ƏXLAQSIZLIQ KABUSU
Dünyada bir kabus dolaşmaqdadır. Homoseksualizm kabusu”… Alman filosofu və sosioloqu Karl Marksın bir zamanlar kommunizmlə bağlı dediyi bu fikri perefrazə etsək, yəqin ki, yanılmarıq. Azərbaycanda bir müddət öncə gənc homoseksualın məlum intiharından sonra yenidən bu mövzu Azərbaycanın gündəmində qızğın müzakirə olunmaqdadır.
Etiraf etmək lazımdır ki, istər qloballaşmanın təsirindən, istərsə də elə bunun nəticəsi olaraq liberal düşüncəli gənclərin sayının artması nəticəsində homoseksuallığı sanki bir dəyər kimi əsasən konservativ dəyərlərin hökm sürdüyü cəmiyyətimizə sırımaq istəyənlər fəallaşıblar.
Onların yazılarını oxuyanda mediada sanki “tutuquşu effektiylə” rastlaşırsan. “Biz Aİ-na inteqrasiya ediriksə, homoseksuallara tolerant olmalıyıq” kimi tezislər liberal “ideoloqların” ağzından düşmür. Və sonda belə bir nəticəyə gəlirsən ki, homoseksuallardan çox, onlara dəstək verən ideoloqlar cəmiyyət üçün daha təhlükəlidir.
Liberalların tez-tez təkrarladıqları bir tezis var: əxlaqsızlıq Şərqdə yaranıb, indi durub texnologiyasını, inkişaf modelini əxz etdiyiniz, telefonlarını, kompüterlərini istifadə etdiyiniz Qərbi hansı haqla qınayırsız. Məsələ burasındadır ki, şərqlilər heç də əxlaqsızlığın Şərqdə olmasını inkar etmir. Dünyanın qədim tarixi Şərqdə yarandığı üçün əxlaqsızlığın orda yaranması təbii idi. Amma bundan çıxış edib deyə bilmərik axı əxlaqsızlıq Şərqdə yaranıb deyə biz onu yaşatmalıyıq?
Homoseksuallığa dəyər kimi hörmət etməyi və bununla bağlı hər hansı bir fobiyanın qəbul olunmazlığı fikrini söyləyənlər konservatorları geriqalımışlıqda günahlandırırlar. Və istər-istəməz sual meydana çıxır: biz nəyə tolerant olmalıyıq, bu fenomenin mövcudluğuna, təbliğatına, yoxsa homoseksual evliliyin leqallaşmasına? Hələ ki, Azərbaycanda sonuncu məsələ heç ictimai müzakirə səviyyəsinə belə çıxarılmayıb. Amma ölkəmizin Avropaya inteqrasiya yolunu seçdiyini nəzərə alsaq, gələcəkdə belə bir təhlükəylə üzləşə biləcəyimizi istisna etmək olmaz.
Dünyəvi dinlərin mövcud olduğu məlum tarixi ərazidə dindar bir kəs, istər yəhudi, ya xristian, istərsə də müsəlman olsun, homoseksualizmə tolerant ola bilməz. Axı cəzası ölüm hokum olan bir əxlaqsızlığa necə tolerant yanaşmaq olar? Bəli, qalxıb dünyəvi qanunların hökm sürdüyü bir zamanda hakimiyyətdən belə bir şeyə görə cinayət məcəlləsində ölüm hökmü haqda maddənin tətbiq olunmasının tələb etmək absurd görünə bilər. Amma homoseksuallıqla bağlı dünyada gedən proseslər onu göstərir ki, bu məsələdə demokratiyanın əsas prinsiplərindən biri olan insan haqları belə biabırçı şəkildə pozulur.
Söhbət artıq dünyanın aparıcı on dörd Qərb ölkəsində homoseksual ailələrə övlad saxlamaq hüququnun verilməsi, eləcə də bəzi Skandinaviya ölkələrində pedofiliyanın legitimləşdirilməsini istəyən partiyaların mövcudluğundan gedir. (Düzdür, pedofiliyanın leqallaşdırıması hələ ki, cəmiyyətin əksər təbəqələri tərəfindən qəbul olunmur). İş o yerə çatıb ki, bu yaxınlarda Fransa prezidenti Fransua Oland Senatın qəbul etdiyi qanunu təsdiq edəndə bunun əleyhinə çıxış edən on minlərlə etirazçının arasında elə həmin cinsi azlıqların nümayəndələrinə rast gəlinmişdi. Bir vaxtlar atılmış uşaqları övladığa götürmüş eynicinsli ailə nümayəndələri həmin nümayişlərə gəlmələrini belə izah edirdilər: hətta Fransa kimi liberal bir cəmiyyətdə belə eynicincli valideynlərin himayəsində böyüyüb tərbiyə alan uşaqlar cəmiyyət içinə çıxanda psixoloji rahatsızlıqla üzləşirlər. Faktiki olaraq, söhbət elə uşaqların hüquqlarının pozulmasından gedir, - bu, elə hardasa demokratiyanın psevdodemokratiya forması alması mənasına gəlir.
Sanki Qərbdə siyasi hakimiyyətlər səviyyəsində eynicinsəlliklə bağlı bütün şeylərə olan qadağaların aradan qaldırılması ilə bağlı tendensiyaların artmasını müşahidə edirik.
Bəli, deyə bilərlər ki, liberal demokratiya Azərbaycanda nə qədər inkişaf etsə belə, bu fenomenin Avropa ölkələrində olduğu kimi, sözügedən formalarda legitimləşdirilməsindən söhbət gedə bilməz. Yaxşı, fərz edək ki, ölkəmizdə lap yaxın 30-50 ildə eynicinsli ailələrin mövcudluğu hüquqi akt kimi qanuniləşməyəcək. Amma kim qarantiya verə bilər ki, tolerantlığı tələb edənlərin istəkləri başqa iyrənc formada həyata keçməyəcəkdir. Məsələn, bəzi Qərb ölkələrində olduğu kimi, bu məsələ ilə bağlı hansısa məlumatların az qala dəyər kimi orta məktəblərdə dərsliklərə salınması artıq adi hal alıb. Azərbaycanda isə biz homoseksualların hüquqlarını müdafiə edən bir təşkilatın bayraq yelləmələrinin, xarici ölkə səfirlikləri nümayəndələri ilə görüşlər keçirib öz hüquqlarını tələb etməsinin, üstəlik, bütün bunlarla bağlı əhali arasında 40 min imzanın toplanmasına start verdiklərinin şahidi olmaqdayıq.
Biz bu cür qüvvələrin birmənalı şəkildə xaricdən idarə olunması tezisiylə razı olmasaq da, düşünürük ki, ən azından, gələcəkdə tolerantlıq eqidası altında eynicinsəlliyin dəyər kimi sırınmasının şahidi olacayıq: treyninqlər keçiriləcək, broşürlər, kitablar çap olunacaq və yayımlanacaqdır. Və beləliklə, cəmiyyətin az olmayan bir kəsimi də tədricən bunu qəbul edəcək və ya qəbul etmək məcburiyyətində olacaq.
Bu baxımdan, cəmiyyətin homoseksuallığın özünüidentifikasiya müstəvisinə qeyri-tolerant yanaşan coxluğu başa düşmək lazımdır. Çoxluğun nəyisə qəbul etməməsi elə demokratiyanın göstəricisi deyilmi?
ŞƏRHLƏR