ƏXİLİK
Din həyatımızın hər anında və hər yerindədir. Yəni inancımız bizimlə əlaqəli olan hər şeyi tənzim və əhatə edir. Çoxları dini insanın sadəcə mənəviyyatı və ya ruhu ilə əlaqələndirərək onu dar bir çərçivəyə salıb həmin çərçivədən kənarda istədikləri kimi yaşayıb istədiklərini etməyə şərait yaratmaq istəyir. Ticarət və ya müasir deyimi ilə biznes də inancdan və dəyərlərdən qoparılmağa cəhd edilən əsas sahələrdəndir. Kapitalist dünyanın çarxı içində fırlananlar şəri qaydalara və dəyərlərə əsaslanan ticarətin mümkünsüz olduğunu, bu halda rəqabətə tab gətirməyin əsla mümkün olmayacağını bar-bar bağırırlar. Bu mövqeyin tam əksini tarixdə mövcud olmuş bir ticarət təşkilatının, İslam qardaşlığının ticarətə tam mənası ilə əks olunduğu “əxi”liyin timsalında görə bilərik.
Əxilik 1200-cü illərdə Əxi Evrən (tam adı: Şeyx Nəsrəddin Mahmud Xoyi Əxi Evrən ibn Abbas) tərəfindən Anadoluda qurulmuşdur. Azərbaycanın Xoy şəhərində anadan olan və ilk təhsilini də Azərbaycanda alan Əxi Evrən dövrünün tacir və sənətkarlarını vahid bir tavan altında birləşdirərək güclü bir ticarət təşkilatına çevirmişdir. Əsası etibarilə ticari bir birlik olan əxi təşkilatının iş prinsiplərinə və daxili qaydalarına baxsaq, İslam qardaşlığının, bütövlükdə isə İslam əxlaqının bura necə dərindən nüfuz etdiyini görərik. Hər şey elə onun adından, günümüz türkcəsinə “ahi” olaraq keçən, ərəbcə qardaş mənası verən “əxi” sözündən başlayır.
Kapitalist düşüncənin “iqtisadiyyatın əxlaqı yoxdur” yanaşmasının tam əksinə olaraq, əxilik, əxlaq üzərində qurulan, ümumun mənafeyini fərdin mənafeyindən hər zaman üstün tutan, özündən daha çox cəmiyyətə faydalı işlə məşğul olmağı əsas götürən prinsiplər üzərində bərqərar olmuşdur.
Əxilər ustalıq dərəcəsinə çatdıqda “önlük taxma” mərasimi keçirər və rəmzi olaraq aşağıdakı mənanı daşımaqla 7 dəfə önlüyü açıb bağlayardılar:
1. Xəsislik qapısını bağlamaq, comərdlik qapısını açmaq,
2. Qəhr və zülm qapısını bağlamaq, helm və mülayimlik qapısını açmaq,
3. Hərislik qapısını bağlamaq, qənaət və riza qapısını açmaq,
4. Toxluq və ləzzət qapısını bağlamaq, riyazat qapısını açmaq,
5. Xalqdan ummaq qapısını bağlamaq, Haqdan ummaq qapısını açmaq,
6. Hərzə və sayıqlama qapısını bağlamaq, zikr və oxumaq qapısını açmaq,
7. Şeytani işlər qapısını bağlamaq, Rəhmani işlər qapısını açmaq.
Əxi Evrən yeni gələn əxilərə nəsihətində “əlini, süfrəni və qapını açıq; gözünü, dilini və belini bağlı saxla” deyərdi. Əxilik təşkilatı əsaslandığı dəyərlər çərçivəsində, rəqabətə deyil, işbirliyinə, çox qazanmaq deyil, az, lakin halal qazanmaq prinsiplərinə bağlı olaraq qurulmuşdur. Əxilər siftə etməyən yoldaşlarının malını satmasını təmin etmək üçün gələn müştəriyə mal satmaz, onu əvvəlcə siftə etməyən yoldaşlarına yönəldərdilər. Beləliklə, gün ərzində, demək olar ki, siftə etməyən əxi qalmazdı.
“Ortaq sandıq” adını verdikləri sandığa əxilər mütəmadi olaraq pul qoyar və həmin puldan yeni mağaza açmaq istəyən və ya pula ehtiyacı olan əxilər faydalanardılar. Bu qardaşlıq fəaliyyəti nəticəsində hər bir əxi qarabazara və ya sələmçilərə ehtiyac hiss etmədən, heç kimsənin qarşısında minnətli olmadan ehtiyaclarını qarşılayardı.
Əxi təşkilatının bir növ nizamnaməsi hökmündə olan fütüvvətnamələrə əsasən hər əxiyə ancaq bir sənətlə və ya işlə məşğul olmağa icazə verilərdi. Beləlikə, başqalarının qazanc sahəsinə müdaxilə edilməsinin qarşısı alınardı. Bununla, eyni zamanda həm hər əxi öz sahəsində zamanla ixtisaslaşaraq ustalaşar, həm də daha keyfiyyətli mal istehsal edərdi.
XVIII əsrə aid bir fütüvvətnamədə bir əxinin ancaq 18 dirhəm gümüş dəyərinə bərabər sərmayəsinin olması, artıq olanını isə infaq etməli olduğu yazılmışdır. Sadəcə bu qayda belə, əxi təşkilatında iman əsaslı əxlaqın və qardaşlığın nə qədər yüksək səviyyədə olmasını göstərmək üçün kifayətdir.
Qardaşlıq ruhunun ticarətdəki ən yüksək inikası olan əxilik təşkilatı öz iş prinsipləri və iqtisadi mexanizmləri ilə özündən çox sonralar qurulan təşkilatların və iqtisadi modellərin ilham mənbəyi olmuşdur. Məsələn, Franz Taeschner, alman həmkarlar ittifaqı fəlsəfəsi və idarəetmə metoduna əxiliyin büyük təsirinin olmasını bildirmişdir. Qərbdə ilk dəfə Adam Smith tərəfindən 1776-cı ildə səsləndirilən (Millətlərin Rifahı kitabında) hər kəsin öz sahəsində ixtisaslaşması fikri hələ ondan çox əvvəl əxi təşkilatının əsas prinsipi kimi mövcud olmuş və yuxarıda da göstərdiyimiz kimi tətbiq olunmuşdur. İngilis tədqiqatçı John B. Higgins "Ortaq sandıq"ların müasir kooperativlərin ideya mənbəyi olduğunu qeyd edir.
Görüldüyü kimi, mədəniyyətimizdən bəhrələnənlər elə həmin mədəniyyəti “geridə qalmış” kimi qələmə verərək bizi özümüzdən ayrı saldılar. Halbuki hər sahədə olduğu kimi, ticarət və iqtisadi həyatda da bizi yüksəldəcək olan yalnız inancımız və dəyərlərimiz olacaqdır.
ŞƏRHLƏR