FƏCİR SURƏSİ
Fəcr surəsi Məkkədə enmişdir, 30 ayədir. Bu surə üç əsas mövzudan bəhs edir.
1. Ad, Səmud və Firon qövmləri kimi, peyğəmbərləri yalanlayan bəzi millətlərin qissələrinin izah edilməsi və daşqınlıqları səbəbilə bunların başına gələn əzab və həlakın açıqlanması: "(Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin Ada (Hud peyğəmbərin Ad qövmünə) nələr etdi?!"
2. Uca Allahın bu dünya həyatında qulları xeyir, şər , zənginlik və yoxsulluq ilə imtahan etməsi xüsusundakı ilahi qanununun və malı aşırı dərəcədə sevməsi xüsusundakı insan təbiətinin açıqlanması: "İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər".
3. Axirət, axirətin çətin və qorxulu halları, qiyamət günü insanların xoşbəxt və bədbəxtlər olaraq ikiyə ayrılması, pis və yaxşı nəfslərin, əvvəlkilərin aqibətinin açıqlanması : "Xeyr! Yer dağılıb parça-parça olacağı; Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı; Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!".
Bu surə də Qurani Kərimin bəzi surələri kimi andla başlayır. Bəzən Uca Allah, elmini göstərmək üçün isim və sifətləriylə; bəzən də gücünü göstərmək üçün felləri ilə and içər.
"And olsun dan yerinə; And olsun on gecəyə (zilhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə); And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə); And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)! Məgər bunlarda (qiyamətin haqq olması barədə) ağıl sahibi üçün and yoxdurmu?!" (Fəcr 1-5) Uca Allah səhərə; Zilhiccənin ilk on günü, ilin ən fəzilətli günləri olduğu üçün də bu fəzilətli mübarək gecələrə and içdi. Səhih Buxaridə belə bir hədis vardır: "Heç bir gün yoxdur ki, o günlərdə edilən saleh əməl, Allah qatında, bu günə (yəni Zilhiccənin ilk on günündə edilən əməldən) daha qiymətli olsun." Yanında olanlar dedilər: "Allah yolunda cihad da?" Rəsulullah (s.ə.s): "Allah yolunda cihad etmək də bundan daha qiymətli deyil. Ancaq bir adam canı və malıyla cihada çıxar və bunlardan heç biri geri dönməzsə, o xaric" buyurdu. (Buxari, İydeyn, II)
"(Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin Ada (Hud peyğəmbərin Ad qövmünə) nələr etdi?! Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?! (Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı. (Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud qövmünə)?! Eləcə də saysız-hesabsız ordular sahibi Firona?! O kəslər ki, məmləkətlərdə tüğyan edir, Oralarda çoxlu fitnə-fəsad törədirlər. Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi. Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür." (Fəcr 6-14)
Uca Allah hər bir yolunu azmış qövmə bir cür əzab endirmişdir. Ad qövmü külək ilə, Səmud qövmü şiddətli səs-küy ilə, Firon və ordusu isə dənizdə boğulmaq surətiylə həlak edilmişdir. Biz onların hər birini öz günahı ilə yaxaladıq (hərəyə öz günahına görə cəza verdik). Kiminin başı üstünə (qasırğa ilə) qızmar daş yağdırdıq, kimini dəhşətli (tükürpədici) səs yaxaladı, kimini yerə gömdük, kimini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər. (Ənkəbut, 40)
"İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər. Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər. Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz). Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz. Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz). Mal-dövləti isə lap çox sevirsiniz. Xeyr! Yer dağılıb parça-parça olacağı; Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı, Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!" (Fəcr 15-23)
"O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir. O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz! (Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz!" (Fəcr 24-26)
“Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”) Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!” (Fəcr 24-26)
Təfsirçilər son ayələrlə bağlı belə deyirlər: Bu xitab və səsləniş ölüm anında olar. Mömin ölmək üzrə ikən ona bu söz deyilər.
ŞƏRHLƏR