Prof. Dr. Bilal KEMİKLİ - QURAN VƏ HƏDİS OLMADAN TÜRK ƏDƏBİYYATI OLMAZ.
İrfan: Bilal bəy, əvvəlcə jurnalımız adından sizə xoş gəlmisiniz deyirik. Ölkə prezidentinin qərarı ilə bu il Azərbaycanda “Nəsimi ili” elan olundu və sizin Azərbaycanda olma məqsədiniz də məhz budur. Belə bir sualla başlayaq: Nəsimilər, Füzulilər, Mövlanalar, Yunus Əmrələr bizim dəyərimizdir, - deyirik. Nədir onların dəyəri, bizim üçün hansı dəyəri ifadə edirlər?
Bilal Kemikli: Bir millətin müsəlman olması demək, sadəcə kəlmeyi-şəhadət gətirərək İslam çərçivəsinə girməkdən ibarət deyil. Dilin, mədəniyyətin, zehniyyətin də müsəlman olması şərtdir. Türk dünyasını İslamlaşdıran, bütün türk torpaqlarına İslamın yayılmasında böyük əməyi olan Əhməd Yəsəvi həzrətlərinin adını çəkmək istəyirəm. Çünki o, bir şair idi və söylədiyi şeirləri ilə İslam hikmətini dilə gətirərək insanlığa doğru yolu göstərmək dərdində idi. Onun yetişməsində böyük əməyi olanlardan biri Yusuf Həmədani idi. Həmədani böyük alim idi, xüsusilə fiqh sahəsində söz sahibi idi. Bu misalla nə demək istəyirəm? Bizim klassik şeirimizi, Nizamini, Nəsimini, Füzulini, Şəms Təbrizini anlamaq üçün hər şeydən əvvəl dini dəyərlərimizə, islami elmlərə vaqif olmalıyıq. Çünki İslam həqiqətlərindən bixəbər qalaraq onların şeirlərini, qələmə aldıqlarını başa düşmək mümkün deyil. Bir sözlə, İslamın elm tarixini bilmək şərtdir. Yusuf Xas Hacib, Mahmud Kaşqarlı kimi zatlar Türk dünyasını İslamla yoğuran dahi şəxsiyyətlərdir. Əhməd Yəsəvi isə dilimizi müsəlmanlaşdıran və bizə irfan yolunu təlim edən dəyərimizdir. Eyni zamanda Türk-İslam Ədəbiyyatının da təməlini qoymuşdur. Sonrakı dövrlərdə də bu ədəbiyyat fərqli bölgələrə görə müxtəliflik ərz edərək rəngarənglik ortaya qoymuşdur. Amma hər birinin mayasında İslam var. Bizim düşüncəmizə görə, Quran və hədis olmadan ədəbiyyat olmaz. Ədəbiyyatımızın təməlində İslam olduğuna görə, sözünü etdiyimiz ədəbiyyatçılarımız da bizə dinimizin gözəlliklərini təlqin edirlər. Məhz ona görə də hər birinə dəyərlərimiz deyirik. Onlar dinimizin və dilimizin bir parçasıdırlar.
- Hər birinin bahabiçilməz bir xəzinə olduğunu söyləyirik. Amma belə bir problem var. Yetişməkdə olan gənclik aradan keçən zaman içərisində dilimizin dəyişməsi ilə qədim şairlərimizi dərk edə bilmir və təbii olaraq uzaqlaşırlar. Bu şairlərimizi onlara necə sevdirməliyik?
- Yaşadığımız dövrdə Facebook, İnstagram, Tvitter kimi vasitələrin vüsət aldığını görürük. Bu gün hər şey gözə xitab edir. Biz də ilk növbədə dahilərimizin dilini bilməli və bu vasitələrdən istifadə edərək gənclərə çatdırmalıyıq. Onlar mesajı hansı vasitələrlə alırlarsa, biz də o vasitələrlə verməliyik. Öncəliklə diqqətlərini çəkməliyik. “Biz buradayıq” deyə bilməliyik. Bu da yetməz. Söylədiklərimizdə səmimi olmalıyıq. Modern insan səmimiyyətdən məhrum qaldı. Bir çox insan tanıyıram ki, modern dili bilməsə də, sırf səmimi olduğu üçün kütlələr üzərində təsir sahibidirlər. Demək, biz dəyərlərimiz dediyimiz Füzuliləri, Nəsimiləri, Yunusları öncəliklə yaxından tanımalı, anlamalı, sonra yaşadığımız zəmanənin imkanlarından faydalanaraq yeni nəsillərə səmimiyyətlə ötürməyə çalışmalıyıq. Təsirli olmanın düsturu budur.
- Bilal bəy, Nəsimidən söz açarkən belə bir sual da vermək istəyirik. İslam dünyasında Nəsimini dəyərləndirərkən iki ana fikrin hakim olduğunu görürük: Özünü Allaha fəda etmiş, fəna məqamına qovuşmuş Haqq aşiqi və şeirlərində küfr, üsyan ifadələri olan asi bir şair... Sizcə Nəsimi hansıdır?
- Bu dediyiniz yanaşma tərzi sadəcə Nəsimi ilə məhdud deyil. Anadoluda da Yunus üçün eyni şeyi söylədilər, Mövlananı da bu kimi fikirlərlə ittiham etdilər. Yunusu və Mövlananı dərviş kimi tanıtma axını daha yeni başladı. 30-40 il əvvəl insanlar onlar haqda başqa fikirdə idilər. Hər şeydən əvvəl bunu bilməliyik: Onlar əslində nə isə söyləmək üçün meydana çıxmadılar. Onlar özlərini, öz həqiqətlərini kəşf etmək üçün bir yola girdilər. Bu yolda öz mənalarını kəşf etdilər. Sonra kəşf etdikləri o mənanı dilə gətirməyə başladılar. İlahi eşqin bülbülü oldular. Onlar şairlikdən əvvəl aşiq oldular. Biz isə sadəcə şair tərəflərinə ilişib qaldıq və humanist şair deyə tərif etməyə başladıq. Əlbəttə ki, Yunus insanı sevdi, amma humanistlər kimi onu tanrılaşdırmadı. İnsanı Allah üçün sevdi. Sadəcə insanımı, xeyr! Qarışqanı sevdi, sarı çiçəklə danışdı...
Nəsiminin müsəlman olmasında heç bir şübhəmiz yoxdur. Amma onu dəyərləndirərkən öncə Nəsimini yetişdirən intellektual mühiti ələ almalıyıq. Çünki insanı yetişdirən mühitdir. Nəsimi hürufilik mühitində yetişdi. Bektaşi və qələndəri olduğunu da söyləyənlər var, amma hürufi olduğu fikri daha basqındır. Nəsiminin həyatına baxanda İslam coğrafiyasının bir çox bölgəsini gəzdiyini və dolayısı ilə fərqli təsirlənmələrə məruz qaldığını söyləyə bilərik. O dövrdə mövcud hakim dairələr hürufiliyi qeyri-məşru elan etdikləri üçün Nəsiminin edamına qərar vermişdilər. Çünki hürufilikdə İslam təsəvvüfündən uzaq qalan, gerçək dini kimliyə zidd fikirlər vardı. Təbii ki, Nəsimidə də bu kimi düşüncələr baş qaldırmışdı və nəticədə edam edilməsinə hökm verilmişdir. Bəlkə də, Nəsimi “Ənəlhəqq” deyərkən heç o mənəvi halı yaşamamışdır, sadəcə yaşanan bir halı tərif etmiş, içindən gəldiyi mühitə tərcüman olmuşdur. Bəli, dövrün fəqihlərinə görə, fitnəni önləmək məqsədi ilə Nəsiminin edamına qərar verilmiş, amma mürtəd elan edilməmişdir. Son olaraq deyə bilərik ki, Nəsimi də digər klassik şairlərimiz kimi bir dəyərdir və biz bu dəyərlərimizə sahib çıxmalıyıq. Hər hansı bir qrupa aid edib kənarlaşdırmaq doğru olmaz.
- Dəyərli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik.
- Mən də öz növbəmdə sizə təşəkkür edir, “İrfan” oxucularını buradan salamlayıram!
ŞƏRHLƏR