HƏMRƏYLİK NÜMUNƏSİ
Saniyələr dəqiqələri, dəqiqələr saatları, saatlar günləri, günlər həftələri, həftələr ayları, aylar fəsilləri, fəsillər isə illəri qovmaqda davam edir. Gündən-günə dəyişən dünyamız dayanmadan inkişaf edir. Hər ötüb keçən təqvim ili bir çox yadda qalan yaxşı və ya pis xatirələri ilə bizdən uzaqlaşır. Artıq yeni bir təqvim ilinin sonuna yaxınlaşmışıq. Geridə qoyduğumuz il bizim üçün keçmişdə qaldı. Qazandığımız uğurlar və ya itirdiyimiz şansları bizim üçün bir o qədər də əlçatan deyil. Müdrik bir şəxsin dediyi kimi: “Arif insan hər gün yatarkən özünü və nəfsini imtahan etməlidir”. Bu gün Allah üçün nə etdim? Bu gün vətənim, dövlətim üçün nə etdim? Artıq ilin sonuna yaxınlaşdığımız bu günlərdə sualı daha əhatəli səsləndirə bilərik: Bu il Allah üçün nə etdim, hansı əməlimlə cəhənnəmdən daha da uzaqlaşa bildim, hansı əməlim məni daha da cənnətə yaxınlaşdırdı? Bu il dövlətim üçün nə faydam oldu, onun dirçəlməsi, möhkəmlənməsi və səadəti uğrunda nə edə bildim? Artıq bu kimi sualları verərək özümüzü imtahan etməyin vaxtıdır.
Ölkəmizdə və dünyanın əksər ölkələrində yaşayan azərbaycanlılar hər il dekabr ayının sonunu “həmrəylik günü” olaraq qeyd edirlər. Azərbaycanlılar min illər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, bölünüb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, həmçinin iş tapmaq, təhsil almaq məqsədi ilə doğma vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın bir çox yerində azərbaycanlılar yaşayırlar.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasında milli, irsi, insani və qohumluq əlaqələrinin bərpası məqsədi ilə baş götürən etiraz aksiyaları “Sərhəd hərəkatı” adı ilə davam edərək həmrəylik tariximizin növbəti parlaq səhifəsi oldu. 1990-cı ilin sonunda Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Türk dərnəkləri qurultayında bu xalq hərəkatının davamı olaraq milli birlik və həmrəylik yolunda atılan böyük addımlardan biri də 31 dekabr gününün həmrəylik günü olaraq qeyd edilməsinin zəruri olduğunu qərara almaq oldu.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Naxçıvan MR Ali Məclisinin bu qərarını əsas tutaraq Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası da 1991-ci il dekabr ayının 25-də qərara gəldi ki, hər il dekabrın 31-i dünyada yaşayan Azərbaycanlıların həmrəylik günü kimi qeyd edilsin. Qərarda yer alan digər 6 bənddə isə həmin günün Dövlət bayramı kimi qeyd edilməsi və bu günün qeyri-iş günü hesab edilməsi kimi başlıqlar yer alırdı. Beləliklə, bu gün də bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməyə başlandı.
Dini aspektdən bu hadisəyə yanaşdığımız zaman bunu deyə bilərik ki, İslam dini bizi bir olmağa, birlik olmağa, cəm olmağa səsləyən ümumbəşəri bir dindir. Dinimiz yalnızlığın Allaha xas olduğunu vurğulamaqla bərabər insanlar üçün ictimai vəhdətin əhəmiyyətinə diqqət çəkmişdir. Bu bayram bizim üçün uzun zaman bir-birinə həsrət qalan bütün azərbaycanlıları birlik və həmrəylik duyğuları içində birləşdirməyə çalışan simvolik nişan olsa da, milli və mənəvi dəyərlərin möhkəmlənməsində, keçmişimizdən güc alaraq gələcəyə daha böyük ümidlərlə, nikbin addımlarla irəliləməyimizdə də mühüm rol oynayır.
ŞƏRHLƏR