DƏYƏRLƏR VƏ AİLƏ

DƏYƏRLƏR VƏ AİLƏ

Cəmiyyətin ən kiçik qurumu olan ailə üz-üzə və səmimi formada əlaqələrin qurulduğu və davam etdiyi ən mühüm, ən əsas müəssisədir. Ailə qurumunun quruluşu və əhatəsi cəmiyyətlərə və dövrə görə dəyişsə də, insanlıq tarixinin ən qədim müəssisəsidir.

Aparılan araşdırmalara görə, var olmuş bütün cəmiyyətlərin ortaya çıxma səbəbi ailə müəssisəsi olmuşdur. İnsan oğlunun ilk təlim-tərbiyə aldığı yer olan ailə məhz insan şəxsiyyətinin formalaşdığı yerdir. İlk şəxsiyyət ailədə qazanılır. Bu mənada uşaqların təlim-tərbiyəsində ailə faktoru mühüm yer tutur. Bu bir həqiqətdir ki, sağlam nəsillər sağlam ailələrdə yetişir.

Elə buna görə də dinimiz İslam uşaq tərbiyəsinə böyük əhəmiyyət verərək bu işdə ailəni və ailə böyüklərini (ata-ananı) məsul tutmuşdur. Çünki insan mükəmməl bir varlıq olaraq yaradılsa da, fiziki, zehni və əxlaqi cəhətdən inkişaf etməsi üçün xeyli zaman lazımdır və bu zaman kəsiyində böyüklərin köməyinə ehtiyacı var. Saf təbiətli və hələ analiz qabiliyyəti tam inkişaf etməmiş uşaq hər şeyə aldana, pis-yaxşı demədən rahatlıqla təsir altına düşə bilməkdədir. Bu mənada maddi və mənəvi varislərimiz olan uşaqların tərbiyəsi ən əhəmiyyətli məsələdir.

Hz. Peyğəmbər (s.ə.s) bir hədisində: “Hər biriniz çobansınız və əlinizin altında olanlara cavabdehsiniz; dövlət başçısı xalqının (və ya məmurlarının), kişi əhli-əyalının, qadın evinin və ona tapşırılanların, xidmətçi sahibinin malının çobanıdır və onlara görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və əlinizin altında olanlardan məsulsunuz”, (Buxari, Cümə 11) - buyuraraq insan oğlunun məsuliyyət sahələrindən bir neçəsini sadalamış və ailədə valideynlərin üzərinə düşən məsuliyyətləri vurğulamışdır. Çoban ifadəsi ilə valideynlərin uşaqlar üzərində onların maddi və mənəvi inkişafları ilə yanaşı, hər cür yad və pis təsirlərdən qorumaqdan da məsul olduqları nəzərdə tutulur.

Dünyaya gələn hər bir uşaq təmiz fitrət üzrə doğulmaqdadır. Onun necə və hansı formada yetişməsi ilk növbədə valideynlərindən, yəni ailədən, sonra da digər faktorlardan asılıdır. Bu mənada hədisdə: “Heç bir ata övladına gözəl əxlaqdan daha yaxşı bir miras qoya bilməz”, (Tirmizi, Birr, 33)  - buyurularaq uşaqların mənəvi və əxlaqi yönünə diqqət və qayğı ön plana çəkilmişdir. 

Günümüzdə ənənəvi ailə dəyərləri və ailənin missiyası arxa plana atılaraq bəzi yad mədəniyyətlərdəki ailə anlayışları cəmiyyətə təlqin olunmaqdadır. Müasir ailə anlayışında valideyn ilə uşaq arasında sadəcə bioloji bağ qalmışdır. Yəni valideynlər, bir pedaqoqun da dediyi kimi, uşaqların maddi ehtiyaclarını təmin edən robot rolu oynamaqdadır. Ona əxlaqi və mənəvi keyfiyyətləri aşılamaqda hər hansı missiya daşımayan ailələrlə formalaşan müasir cəmiyyətdə uşağın əxlaqı televiziya və internetə həvalə olunur.

Burada bir məsələni də vurğulamaqda fayda var. Bu gün şəfqət anlayışı da fərqli formada ortaya qoyulmaqdadır. “Uşaqlara şəfqət” deyərkən bu ifadə onların hər istəklərini yerinə yetirmək kimi anlaşılır. Halbuki, bir yazarın da dediyi kimi: “Uşaqlarımızın mədəsini və beynini doyurduğumuz kimi ruhlarını da qidalandırmalıyıq”. Yəni onların sağlam qida, təmiz geyim, yaxşı təhsil və s. əldə etmələrinə çalışdığımız kimi həm dünya, həm də axirətləri üçün çalışmalı, mənən güclü və iradəli olmalarına zəmin hazırlamalıyıq. Mənəviyyat bir növ daxili immunitet kimidir. İstər övladımıza buraxdığımız miras, istərsə də digər işlərdə yön göstərəcək, istiqamət verəcək iksir onun mənəviyyatıdır. Yazının əvvəlində də qeyd etdiyim kimi, uşaqlar bizim maddi və mənəvi mirasçılarımızdır. Gələcəyimizi onlara əmanət edəcəyik. Maddi və mənəvi dəyərlərimizi necə birinə əmanət edəcəyimiz bizdən asılıdır. Bədən, ruh və ağıl sacayağı misalında[1] olduğu kimi onları təktərəfli deyil, hərtərəfli yetişdirməliyik.

Sabah Qiyamət günündə hesaba çəkiləcəyimiz əməllərdən birinin də yetişmələrindən məsul olduğumuz övladlarımız olduğunu unutmayaq. Çünki hər birimiz əlimizin altındakılardan məsuliyyət daşımaqdayıq. Əgər övladlarımızın cismən yanımızda, ruhən və fikir olaraq başqa yerlərdə olmamalarını, yəni bizə yadlaşmamalarını istəyiriksə, gec olmadan elə indi çalışmalıyıq. Milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi onlara sevdirərək öyrətməli, bütün gücümüzlə buna səfərbər olmalıyıq.

Günümüzdə dəyərlərimizi heçə sayan, dinimizi və adətlərimizi gerilik səbəbi kimi göstərməyə çalışanlara qarşı keçmişindən, dəyər və ənənələrindən bəhrələnən nəsillər yetişdirmək bizim üzərimizə düşən ən vacib vəzifələrdəndir. Bu gün əsgərlərimiz səngərdə vətən hüdudlarımızı qoruduqları kimi, biz də ailə və dəyərlərimizə qarşı açılan cəbhələrə qarşı mübarizə aparmalıyıq. Unudulmamalıdır ki, səfər olmadan zəfər olmaz. Çalışmadan, yorulmadan xeyir əldə edilə bilməz.


[1] Bu haqda İrfan jurnalının 158 saylı buraxılışında yer alan “İnsan sacayağı” adlı yazımıza baxa bilərsiniz.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz