DİLƏNÇİLİK - ASAN PEŞƏ VƏ YA VƏRDİŞ
...Günlərin bir günü, həmişə olduğu kimi, marşrutla işə gedirdik. Avtobus Elmlər Akademiyası Metrosunun qabağındakı dayanacaqda dayandı. Sərnişinlərin bəzisi düşsə də, hələ minən olmadı. Elə bu əsnada bir cavan bir oğlan əynində köhnə paltar, sol ayağını yerlə sürüyə-sürüyə, sol əlinin biləyini də bükmüş vəziyyətdə çətinliklə avtobusa mindi.
Başladı yalvarmağa ki, mənə kömək edin, Allah yolunda yardım edin, şikəstəm, nə bilim nə. Mən də lap arxada oturmuşdum. Sol tərəfimdəki sərnişin və mən çıxarıb ona pul verdik. Ancaq bizdən başqa heç kim ona pul vermədi. Dilənçi pulu alan kimi düşdü avtobusdan. Mənim sağ tərəfimdə oturan sərnişin əli ilə işarə edib dedi:
- Bu, sap-sağlam adamdır. Bizim qonşuluğumuzda yaşayır. Yalandan özünü şikəstliyə vurub dilənçilik edir. Heç utanmır da.
Mən dəqiq öyrənmək üçün ondan soruşdum:
- Dəqiq? O şikəst deyil?
O dedi:
- Yox, əşi. Sağlamdır. Əməlli-başlı yeriyə bilir. Bax necə yeriyir!
Mən pəncərədən ona baxdım. Gördüm ki, bayaq avtobusda çətinliklə yeridiyi kimi yerimir. Amma yenə də özünü şikəst kimi göstərib axsayırdı. Həmin sərnişin onun haqqında çox şey dedi, ancaq bizə bu qədəri bəsdir. Sözün düzü, öz-özümə peşman da oldum ki, niyə ona pul verdim.
Sonra mən həmin sərnişinə dedim:
- Biz Allah üçün verdik, əgər yalandan edirsə, hesabını Allaha verəcək.
O da sözümü təsdiqlədi...
Beləliklə, hər gün bir maraqlı hadisə ilə rastlaşdığımız kimi, o gün də bu cür hadisənin şahidi olduq. Belə hadisələrə siz də dəfələrlə şahid olmusunuz. Ancaq hər kəsin hadisələrə qarşı başqa cür reaksiyası olur.
Dilənçilik artıq cəmiyyətimizdə geniş vüsət alıb. Şəhərin istənilən yerində dilənçiyə rast gəlmək mümkündür. Bu nəyi göstərir? Deməli, cəmiyyətimizdə dilənçilik etməyə məcbur olan insanlar var. Bu, ilk görünüşdə adama elə gəlir. Lakin bir az dərinə gedib araşdıranda heç də belə olmadığı ortaya çıxır. Bayaq misal gətirdiyim dilənçi və onun kimi dilənçilər də çoxdur hal-hazırda. Lakin bunları sezmək çox çətindir. Bilmək olmur ki, bu dilənçilər, həqiqətən, ehtiyacdan dilənirlər, yoxsa artıq özlərinə bu peşəni seçiblər.
Dinimizdə dilənçilik etmək qadağandır. Lakin dilənçi bir şey istəyəndə, onu qapıdan qovmamaq tövsiyə edilir. Qurani-Kərimdə "Duha" surəsindəki "Dilənçini də (qapıdan) qovma!" ayəsinin ilahi müxatəbinə məzhər olmamaq üçün bəzən insan qəpikdən-quruşdan dilənçilərə uzadır. Lakin dilənçiliyi peşə halına, vərdiş halına gətirməmək lazımdır. Əlbəttə, heç kəs qüruruna sığışdırıb insanlara əl açıb dilənçilik etmək istəmir. İnsan nə qədər möhtac olsa da dilənçiliyə əl atmağı öz qüruruna sığışdırmır. Qurani-Kərimdə də bu hal öz əksini tapmışdır: "(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!" (Bəqərə, 173)
Təbii ki, Peyğəmbərimiz (s.ə.s) bu cür insanları tanıyırdı. Lakin indiki cəmiyyətdə bizim belə insanları tanımaq şansımız yoxdur. Ancaq gərək araşdıraq, evinə gedək və s. Bu da hər zaman mümkün olmur.
Bir nəfər gəlib sənin qabağında boynunu büküb, əl açıb yanıqlı-yanıqlı yalvaranda, istər-istəməz sənin qəlbində bütün xeyirxah hisslər hərəkətə gəlir. Ürəyin yanır. Bəlkə də, cibində olan pulların hamısını ona vermək istəyirsən ki, bu adam gedib öz ehtiyaclarını təmin etsin. Lakin elə ki, məlum olur ki, bu adam artıq dilənçiliyi özünə peşə seçib, onda sənin nifrət hisslərin hərəkətə gəlir. Bundan sonra artıq lap həqiqi ehtiyacdan dilənməyə çıxan adama belə, bir qəpik vermək istəmirsən.
Çox acınacaqlı haldır! İnsanlar artıq, demək olar ki, dilənməyə üz tutublar. Ya bu çox ehtiyacdan irəli gəlir, ya da insanlar arasında dilənmək asan peşəyə çevrilib və ya insanlar həyasızlaşıb. Biz bunu dəqiq bilməsək də, belə qənaətə gəlirik ki, həqiqətən, insan elə bir vəziyyətə düşür ki, dilənməyə məcbur olur. Biz belə insanları başa düşürük və onların halına da yanırıq. Allahdan belə insanlara asanlıq əta etməsini təmənni edirik.
Bəzən görürsən ki, metro çıxışlarında, yeraltı keçidlərdə qoca arvad və ya kişi oturub qabağına dəsmal sərib, heç səsini çıxarmadan başını aşağı salıb. Biz bu cür insanların bu vəziyyətə düşməyinin səbəbini bilmirik. Ancaq dinimiz sədəqə verməyi, yolda qalmışlara, ehtiyac sahiblərinə əl tutmağı tövsiyə edir. Dilənçilik hər nə qədər dinimizdə qadağan olsa da, yenə dilənçiyə əl tutmağı istisna etmir. Bir Allah dostunun dediyi kimi: "Biz əlimiz sədəqə verməməyə vərdiş etməsin deyə, qapımıza gələn heç bir dilənçini əliboş qaytarmırıq".
Allah heç kimə dilənməyi göstərməsin! Allah bizə bizi süründürməyəcək və lovğalandırmayacaq dərəcədə ruzimizi versin! Heç kim heç kimə ehtiyacdan dolayı ağız açmasın. Heç kimin qüruru başqalarının yanında sınmasın!
ŞƏRHLƏR