31 MART - SOYQIRIM

31 MART - SOYQIRIM

     Azərbaycanın taleyinə qara hərflərlə yazılan 31 mart tarixi xalqımızın zülmə, işkəncəyə və kütləvi insan tələfatına məruz qalmasının simvoluna çevrilib. Azərbyacan tarix boyu düşmənin diqqət mərkəzində olub. Qəlbi vətən, xalq və azadlıq eşqi ilə döyünən həmvətənlərimiz heç bir zaman düşmənin qarşısında əyilməyiblər. Onlar həmişə canını, malını, övladını vətən yolunda qurban verərək Azərbaycana sahib çıxıblar. Düşmən həmişə torpaqımızın hər bir qarışına həsrətlə baxıb. Dünya durduqca da həsrətlə baxacaq. 

    Azərbaycan bizə babamızın babasından miras qalan bir əmanətdir. Necə ki, onlar bu torpağa qurbanlar verə-verə sahib çıxdılar, biz də bu əmanətə canımızla, malımızla, qanımızla sahib çıxmalıyıq. Düşmənin sinəmizə çəkdiyi dağı hiss edə-edə onlardan günlərin bir günü intiqamımızı almalıyıq. Bizim soyumuzu kəsib yer üzündən silmək istəyən düşmənin var gücümüzlə cavabını verməyi bacarmalıyıq. Onlar bu torpaqda törətdiyi hər bir cinayətə görə cavab verməlidir. Vətən oğlu, düşməndən bu heyfi almaq sənin, mənim və bizim borcumuzdur.

   1918-ci il 31 mart Azərbaycan tarixində xalqımızın yaddaşına soyqırım kimi unudulmaz bir iz qoydu. Hər ilin 31 martında hər bir azərbaycanlı o günləri xatırlayır, vətən uğrunda ölən məzarsız şəhidlərin yaşadığı hadisələri gözünün önünə gətirir. Azərbaycanın kütləvi şəkildə qırılması və repressiyalara məruz qalması, həmvətənlərimizin doğma yurdlarından sürgün edilməsi heç vaxt unudulmur.  XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı faciəli qırğın törətmişdir. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmışlar. Mart Soyqırımı və ya Mart Hadisələri haqqında ağız dolusu danışmaq hər bir azərbaycanlının haqqıdır. Çünki düşmənin qəddarlığını dünyaya sübut etməliyik. Heç bir dini inanc insanların bu cür öldürülməsinə icazə vermir. Məhz elə ona görə də Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım tarixi kimi rəsmi qeyd olunur.

  Bu dəhşətli hadisələri göz önünə gətirmək üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarından bəzi çıxarışları sizlərə təqdim edirik:

   1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilmişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.

   Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.

  1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.

   Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.

   İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə-yeksan olunmuşdur. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.

   Həmin bu dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

  Hər bir azərbaycanlı tarixi unutmamalıdır. Daim onu öz qəlbində yaşatmalıdır ki, düşmən fürsət tapıb Azərbaycanın doğma torpaqlarını mənimsəməsin. Həmin o günlər geridə qaldı, düşmənin arzu və istəkləri puç oldu. Uğur yenə də Azərbyacanın oldu. Demokratik bir respublika olan Azərbacanın bayrağı ən uca zirvələrdə dalğalandı. Biz varıq və olacağıq da...

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz