QOCALAR EVİNİN “DƏLİQANLI”SI
Qocalar evində liftin yan tərəfində divardan yaşlı bir babanın fotoşəkli asılıb. Şəkildəki qoca gülümsəyir; altına da: “qocalar evimizin buaykı dəliqanlısı” yazılıb.
Yaşlı adamın şəklinin düz üstündə böyük bir sıfır görünür; liftin ən alt mərtəbədə olduğunu bildirir. Uşaqlıq və yeniyetməlik illəri insanı yüksək xəyallarla uçurdar. Qocalıq isə insanı “sıfırıncı” mərtəbəyə çəkər. Sonra da “ayın dəliqanlısı” deyə elan verər və insanı gülünc vəziyyətə salar. Bəs sıfırdan sonra?..
Gözəl baba, yolçu baba, sən də bilirsən ki, ayın dəliqanlısı deyilsən. Sən də cavanlığın bundan sonra ancaq cənnətdə yaşana biləcəyinin fərqindəsən. O gülümsəmənin altında hansı acıların, kədərlərin var?.. Oğulların, qızların, nəvələrin axırıncı dəfə nə vaxt yanına gəldi? Dünyadan doydunmu? Bu gün ən böyük kirlər gigiyena maskası altında gizlənir, ən böyük acılar isə saxta gülüşlərin. “Göründüyü kimi olmamaq, olduğu kimi görünməmək” bu günün ən böyük problemlərindən biridir. İnsanlar instagramda göründüyü, söhbətlərdə danışdığı/dinlədiyi, sətirlərə yazdığı kimi olsaydı, dünya cənnətdən bircə mərtəbə aşağıda qalardı.
Beş uşaq böyütmüş olan anam tez-tez: “övlad dəniz kimidir; nə keçə bilərsən, nə də içə bilərsən”, - deyərdi. İllər əvvəl anam beş uşaq böyüdərkən bir gün nəyəsə əsəbiləşib: “nədir sizin əlinizdən çəkdiyim!” – demişdi. Onu eşidən qonşulardan biri: “Əminə bacı, heç belə sözlər demə. İndi uşaqların ən yaxşı vaxtıdır; uşaqlar böyüdükcə dərdləri də böyüyər”, - deyibmiş. Yanmayan, dərdlənməyən, içi sızıldamayan biri belə bir söz deyə bilməz. Sonralar uşaqlar haqqındakı bu iki sözü anamdan çox eşitdim. İstədim ki, Azərbaycan da oxuyub eşitsin.
Ayın dəliqanlısı seçilən baba! İnsan böyüdükcə dərdlərinin artması Əzrayıl gəlib əmanətini götürənə qədər davam edər, elə deyilmi?
Bu gün “qardaş” sözü olduqca çox işlədilir. Qardaşlıq sözdə artır, özdə isə azalır. “Qardaş” sözünü eşidəndə irkilmədiyimi desəm, yalan olar. “Qardaşım” deyən şəxs bu sözün haqqını verməlidir. İnsan buraxacağı əli tutmamalı, tutacağı əli də buraxmamalıdır.
Dünyaya göz açdığım Adana şəhərində də eynilə Azərbaycandakı kimi “qardaş” sözü çox işlədilir. Halbuki ən böyük itkilər, ən dərin hüznlər çox vaxt “qardaş” sözündən sonra yaşanmışdır. Sezai Karakoç: “Qardaş, qardaş, - demək kifayət etmir! Habilsən, yoxsa Qabil? Bunu dəqiqləşdirmək lazımdır!..” – deyir. İslam ümmətinin yayıldığı dövlətlər, ölkələr, şəhərlər, kəndlər düşünülsə, hamısı qardaşdır.
Hucurat surəsində “qardaşlıq” qiyamətə qədər dəyişməyəcək bir sözlə: “Bütün möminlər qardaşdır!” – ifadəsi ilə elan edilmişdir. Bütün möminlər qardaşdır, amma kimisi Qabil, kimisi də Habil kimidir. Yusufu quyuya atan qardaşları da unutmamaq lazımdır. İnsan ən böyük zərbəni ən yaxınlarından görür, başqalarından deyil!..
Qocalar evində ayın dəliqanlısı seçilən baba! Sənə baxdım, öz aqibətimizi düşündüm, “nəsihət olaraq qocalar evi yetər”, elə deyilmi? Biz: “qardaş var Habil kimi, qardaş da var Qabil kimi”, - deyirik. Sən də: “övlad var belə, övlad da var elə”, - deyirsən? Səni ən çox kədərləndirənlər kimlər idi, ən yaxınların?..
Uşaqlar indiki anı, bir az sonranı, uzaqbaşı sabahı fikirləşər. Gənclərin gözü də gələcəkdədir. Bəs sənin gözün haradadır? İrəli baxanda qəbir, geri baxanda xatirələr görünür, elə deyilmi? Hansına daha çox baxırsan? Hər kəsin yaşamaq, amma yaşlanmamaq istədiyi bir dünyadayıq; cənnəti bu dünyada yaşamaq istəyirik.
Məktəblərdə “ilin tələbəsi” deyə fəxri ad eşitmişdim, amma yaşlılar arasında “ayın dəliqanlısı” titulunu yeni eşitdim. Qocalar evinin işçisindən bunun nə məna ifadə etdiyini soruşdum. Gülərək belə cavab verdi: “Hər ay sıra ilə bir yaşlını ayın dəliqanlısı seçirik. Bağçada gülləri sulayan borunu qaldıra bilirsə, yerdən bir-iki zibil götürmüşsə, həmin ay xəstələnməmişsə, onu o ayın dəliqanlısı elan edirik. Məqsədimiz qocalara mənəvi dəstək, həvəs verməkdir”. Belə çıxır ki, o qocalar evində qalanların hamısı bir gün mütləq ayın dəliqanlısı seçiləcək.
Dəliqanlılıq nədir? Köynəyin yaxa düymələrini açıb, təkəbbürlə yerimək, lovğalanmaq və dalaşqan olmaqdır? Yoxsa dəliqanlılıq harama və günahlara əsir olmaqdır? Xeyr! Dəliqanlılıq (əsl qoçaqlıq) sübh namazına qalxmaq, Züleyxadan üz çevirə bilməkdir. Ticarət və alış-verişin Allahı unutdurmadığı insan olmaqdır, dəliqanlılıq. Haram yeməmək, içi-çölü eyni olmaq, öz istədiyi kimi deyil, İslamın istədiyi kimi yaşamaqdır, dəliqanlılıq. Dəliqanlılıq Musa Topbaş həzrətlərinin zəkat üçün ayrı, sədəqə üçün ayrı dəftər tutaraq möhtərəm oğluna: “sədəqələrin hər zaman zəkatından çox olsun”, - deməsidir. Bu gün sədəqəsi zəkatından çox olan neçə “dəliqanlı” var?
ŞƏRHLƏR