BİL və SİL!
İnternet son dövrlərdə insan həyatının ayrılmaz bir parçasına çevrilib. Xüsusilə pandemiya və post pandemiya dövrlərində internetin insan həyatındakı aktuallığı daha da artmağa davam edir. Öncəki illərdə “online” təhsil bir o qədər aktullaşmasa da, bu ildən etibarən istər online təhsil, istərsə də online konfrans tipli vebinarlar öz aktuallığını qoruyaraq inkişaf mərhələsini yaşayır. Öz sahəsində müəyyən mənada fikir sahibi olan və ya çox az bilgilərlə özünü bu informasiya bazarında satmağa çalışan insanlar bu boşluqdan istifadə edərək öz fikir məhsullarını monitor arxasındakı müştərilərinə təklif edirlər. Normal bazar psixologiyasında da müştərinin təklif edilən mala münasibəti həmin məhsulun vizual görünüşü ilə düz mütənasibdir.
Belə ki, müştərini ilkin mərhələdə məhsulun görünüşü, daha sonra qiyməti, ən sonda isə keyfiyyəti maraqlandırır. Bu bazarın istehsalçı qüvvələri də bütün bu tələbata uyğun məhsulları böyük ustalıqla hazırlayaraq öz müştərilərinin istifadəsinə təqdim edirlər. Nəticədə bu bazarda görünüşü gözəl, keyfiyyəti isə zəif olan məhsullar internet istifadəçiləri tərəfindən böyük məmnunluq hissi ilə heç fərqində belə olmadan istehlak edilir. Bununla da texnoloji sürət və internet dünyasında informasiya çirkliliyinin olması bir çox sahələrdə yanlış informasiyaların yayılmasına səbəb olur.
İnternet bazarı elə bir resursdur ki, burada istənilən məsələ haqqında istənilən adam, istənilən vaxt istədiyi mövzunu paylaşa və digər insanların xidmətinə təqdim edə bilər. Paylaşılan məlumatlar üzərində hər hansı bir senzuranın olmaması mövzu haqqında kifayət qədər məlumatı olmayan insanların yanlış bilgilər əldə etməsinə səbəb olur. Axtarılan mövzuların tez bir vaxtda qarşımıza çıxarılmasında əvəzsiz xidmətləri olan internet, məlumatların doğruluğu haqqında heç bir təminat vermir. Bu qeyri-müəyyənlik bütün sahələrdə özünü göstərdiyi kimi, dini mövzular da bu yeni tendensiyadan öz nəsibini almağa davam edir. Dünyanın istənilən yerindən müxtəlif dinlərə mənsub insanlar müxtəlif məqsədlərlə hər gün yüzlərlə dini informasiya, video və məqalə paylaşır. Bütün bu paylaşımlar hər birimizin qarşısına istənilən vaxt çıxa bilər. Fərqli dini ideoloji düşüncə insanlarının dinin müxtəlif mövzularında paylaşılan fikir və düşüncələri internet vasitəsi ilə istənilən yaş qruplarına çatdırılmaqla yanaşı, təhrif olunmuş dini bilgilər də onlara doğru məlumat kimi ötürülür. “Qloballaşan dünya” trendi adı altında fundamental dini dəyərlər dırnaqarası internet qəhrəmanları tərəfindən gözdən salınaraq təhrif olunmağa çalışılır. Bu informasiya selinin qarşısında isə yalnız öz milli və dini dəyərlərinin prinsiplərini həqiqi mənada dərk edib ona sahib çıxan fərdlər dayana bilər.
Dini mövzuların insanda inanc sisteminin formalaşmasında əhəmiyyətli bir yerə sahib olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, müxtəlif doğru olmayan mənbələrdən gələn məlumatlar inanc sisteminə mənfi yöndən təsir edir. İlkin mərhələdə internet üzərindən aldığınız dini məlumatlar inancınız haqqında şübhəyə düşməyə, sonrakı mərhələdə isə inancsızlığa qədər apara biləcək bir gücə sahibdir. Bu baxımdan xüsusilə gənclərin yanlış dini informasiyalar qarşısında öz müqavimətlərini itirməmələri üçün ilkin mərhələdə doğru əqidəyə sahib olmaları əsas şərtlərdən biridir. İnanc sistemindəki qətiyyət onların əməllərindəki süqutun qarşısını alacaq qoruyucu qalxan kimidir. Bunun üçün doğru maarifləndirmə işinin aparılması və internetdən düzgün istifadənin gənclərə aşılanması valideyn və müəllimlərin üzərinə düşən ən ümdə vəzifədir. Son olaraq mövzu ilə əlaqəli bir neçə xüsusa diqqət etməyi unutmayaq:
Bir mövzu haqqında məlumat almaq üçün internet üzərindən axtarış etdiyiniz zaman ilk olaraq onu bilin ki, həmin mövzu haqqında onlarla video və yazı qarşınıza çıxa bilər. Ona görə də konkret mütəxəssis yazıları yayımlayan saytların məlumatlarına güvənin və şəxsən etibar etdiyiniz din xadimlərinin videolarını izləməyə çalışın. Bunun əksinə, qarşınıza çıxan hər bir məlumatı dinləyib ona etibar etməyiniz fikirlərinizin qarışmasına və həmin mövzu ilə əlaqəli yanlış məlumata sahib olmağınıza səbəb ola bilər.
İnternetdə qarşınıza çıxan bütün məlumatları doğru qəbul etməyin. Qarşılaşdığınız bir məsələ haqqında daha etibarlı mənbələrdən də bənzər məlumatlar almağa çalışın. Əks təqdirdə axtardığınız və ya qarşınıza çıxan mövzu haqqında yanlış fikirdə olmağınız qaçınılmazdır. İxtisasınızla əlaqəli mövzuları başqa qaynaqlardan da araşdırın. İxtisasınız olmayan mövzuları isə öz mütəxəssisindən dəqiqləşdirin. Diqqətinizi çəkən yanlış məlumatları vaxtında zehninizdən silin ki, bir müddət sonra onun əsirinə çevrilməyəsiniz.
Bir həqiqəti də unutmayın ki, internet bütün növ gözəl çiçək və tikanlı bitkilərin toplandığı böyük bir bağça kimidir. Buradan ən gözəl və ətirli çiçəyi seçib tapmaq isə böyük məharət tələb edir. Gözəl dinimizin təhrif olunmaması üçün məlumatları doğru qaynağından, düzgün olanından seçin. Seçilən deyil, seçən siz olun!
ŞƏRHLƏR