ALLAHA TƏSLİM OLMAQ

ALLAHA TƏSLİM OLMAQ

   Dinə ehtiyac Həzrət Adəmlə (ə.s) başladı. Bütün insanlar kimi dinin əmrlərinə əməl etməyə bizim ehtiyacımız var. Bəzən elə bilirik ki, din kənardan gələn, mövcud olmasa da, yoxluğu hiss olunmayan bir məfhumdur. Xeyr, əsla bu belə deyil, dini inam həyatımızın tam mərkəzindədir və onu doğru yönləndirməzsək, sonumuz xüsran olmağa məhkumdur.

    Düşünək ki, biz kiçik bir şirkət açmışıq və bizimlə bərabər 10-15 nəfər işləyir, rəhbər də bizik. Bu şirkətdəki insanlardan bir-ikisi xaric, hər biri başqa bir şirkətin rəhbəri və nümayəndələrinin fikirlərinə qulluq edərək o şirkətlərin inkişafı üçün çalışırlar. Bir rəhbər olaraq bunu görəndə siz nə edərdiniz? "Şirkətdi də, əsas olan yemək-içmək və yaşamaqdır"- deyib onları bu şəkildə idarə edərdiniz?.. Bəs şirkətdəki insanlar buna necə baxardı? "Yeyək-içək şirkətdəki işlərimizə davam edək, əsas olan yaşamaq üçün nə iş lazımdırsa, onu eləyək, rəhbərimiz bizi bağışlayar biz başqa şirkət rəhbərləri üçün işləsək də. Onsuz da şirkətdəki işimiz qurtaranda bu şirkətdəki sığortamızla təqaüdçü olanda da biz yaxşı təqaüdlə yaşayacağıq".

    Sizcə, belə işçilərin əfv olunub həyatları boyunca bu şirkətdə işləməsi nə qədər doğrudur? Bu dünya həyatını bir şirkət, -təbiri caizsə- Allahı da bu şirkətin rəhbəri bilək. Şeytanla nəfs də əslində bu şirkətdən ayrılıb, amma bir çox işdə əsas şirkətə ehtiyacları olan başqa bir şirkətin rəhbərləridir... Baxın, görün biz insanlar nə vəziyyətdəyik? Həyatımızdakı əsas işimizi dünyaya gəlmə səbəbimiz olan öz şirkət işlərimiz (namaz, oruc) olan Allahın əmrlərini kənara ataraq, Allaha üsyan edib qiyamətə qədər yaşamağa izin almış və sonra həlak olacaq olan şeytanın şirkət işlərinə tabe olaraq yaşayırıq. Dünyəvi elmlə məşğul olaq, alim olaq, məmur olaq, idarə rəhbəri olaq, bütün bunlar həyatın əsas işi deyil. Bunlar əsas iş üçün yaşamağa kömək edən amillərdir. Kimliyindən asılı olmayaraq, bu dünya şirkətindən təqaüdə (axirətə) ayrılacağıq. Təqaüd vaxtı, yəni axirətdə bizə lazım olanı burada qazanmalıyıq. Yox, əgər bu dünya şirkətində layiqincə işləməzsək, cənnət təqaüdünü ala bilməyib, Allah qorusun, qoca vaxtda cəhənnəmə, yəni fəhləlik eləmək zillətinə düşə bilərik. Əslində cəhənnəmi qazanmaq da asan deyil, pulsuz məscid, namaz, oruc, varkən pul xərcləyərək Allahın qadağan etdiyi içki, qumar, gecə klubu və s. işlərə vaxt ayıraraq sözün əsl mənasında cəhənnəm qazanılır.

   Biz Allahın əmrlərini yerinə yetirmək üçün yaşayırıq. Əksər insanlar bunun fərqində deyil və dünya işlərinə o qədər dalıblar ki, Allahın əmrlərini unudublar. Bu dünya həyatında Allahı unudanlar axirətdə layiq olduqları yerdə unudulub qalacaqlar. Bir çoxumuz Allaha itaət etmək adı eşidəndə öz mənfəətlərinə görə dindən sui-istifadə edən bəzi mənfəətpərəstlərin əməllərini düşünürük. Xeyr, əsla!.. Bunların əməlləri ilə Allaha itaət arasında uçurumlar qədər fərq var. Necə ki, nəfəs ala bilməsək, yaşaya bilmədiyimiz kimi, ibadət etməsək də cənnətə gedə bilmərik. Dünyada tənbəl müsəlmanların ortaq bir sözü var: "Mənim qəlbim təmizdir, namaz qılmasam da, cənnətliyəm". Gəlin bu sözü yuxarıda verdiyim misalla çürüdək. Əgər biz öz şirkəimizin qayda-qanununa uymasaq, bu şirkətin güzəştlərindən istifadə etməyə haqqımız olar? Təbii ki, xeyr.

   Bir sözlə, gəlin özümüzü aldatmayaq, son peyğəmbər vasitəsi ilə bizə bildirilən qanunlara tabe olaq ki, alnıaçıq üzüağ olaraq dünyadan köçüb cənnətə layiq olmağa haqq qazanaq. İslamdan başqa bir dini seçməyən insana sən müsəlman deyilsən desək, görəsən, necə qarşılayar bu sözümüzü? Əslində müsəlman sözünün mənası Allaha və Onun əmrlərinə təslim olan insan deməkdir. Heç bir məktəb oxumayıb inşaatda fəhlə işləyən birisinə həkim, mühəndis, professor, elmlər namizədi deyilməsi nə dərəcədə doğrudursa, Allahı tanımayan onun əmr və qadağalarını heçə sayan birisinə müsəlman, yəni Allaha təslim olan deyilməsi nə dərəcə doğrudur?

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz