BİR AYƏ
بسم الله الرحمن الرحيم
اَلَمْ يَأْنِ لِلَّذِينَ اٰمَنُوا اَنْ تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ اللّٰهِ وَمَا نَزَلَ مِنَ الْحَقِّ وَلَا يَكُونُوا كَالَّذِينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلُ فَطَالَ عَلَيْهِمُ الْاَمَدُ فَقَسَتْ قُلُوبُهُمْ وَكَثِيرٌ مِنْهُمْ فَاسِقُونَ
“İman gətirənlərin Allahı zikr etmək və Ondan nazil olan (Quran) səbəbilə qəlblərinin ürpərmə vaxtı gəlib çatmadımı?! Onlar da daha əvvəl kitab verilənlər kimi olmasınlar! Onların (peyğəmbərlərinin göndərilməsinin) üzərindən uzun bir vaxt keçmiş, buna görə də qəlbləri sərtləşmişdir. Onların bir çoxu doğru yoldan çıxmış kimsələrdir”. (əl-Hədid, 57/16)
Təfsirlərdə qeyd edilən rəvayətə görə, ilk müsəlmanlar Məkkədən Mədinəyə hicrət etdikdən sonra maddi vəziyyətləri yaxşılaşmış və rahatlığa qovuşmuşdular. Bunun nəticəsində bəzi səhabələr dini vəcibələrinin ədasına laqeyd yanaşmağa və nafilə ibadətləri ehmal etməyə başlamışdılar. Məhz buna görə də bu ayeyi-kərimə nazil olmuş və ümumiyyətlə ibadət və itaətlərinə ehmalkar davranan möminlər xəbərdar edilmişlər. Digər bir rəvayətə görə, Həzrət Əbu Bəkrin (r.ə) yanında Yəmamədən gələn bir heyət var ikən bu ayeyi-kərimə oxunmuşdu. Yəmaməlilər bu ayəni eşidincə ağlamağa başlamışdılar. Bu zaman Həzrət Əbu Bəkr (r.ə.): “Biz də belə idik. Ta ki, qəlblərimiz qatılaşdı”, - deyərək bu təhlükəyə diqqət çəkmişdi.
Allah-Təala bu ayeyi-kərimədə qəflətdə olan bəzi möminləri mənəvi oyanışa dəvət edir. Qurani-Kərim və zikr ilə qəlblərində Allah qorxusunun təzahür etməsini istəyir. Eyni zamanda ayədə əhli-kitabın haqdan üz çevirib qəlblərinin qatılaşması ilə möminlərin halı müqayisə edilir. Çünki Həzrət Musaya (ə.s) və Həzrət İsaya (ə.s) ilk iman gətirənlər səmimi möminlər idi. Ancaq aradan bir müddət keçdikdən sonra onların nəsilləri dini təhrif etməyə başladılar və beləcə, qəlbləri qatılaşdı. Burada həmçinin zamanın insan psixologiyası üzərindəki təsirinə işarə edilir. Belə ki, bir insanın ilk dəfə gördüyü bir şeyə qarşı həyəcanı bir müddət sonra sönür. Ancaq Allah-Təala möminlərdəki iman və ibadət həyəcanının sönməməsini istəyir və sanki onlardan gileylənir.
Digər tərəfdən, Uca Allah müsəlmanları xəbərdar edir ki, əgər qəlblərini iman həyəcanı ilə parlatmazlarsa və ibadətlərinə biganə yanaşarlarsa, bir müddət sonra qəlbləri qatılaşacaq və onlardakı iman nuru sönüb gedəcəkdir. Həqiqətən də, insanın qəlbi dəyişkəndir. Qəlbdəki iman həyəcanının sönməməsi üçün qəlb daim Quranla, zikrlə məşğul olmalı və ona həyəcan qatacaq mühitlərdən ayrı düşməməlidir. Həzrət Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Qul bir günah işlədiyi zaman qəlbində qara bir nöqtə meydana gələr. Peşman olub tövbə edincə qəlbi parıldayar. Ancaq tövbə etməyib günahda israr edərsə, qara nöqtələr çoxalar və nəhayət, onun bütün qəlbini bürüyər. Allahın “Xeyr! Onların qazandıqları qəlblərini bürümüşdür” (əl-Mütəffifin, 83/14) kəlamında bildirilən məhz budur!” (Tirmizi, Təfsirül-Quran, 83)
ŞƏRHLƏR