NİFAQDAN DOĞAN FİTNƏ XƏVARİC
Həzrət Peyğəmbərin mədinəlilər tərəfindən sevilərək yurdlarına dəvət olunması və əshabı ilə Məkkədən Mədinəyə hicrət edən Rəsulullahın burada İslam dövlətini qurması qəlbində haqq yola kin-küdurət bəsləyənləri yeni vasitələrə ət atmağa vadar etdi. Üzdə müsəlman kimi görünən, dilləri ilə Allaha və Rəsuluna tabe olduqlarını söyləyən, lakin qəlblərində nifaq toxumu daşıyan münafiqlər zümrəsi meydana çıxdı. Hər fürsətdə müsəlmanları arxadan vurmağa, düşmənlə gizli razılığa gələrək İslam dövlətinə xəyanət etməyə çalışan münafiqlər qrupunun müsəlmanlar arasında fitnəyə səbəb olduğunu siyər kitablarından oxuyuruq. Həzrət Aişə anamızı hədəf alan ifk hadisəsində, Uhud döyüşünə gedərkən müsəlman ordusunu zəiflətmək üçün 300 münafiqin yoldan geri qayıtmasında, Xəndək qəzvəsinin gerçəkləşdiyi ağır günlərdə müsəlmanları düşmənlə baş-başa qoyaraq geri çəkilmə hərəkatında münafiqlərin nə qədər fəal olduqlarını görmək mümkündür.
Ümumiyyətlə İslama açıqdan meydan oxuya bilməyənlər hər zaman ikiüzlülüyə əl ataraq məkrli planlarını bu üsulla həyata keçirməyə çalışıblar. Tarixən baş verən qarışıqlıqdan, daxili və xarici amillərin təsirindən istifadə edərək müsəlmanlara zərər verildiyinin şahidi olmuşuq. Bunun ən bariz nümunələrindən biri də heç şübhəsiz ki, Hz. Əli ilə Müaviyə bin Əbu Süfyan arasında baş verən siyasi qarşıdurma ərəfəsində, xüsusilə də Siffin müharibəsindən sonra meydana çıxan xəvaric hərəkatının münafiqlər tərəfindən gizli şəkildə dəstəklənməsi olmuşdur. İslami istilahda “xəvaric” termini müsəlmanlardan ayrılaraq ümmətdən uzaqlaşanları ifadə edir. Yəni Allah və Rəsulunun qoymuş olduğu yoldan çıxanları. Xəvaric düşüncəsini təhlil edərkən bir çox özünəxas xüsusiyyətləri ilə yanaşı əsasən böyük günah işləyənlərin, yaxud da dini əhkamdan hər hansısa birini tərk edənlərin dindən çıxdığına hökm etdikləri ilə qarşılaşırıq. Beləliklə dini nöqteyi-nəzərdən müsəlman sayılan bir adamı işləmiş olduğu hansısa günaha görə küfrlə ittiham edən bu zehniyyət onun qətlini də vacib saymaqdadır. Halbuki bir mömini küfr ilə ittiham etməyin təhlükəli olduğunu şəxsən bu dini bizə gətirən Hz. Peyğəmbər (s.ə.s) bir çox hədisində dilə gətirmişdir. Rəsulullah (s.ə.s) hədisi-şəriflərində belə buyurur:
“Bizim kimi namaz qılan, qibləmizə yönələn və kəsdiyimizi yeyən kimsə Allahın və Elçisinin zəmanəti altındadır. Elə isə bu kimi insanlar haqqında Allahın verdiyi zəmanəti və əhdi pozmayın”. (Buxari, Səlat 28)
“Heç kim bir başqasına fasiq və ya kafir deməsin! Əgər ittiham olunan adamda bu sifətlər yoxdursa, həmin adamın söylədiyi söz özünə qayıdar”. (Buxari, Ədəb 44)
“Möminə lənət etmək onu öldürmək kimidir”. (Buxari, Cənaiz 84; Müslim, İman 176, 177)
“Bir mömini küfr ilə ittiham edən onu öldürmüş kimi olar”. (Tirmizi, Nuzur 16; Nəsai, Əymən 7, 11, 31; İbni Macə, Kəffarə 3)
“Bir insan müsəlman qardaşına “kafir” deyə xitab etdiyi zaman ikisindən biri bu sözü üzərinə almış olar. Əgər söylədiyi kimidirsə (yəni kafirliklə ittiham olunan həqiqətən də kafirdirsə), küfr onda qalar, əks halda deyənə qayıdar”. (Buxari, Ədəb 73; Müslim, İman 111)
İman etdiyini söyləyən bir adamı kafirliklə ittiham etmək mövzusunda ibrətamiz bir hadisə də məhz Hz. Peyğəmbər zamanında yaşanmışdır. Allah Rəsulunun çox sevdiyi səhabədən Üsamə ibn Zeyd (r.a) belə nəql edir:
“Hz. Peyğəmbər bir bölük əsgərlə bizi düşmən üzərinə göndərmişdi. Səhərə yaxın basqın etdik. Qarşıdurma əsnasında mən dərhal bir nəfəri haqladım. O, “Allahdan başqa ilah yoxdur” desə də onu öldürdüm. Baş verənlər ağlımdan çıxmırdı. Geri qayıdan kimi hadisəni Hz. Peyğəmbərə danışdım. Allah Rəsulu: “Qiyamət günündə onun söylədiyi “La ilahə illəllah”ın əlindən səni kim qurtaracaq?”- deyəndə, “Axı o, bu sözü qılınc qorxusu ilə söyləmişdi”, - cavabını verdim. Bu zaman Rəsulullah: “Sən onun qəlbini yarıb baxdınmı? La ilahə illəllahı səmimiyyətlə, yoxsa silah qorxusu ilə söylədiyini hardan bildin?”- deyə məni danladı. Hz. Peyğəmbər bu sözü o qədər təkrarladı ki, kaş bu hadisədən əvvəl müsəlman olmayaydım deyə öz-özümə heyfsləndim”. (Müslim, İman 41; Əbu Davud, Cihad 95; İbn Macə, Fitən 1; Əhməd b. Hənbəl, Müsnəd IV, 439)
Həzrət Peyğəmbərin təkfirlə, yəni insanları küfrlə ittiham etməklə bağlı qoymuş olduğu həssas ölçülər bu qədər açıq-aydın ortadadır. Təəssüflər olsun ki, hər dövrdə olduğu kimi yaşadığımız əsrdə də gərəkli-gərəksiz yerə müsəlmanlara kafir damğası vuraraq mallarını və canlarını halal sayan xəvaric zehniyyətli insanlar mövcuddur. Əlbəttə ki, belələri ya gerçək İslamdan xəbərsiz cahillər, yaxud da könüllü olaraq müsəlmanlar arasında fitnə toxumu əkməyə çalışan əcnəbi qrupların maşalığını qəbul edənlərdir. Bu gün “İŞİD” və “Boko Haram” kimi bir sıra terror təşkilatlarının törətdikləri cinayətlərin təməlində də məhz “xəvaric” zehniyyəti yatmaqdadır. Onlara dəstək olanlarsa eynilə 14 əsr bundan əvvəl olduğu kimi İslamı birbaşa hədəf almağa cürət etməyən, lakin dolayı yollarla qaralama kampaniyalarına imza atan munafiq xislətli şər güclərdir. Əsasən bu kimi qruplaşmaların məhz İslam ölkələrində boy göstərməsi də bu zehniyyətin daha çox xaricdən idxal olunduğunu göstərir.
ŞƏRHLƏR