ARAŞDIRMA / İlham SOVQATOV
"... Çox da o yan-bu yan eyləsə, döyəcəyəm, çünki arvad ki, döyülmədi, xarab olar; arvad ərindən nə qədər kötək yesə, bir o qədər ərin çox istəyər. Mən bunu qabaqlarda çox təcrübə eyləmişəm..."
Yuxarıda verilən yazı hamımızın bildiyi, dəfələrlə filmini izlədiyimiz, Üzeyir Hacıbəylinin qələmə aldığı "O olmasın, bu olsun" pyesinin baş qəhrəmanı Məşədi İbadın dilindəndir.
Son dövrlər ailədaxili zorakılıq halları xeyli artıb. Bunu mətbuatdakı və telekanallardakı gündəlik xəbərləri izləməklə müşahidə etmək olur.
Ailədaxili zorakılıq bir ailə üzvünün digər üzvü və ya köhnə üzvünə qarşı fiziki, ya da psixoloji olaraq ziyan vurmasıdır. Dünyada geniş yayılan və çox ciddi olan bu problemin qurbanlarının 95%-i qadınlar olur və onların fundamental insan hüquqları pozulur. Lakin bu o demək deyil ki, yalnız qadınlar zorakılığa məruz qalırlar. Qadınlar da öz yaxınlarına qarşı zordan istifadə edirlər.
Araşdırmalar onu göstərir ki, ailə zorakılığının kökləri qadının ənənəvi olaraq bir çox cəmiyyətlərdə özəl və ictimai həyatda asılı rol tutmasına gedib çıxır.
Zorakılıq üzündən ildə 1200-ə yaxın qadın ölür, 2 milyon qadın isə yaralanır. Hər il 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın hər gün müxtəlif zərbələrə tuş gəlir.
Azərbaycanda qadının döyülməsi ilə bağlı kişilərin 52%-i hesab edir ki,"Qadın döyülürsə deməli, buna layiq nəsə edib". Qadınların 24%-də bu fikirlə razıdır. Tədqiqatlar onu da göstərir ki, hər 6 azərbaycanlı qadından biri əri tərəfindən döyülür (hələ atası və ya qardaşı tərəfdən döyüləni demirik).
Azərbaycanda zorakılıq qurbanlarının 75%-i hüquq-mühafizə orqanlarına müraciət etmirlər. Bunun əsas səbəbi isə milli mentalitetdir.
Ailədaxili zorakılığının səbəblərini mütəxəsislər müxtəlif yöndən izah edirlər. Biz bu görüşləri cəm edib sizə təqdim edirik:
- Maddiyatın mənəviyyatı arxa planda qoyması;
- İndiki şəraitlə ayaqlaşa bilməyən ailələrdə maddi problemlərin ortaya çıxması;
- Xarici serialların əksəriyyəti ailə modelini, ailə institutunu dağıdır;
- Qadınların sərbəstlik istəmələri.
Xüsusilə də, Azərbaycanda ailədaxili zorakılıq hallarının əsas səbəbi qısqanclıqdır.
Ailədaxili münaqişələr uşaq psixologiyasına da təsirsiz ötüşmür. Əksər hallarda münaqişəli ailələrdə böyüyən uşaqların gələcəkdə bir çox problemləri ortaya çıxır. Gözünü açdıqda ailədə dəhşət, münaqişə, mübahisə görən azyaşlı müəyyən müddət keçdikdən sonra aqressivləşir, hər kəsə, hər şeyə daha sərt reaksiya göstərməyə başlayır.
Dinimiz ailə ocağını hər şeydən üstün tutur. Ailələrin dağılmaması üçün əvvəlcədən tədbirli davranmağı əmr edir. Bunun üçün də həm qadına, həm də kişiyə ailə daxilində haqq və hüquq verilmişdir. Bu imtiyazlardan istifadə edildiyi müddətdə heç vaxt ailə daxilində söz-söhbət ola bilməz.
Boşanmaların səbəbləri
Hər il dünyada boşanmaların sayı artır. Əlbəttə ki, bunun bir çox səbəbləri var. Ümumiyyətlə isə ekspertlər boşanmanın səbəbləri kimi aşağıdakı amilləri əsas göstərirlər:
1) Maddi problemlər, kasıbçılıq və imkansızlıq.
2) Ər-arvad arasında anlaşılmazlıq.
Tədqiqatçılar da boşanmalara və ailənin dağılmasına gətirib çıxaran səbəbləri 3 qrupa ayırmağı məqsədəuyğun hesab edirlər:
1) Maddi– məişət problemləri;
2) Şəxsi münaqişələr;
3) Xarici təsirlər.
Dağılan ailələrin sayı artır
Dövlət Statistika Komitəsinin 2013-cü ildə yaydığı məlumata görə, ölkəmizdə təkcə 2103-cü ilin yanvar-iyul aylarında ölkədə 37.9 min nikah və 5.7 min boşanma halı qeydə alınıb.
Dövlət Statistika Komitəsinin son məlumatına görə, ötən il ölkədə nikah bağlayanların sayı 79,3 min nəfər, boşananların sayı isə 11 min nəfər olub. 2011-ci ildə bu rəqəm 10,7 min (2012-ci ilə nisbətən 300 nəfər az), 2010-cu ildə isə 8,9 min idi.
Daha ətraflı nəzər yetirsək, 2009-cu ildə boşanmaların sayı 7784, 2010-cu ildə 9061, 2011-ci ildə isə 10747 olub. Ən çox boşanma halları 30-34 yaşlı cütlüklər arasında müşahidə edilib. 2011-ci ilin göstəricilərinə görə, bu yaş həddində olan tərəflər arasında boşanmalar 2472 dəfə qeydə alınıb. 24-29 yaş həddində olan şəxslər arasında boşanma halı isə 2092 dəfə qeydə alınıb. 10 il öncə Azərbaycanda boşanmaların sayı indikindən iki dəfə az olub.
Avropada isə ən çox boşanma faizi Belçikadadır. Konkret ölkələr üzrə statistikaya nəzər yetirək: Belçikada - 75 faiz, Estoniyada 70 faiz, Çexiyada 67 faiz, İsveçdə 54.1 faiz, Almaniyada 52.1 faiz, Fransada 45,7, Hollandiyada 39,7; İspaniyada 20,1, Yunanıstanda 19,6, İtaliyada 15,4, İrlandiyada 12,9 faiz.
İranda evliliklərin 20 faizi boşanma ilə nəticələnir. İranda 2012-ci ildə boşanma hallarının sayı 2011-ci illə müqayisədə artıb. 2011-ci ildə ailə quran hər yeddi cütlükdən biri boşanırdısa, 2012-ci ildə hər beş cütlükdən biri boşanıb. 2012-ci ildə İranda 143 790 boşanma halı qeydə alınıb.
Verilən məlumata görə isə Ərəbistanda hər saata 3 boşanma faktı qeydə alınır. 2012-ci ildə Səudiyyə Ərəbistanında 30 min boşanma faktı qeydə alınıb ki, bu da hər günə orta hesabla 82, hər saata isə 3 boşanma deməkdir. Bu göstərici 2010-cu ilə nisbətən çoxdur. Belə ki, 2010-cu idə 27 min boşanma faktı qeydə alınmışdı. Məlumata görə, Türkiyədə 2011-ci illə müqayisədə 2012-ci ildə boşananların sayı 5.8 faiz artaraq 33 min 474 nəfərə yüksəlmişdi.
Boşanmaların ildən-ilə artması ciddi problem olaraq qalır.
ŞƏRHLƏR