BU ÜMMƏT QULLUĞA DİRİLMƏLİDİR!
Uca Allah Qurani-Kərimdə belə buyurur: "Sizə özünüzdən bir peyğəmbər gəli ki, sizin əziyyət (məşəqqətə) düşməyiniz ona ağır glir. O sizə təşnədir. Bütün möminlərə qarşı son dərəcədə şəfqətli və mərhəmətlidir" (Tövbə, 128).
Bizləri xəlq edərək Özünə qulluq hissiyyatı ilə şərəfləndirən Allaha şükürlər və həmd-sənalar olsun. Yaradılışda peyğəmbərlərin ilki, göndərilişində isə sonuncu rəsul olan, Adəm (ə.s) hələ ruhla cəsəd arasında ikən peyğəmbərlik libasına bürünən Hz. Muahmmədə (s.ə.s) səlat və salam olsun. Yaşadığımız dünya həyatı sürətlə fitnə burulğanına çevrilməkdədir. Qulluqla məsul olan insan övladının bu fitnə burulğanında düzgün istiqamət seçməsi günü-gündən çətinləşməkdədir. İslam ölkələrinin ənənəvi olaraq ağır basdığı coğrafi enliklərdə baş verən qanlı hadisələr müsəlmanlar arası dini, mənəvi, məişət münasibətlərini gərginləşdirərək dözülməz həddə çatdırmaqdadır. Yaxşı, bəs hər bir müsəlmanın baş tacı olaraq əxlaqı, səbri, insanpərvərliyi, comərdliyi, nəvazişi harada qərar tutmaqdadır? Bir-birinə qarşı son dərəcədə mərhəmətli, kafirlərə qarşı amansız olmaları məgər möminlərdən kənar bir zümrənin tanınma nişanələridir? Döyüşənin də, döyülənin də, öldürülənin də, varı-dövləti yağmalananın da müsəlman olması, üstəlik müsəlman müsəlmana tələ quraraq ictimaiyyət önündə rəzil vəziyyətə salması məgər aləmlərə nümunə olacaq ən mötəbər ilahi qanunlarla yaşayan bir zümrəyə layiq olan əxlaqdırmı?
"(Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?"- bəyanını ilahi vəhyin işığında dəyərləndirənlər bu ayəni günümüzlə müqayisə etdikdə mələklərin haqlı olduqları qənaətinə gələ bilərlər. Nə qədər qəribə də olsa, Peyğəmbər əxlaqının, Muhəmmədi (s.ə.s) qulluq əxlaqının zehinlərdə dondurulduğu, çökdürüldüyü, yaşanması üçün az qala lazımsız hala gətirilməsinə çalışılan indiki zamanda Uca Allahın bizə əmanət etdiyi bu əxlaqı diriltməklə ilahi vəhyin əsl həqiqətini anlamaq və yaşamaq mümkündür. Yuxarıdakı ayənin davamında qəflət və durğunluq pərdəsi ilə örtülmüş bütün qəlblərə nida edən Uca Allah bizlərə mənanı xüsusi bir vurğu ilə çatdırmaqdadır: "(Mələklərin bu narahatçılığı qarşısında Uca Allah onlara:) "Mən bildiyim şeyi siz bilmirsiniz!" – buyurdu" (Bəqərə, 30).
Uca Allahın yaratdığı bu xəlifəni mələklərinə təqdimi və mələklərə onun üstünlüyünü ərz edən əxlaqi və zehni keyfiyyətlərini nümayiş etdirməsi son nəticədə ilahi muradın yenilməz qüvvəti qarşısında mələkləri bu etirafa məcbur edir: "Onlar: "Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən", - dedilər" (Bəqərə, 32).
Uca Allahın bizlərə lütf etdiyi bu böyük məsuliyyət yükünə yiyələnmək, Osman Nuri Topbaş əfəndinin ifadə etdiyi kimi, varlıq və mənlik iddiasından əl çəkmiş və Haqqın hüzurunda acizlik mərtəbəsinə nail olmuş səhabə toplumuna bənzəməklə mümkündür. İslam dininin aləmlərə örnək olaraq yaşandığı dövrdən 1400 ildən artıq vaxt keçməkdədir. Bu müddət ərzində sanki görünməz örtülərlə pərdələnmiş şanlı səhabə dövrü öz mənəvi parlaqlığını iman əhlinin əməlllərində itirməyə doğru getməkdədir. İman əhlinin səhabə qətiyyəti, səhabə vəcdi və səhabənin qulluq şüuru ilə rabitəsi olduqca zəifdir. Sanki qəlblər bu itirilmiş rabitənin yenidən canlanmasına çalışaraq İslam dininin nail olduğu maddi və mənəvi fəthləri yenidən gündəmə gətirmək istəyindədirlər. Lakin itirilmiş maddi və mənəvi yüksəliş yollarının bərpası yaşanması və yaşadılması yalnız və yalnız ölü olaraq çabaladığımız süstlük həyatından ilahi muradla dirilik həyatında oyanmaqla qüvvət qazana bilər. Bu incə məqamı Uca Allah qullarına belə bildirir: "Heç (küfrlə) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur (islam dini) verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi? Etdikləri əməllər kafirlərə belə gözəl göstərildi" (Ənam, 122).
Deməli, Rəbbimizin ehsanı ilə dirilik nuruna bürünmüş olanların Hz. Muhəmməd (s.ə.s) və onun şanlı səhabələri ilə zaman və məkan maneələrinə baxmayaraq fərqli bir mənəviyyat ərz edəcəyi şübhəsizdir. Rəsulullah hər yönü ilə bənzəmə yarışında bütün məqamları dəyərləndirmə bacarığını bir an olsun boşa verməyən bu zümrə, ibadət ilə sələfləri olan səhabə toplumunun qulluq həyatına yaxınlaşma ehtirasını daima özündə daşımaqdadır. Bu istiqamətdə itaəti böyük ölçülərdə axsayan ümmətin dərdi ilə alovlanan qəlbi iztirablarını şeirlərin dili ilə ərz edən Yunus Əmrə kimi Haqq və Peyğəmbər aşiqlərinin etirafları ümmətin əbədi qurtuluşuna bəslənən ümidlərin yalnız diri bir qulluqla doğrulacağına işarə edən əvəzsiz söz inciləridir:
Ya Rəbbi Səttarul-Uyub Səndən dilərəm ümmətimi
Ya Hayyu Qəffari-zünüb Səndən dilərəm ümmətimi,
Uca tutdum himmətimi ki, qurtaram ümmətimi,
Bağışla sən mən yetimi, Səndən dilərəm ümmətimi.[1]
Nəticə olaraq onu vurğulamaq lazımdır ki, bu ümmət sözün əsl mənasında mələkləri heyrətə düşürəcək, ərşi titrədəcək və ən əsası Uca Rəbbimizi məmnun edəcək qulluğa dirilməlidir. Bu dirilişi mənsub olduğumuz Muhəmməd (s.ə.s) ümmətinin insanlıq qarşısındakı məsuliyyəti bizlərdən tələb etməkdədir. Allaha qulluq üçün yaradılmış insan övladlarına bu əmrə sözsüz və içdən gələn bir istəklə bağlanmaqdan başqa digər qurtuluş yolları sadəcə mövcud deyil. Rəbbimiz cümləmizi Ona səmimi qulluq etmə səadətinə nail etsin. Amin.
ŞƏRHLƏR