İKİ QARDAŞ
İki qardaş atalarından qalan torpaqlarda taxıl əkirdilər. Qardaşlardan biri evli idi. Üstəlk, ailəsi də böyük idi. O biri qardaş isə evlənməmişdi. Onlar hər gün axşama qədər əkində işləyir, yığdıqları taxılı yarı bölürdülər.
Bir gün subay qardaş öz-özünə:
“Qardaşımla taxılı yarı bölürük. Halbuki mən təkəm. Bu qədərinə ehtiyacım yoxdur”, - deyə düşündü və beləliklə, hər gecə anbarından bir çuval taxıl götürüb gizlicə evli qardaşının anbarına aparmağa başladı. Bu vaxt evli qardaş da:
“Qardaşımla taxılı yarı bölürük. Halbuki mən evliyəm. Qocalanda ailəm mənə baxa bilər. Onun isə heç kimi yoxdur”, - deyə düşündü və beləliklə, o da hər gecə anbarından bir çuval taxıl götürüb gizlicə subay qardaşının anbarına aparmağa başladı.
Bu, bir neçə il beləcə davam etdi. Ancaq anbarlarından taxıl azalamırdı ki, azalmırdı. Və bu, qardaşları çox düşündürürdü.
Bir gecə iki qardaş yenə bir-birilərinin anbarına gizlicə taxıl aparanda yolda qarşılaşdılar. Artıq hər şey üzə çıxmışdı. Çuvallarını yerə qoyaraq bir-birinə möhkəm-möhkəm sarıldılar.
Yuxu
Bir vaxtlar iki qardaş var idi. Böyük qardaş kəndin ağası idi. O qədər varlı idi ki, hamı onun var-dövlətindən danışırdı. Kiçik qardaş isə böyük qardaşın yanında bir qarın çörəyə işləyirdi…
Bir gün kiçik qardaş bir ağacın altında oturur. Çox yorulduğu üçün onu yuxu tutur. Çox keçməmiş böyük qardaş gəlir. Ayağı ilə kiçik qardaşı vurub: “Qalx, iş vaxtı yatmaq olmaz. Unutma ki, işləməyən dişləməz”, – deyir. Kiçik qardaş yarıyuxulu oyanıb, gözlərini ovuşdurur və: “Qardaş, məni niyə oyatdın? Çox gözəl bir yuxu görürdüm. Yuxuda böyük torpaqlarım, sürü ilə atım, mal-qaram, ucu-bucağı görünməyən otlaqlarım, var-dövlətim var idi. O qədər gözəl bir yuxu idi ki… Kaş ki, məni oyatmayaydın!” – deyir. Böyük qardaş istehza ilə kiçik qardaşa baxır və: “Sən bu saydıqlarını yuxuda görürsən. Ancaq bütün bunlar məndə indi var”, – deyə cavab verir. Kiçik qardaş bir az fikrə gedir, sonra böyük qardaşa üz tutub deyir: “Qardaş, əslində biz ikimiz də yuxu görürük. Sadəcə olaraq fərq ondadır ki, mənim yuxum mən gözlərimi açanda qurtarır, sənin yuxun isə sən gözlərini yumanda qurtaracaq”.
Əsl dəyər
Sevgili Peyğəmbərimizi (s.ə.s) çox sevən bir adam var idi. Çöldə yaşayırdı. Bir az eybəcər idi. Mədinəyə gəlib getdikcə Peyğəmbərimizə çiçəklər və müxtəlif meyvələr gətirərdi. Peyğəmbərimiz də onun ehtiyac duyduğu növbənöv şeylər verər və onu sevindirərdi. Bir gün onu bazarda gördü. Səsizcə arxasından yaxınlaşdı və qucaqlayaraq gözlərini tutdu: “Kim bu qulu satın almaq istəyər!” – buyurdu. O adam, özünü bu şəkildə tutan şəxsin sevgili Peyğəmbərimiz olduğunu səsindən anlamışdı. “Ey Allahın Rəsulu! Mənim kimi çirkin bir qul kimə lazımdır? Məni satmaqla o qədər də çox şey qazanmayacaqsan!” - dedi. Peyğəmbərimiz isə ona: “Görünüşünə aldananlar, bəlkə, sənə artıq pul verməzlər. Amma Allah qatında dəyərin çox böyükdür!” - deyərək ona ehtiram göstərdi və qəlbini sevindirdi.
ŞƏRHLƏR