həm özünü, həm də təsiri altındakıları büyük zərərə sövq etdikləri bildirildikdən sonra bütlərə (tağuta) ibadət etməkdən çəkinən və yalnız Allaha üz tutanların əbədi səadət içində olacağı bildirilmişdir.

Mədəni (İslamın Mədinə dövründə enən) surələrin ayələrində (əl-Bəqərə, 256-257; ən-Nisa, 51, 60, 76; əl-Maidə, 60) həqiqi dinə qarşı çıxan batil əhli insanlar və pis məqamlardan bəhs edilmiş və bunlara deyil, Allaha iman etməyin, tağutu yox Uca Allahı dost tutmağın və mübahisələrin həlli üçün hakim olaraq qəbul edilməsinin əhəmiyyəti vurğulanmışdır.  Qurani-Kərimdə İslamın Mədinə dövründə Kitab əhlindən olan yəhudilərin dini və ictimai həyatda alternativ bir güc əldə etmək səyləri qeyd edilmişdir. Əslində tağut ilə eyni mənanı ifadə edən “cibt” sözünün yer aldığı ayənin təfsirində (ən-Nisa, 51) bu iki kəlmənin yəhudilərin liderləri olan  Huyey ibn Ahtab və Kab ibn Əşrəfə uyğun olduğunu bildirən təfsirçilər var (Təbəri, V, 182-185; Maturidi, III, 263-265).

Ümumiyyətlə, “tağut” kəlməsi Qurani-Kərimdə üç şəkildə təfsir edilmişdir:

  1. Şeytan: “Artıq kim tağutu (şeytanı) inkar edib Allaha iman gətirərsə, o, heç vaxt qırılmayan ən möhkəm qulpdan yapışmış olar”. (əl-Bəqərə, 256);  “İman gətirənlər Allah yolunda döyüşürlər. Kafirlər isə tağut (şeytan) yolunda döyüşürlər. Elə isə, şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir”. (ən-Nisa, 76);  “De: “Allah yanında cəza etibarilə bundan (bu dediklərinizdən) daha pisini sizə xəbər verimmi? Allah kimə lənət etmiş, qəzəblənmiş, meymunlara və donuzlara döndərmiş, eləcə də tağuta  (şeytana) ibadət edənlərə çevirmişsə, onların yeri daha pisdir və onlar doğru yoldan daha çox azmışlar”. (əl-Maidə, 60)
  2. Bütlər: “Şübhəsiz, Biz hər bir ümmətə: “Allaha ibadət edin və tağutdan (bütlərdən) uzaq durun!” - deyə (əmr etmələri üçün) peyğəmbər göndərdik”. (ən-Nəhl, 36);  “Tağuta (bütlərə) ibadət etməkdən çəkinib Allaha yönələnlərə müjdə vardır. Bəndələrimə müjdə ver!”. (əz-Zümər, 17)
  3. Yəhudi Kab ibn Əşrəf haqqında deyilən ifadə: “Allah iman gətirənlərin dostudur. Onları qaranlıqdan aydınlığa çıxarar. Kafirlərin dostu isə tağutdur (Kab ibn Əşrəf). Onları aydınlıqdan çıxarıb qaranlığa salar. Onlar cəhənnəm əhlidirlər, orada əbədi qalacaqlar”. (əl-Bəqərə, 257);  “Özlərinə kitabdan (yazıb-oxumaqdan) bir pay verilənləri görmədinmi?! Onlar cibtə (şeytana) və tağuta (Kab ibn Əşrəfə) inanır və kafirlər haqqında: “Bunlar möminlərdən daha doğru yoldadırlar”, - deyirlər”. (ən-Nisa, 51)

“Tağut” kəlməsi Əhməd ibn Hənbəlin “əl-Müsnəd” adlı əsərində  və “Kutubi-Sittə”də yer alır, Tirmizinin “əs-Sünən”i istisna olmaqla, ümumiyyətlə, Qurandakı ilə eyni mənada işlənir. Bu ifadə həqiqi dindən və həqiqətdən kənar olan batil inanclara, bütlərə və şər qüvvələrə aid edilir. “Tağut” kəlməsi hədislərdə çoxluq şəklində “tavağut” şəklində işlənir. Bir hədisdə tağutlar və əcdadlara and içmək qadağan edilmiş və hədisin digər rəvayətlərində bu ifadə Lat və Uzza bütləri kimi izah edilmişdir (Buxari, “Eyman”, 4-6; Müslim, “Eyman”, 6).

1979-cu ildə İranda baş verən İslam inqilabından sonra Tâgūt şiə dünyasında Qərb siyasətini və ABŞ-a qarşı müxalifəti əks etdirmək, bu ölkələrin ictimai nizam və rejimlərini pisləmək üçün istifadə edilən bir siyasi şüara çevrildi. Bu yanaşma digər İslam ölkələrində müəyyən qədər dəstək tapmışdır.  Beləliklə, İslam əleyhdarı sayılan insanlar, təşkilatlar, sistemlər və anlayışlar üçün istifadə edilmişdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz