RƏHMANIN ƏSL BƏNDƏLƏRİ KİMDİR?

RƏHMANIN ƏSL BƏNDƏLƏRİ KİMDİR?

(əvvəli ötən sayımızda)

   Xatırlayırsınızsa, keçən yazımızda Furqan surəsinin 63-cü ayəsindən yola çıxaraq Rəhmanın əsl bəndələrinin xüsusiyyətləri mövzusu üzərində durmuşduq. Bu mövzumuzda da, inşallah, ayələrin işığında, Allahın övgü ilə bəhs etdiyi bu mübarək möminlərin digər xüsusiyyətlərindən bəhs etməyə çalışarıq.

    “Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər” (Furqan, 64).

   Uca Rəbbimiz, bir çox ayələrində olduğu kimi, burada da gecə ibadətindən, səhər vaxtlarında edilən ibadətlərdən, tövbə və istiğfarlardan bəhs etməkdədir. Diqqət yetirmisinizsə, hər bir ayədə kamil möminlərin xüsusiyyətlərlərindən söhbət açılarkən mütləq gecə ibadəti və səhər vaxtı vurğulanmaqdadır. Niyə məhz gecə ibadəti? Səhər vaxtı bu vaxtları qiymətləndirənlər bu qədər fəzilətli möminlərdir?

   Çünki bu vaxtlar ixlas və səmimiyyətin çox olduğu, riyakarlıq və göstərişin olmadığı vaxtlardır. Eyni zamanda, bu vaxtlarda yuxuya və istirahətə nəfsimizin  daha çox ehtiyacı olduğu bir vaxtdır. Qəlbində Allah qorxusunun və sevgisinin yer etdiyi əsl möminlər bütün bu nəfsani arzu və istəklərini bir tərəfə ataraq, sırf Allah rizasını və yenə Onun dostluğunu qazanmaq üçün, isti və şirin yataqlarını tərk edərlər. Bir ayədə bu həqiqət belə ifadə olunur: “Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər” (Səcdə, 16).

    Rəsulullah da (s.ə.s) gecə namazının və səhər vaxtlarında edilən ibadətin, tövbə və istiğfarın fəzilətinə diqqət çəkərək belə buyurmuşdur: “Allah-Təala hər gecənin son üçdə birində dünya səmasına enər və belə deyər: “Mülkün sahibi mənəm! Kim mənə dua edərsə, ona cavab verərəm. Kim məndən bir şey istəyərsə, ona istədiyini əta edərəm. Kim məndən bağışlanma diləyərsə, onu bağışlayaram. Dan yeri ağarıncaya qədər bu belə davam edər” (Buxari, 1145; Müslim, 168).

   Allah səbir edənlər, sadiqlər, namaz qılanlar və zəkat verənlərlə yanaşı, obaşdan qalxıb ibadət edib, tövbə və istiğfar edənləri də mədh edərək belə buyurmuşdur: “Onlar (müsibətlərə) səbir edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir (sübh namazına qalxanlardır)” (Ali-İmran, 17).

   Yenə fəzilət sahibi, cənnət əhli möminləri mədh edən müjdəli ayələrdə onların gecələri çox az yatdıqlarını, sübh vaxtlarında tövbə-istiğfar etdiklərini, bununla yanaşı, gündüzləri də gözəl əməl işlədiklərini belə ifadə etməkdədir: Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar; Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər. Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər” (Zariyat, 15-18).

    Allah-Təala onların bu gözəl davranışlarını, xüşu dolu hallarını incə bir tabloda canlandırır:  “Gecələri çox az yatar, səhər vaxtında da istiğfar edirlər”. Hər kəsin yatıb dincəldiyi bir zamanda, gecənin zülmət kimi qaranlığında onlar oyaqdırlar, bağışlanma və rəhmətini istəyərək  gecənin Sahibinə üz tutarlar. Yuxunu çox az dadarlar, sanki ən çox sevdiyi Rəbbi üçün yuxunu da, istirahəti də, gecə həyatının nəfsani ehtiyaclarını da qurban verirlər.

    Həsən Bəsri (r.a): “Gecələri çox az yatarlardı” ayəsini təfsir edərkən belə deyir:“Onlar gecə namazının çətinliyinə sinə gərərlər, gecənin çox az bir hissəsində yatar, sonra qalxıb ibadətlərinə həvəslə və sevgi ilə davam edərdilər. İbadətlərini səhərə qədər uzadırlar ki, sonunda Allahdan bağışlanma dilədikləri o an düz səhər vaxtına təsadüf etsin”.

    Ümumiyyətlə, İslamda nəfsi tərbiyə etməyə böyük önəm verilir. Çünki ancaq bunun sayəsində nəfsimiz, Rəhmanın  əmr və qadağaları qarşısında diqqətli olur və öz acizliyini dərk edərək ibadət və itaətlərini artırır. Əksinə olarsa, nəfs get-gedə azğınlaşır, arzu və istəkləri çoxalır və artıq reysindən çıxmış qatar kimi onu bir daha geri gətirmək müşkül bir məsələyə çevrilir. Nəfsi tərbiyyə etmənin bir çox metodu vardır. Ancaq təqva əhli insanların, üstündə dayandığı ən təsirli və faydalı metodun "qillətut təam, qillətul kəlam və qillətul nəam" deyilən, mənası "az yemək, az danışmaq və az yatmaq" dedikləri metoddur. Göründüyü kimi, burada da az yatmaq vurğulanmış və gecələri qəflətlə, yuxuyla keçirib, bizə yuxu kimi, gecə kimi çox dəyərli bir neməti verən Rəbbimizi unutmadığımız təqdirdə saleh və təqva əhli insanların zümrəsinə daxil ola biləcəyimizi vurğulayır. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz