HƏQİQİ MÖMİNLƏR

HƏQİQİ MÖMİNLƏR

Peyğəmbərimiz (s.ə.s) cənnətə zəmanət sayılacaq əməlləri bildirən hədislərindən birində: “Mənə on ayə endirildi. Kim o ayələrlə əməl edəcəyinə zəmanət verərsə, mən də ona cənnətə zəmanət verərəm” (Tirmizi, Təfsir 23), - buyurmuş, daha sonra  da bu  ayələri oxumuşdur:
Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!) 
O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər. 
O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər. 
 O kəslər ki, zəkat verərlər.
O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar.
Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. 
Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır). 
O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər).
Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar).
Onlardır (bilin) varis olanlar –
Firdövs cənnətinə varis olanlar, orada əbədi qalanlar!  (əl-Muminun, 1-11)
Göründüyü kimi, bu ayələrdə möminləri dünya və axirət sıxıntılarından qurtaracaq bir çox xüsuslar var. Bəziləri bunlardır:
Namaz qılmaq: Namaz dinin dirəyi, mömin üçün göylərə açılan qapı, imanın qoruyucu qalxanı, cənnətin açarıdır. 
  “(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtlı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın calalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!”  (əl- Ənkəbut, 45)
Rəsulullah (s.ə.s) namaz qılan, amma hələ də pis işlərini tərk etməyən biri haqqında: "Kim namaz qıldığı halda o namaz özünü həyasızlıqdan və pislikdən uzaqlaşdırmazsa, o namaz olsa-olsa onun Allahdan daha çox uzaqlaşmasına səbəb olar" (Münavi, Feyzül-qadir, VI, 221.) – buyurmuşdur. Günahları tərk etməkdə ən güclü amil namaz sayıla bilər. Amma hansı namaz? Hansı əhvali-ruhiyyədə qılınan namaz? Bu sualların cavabını Quran belə verməkdədir: 
“Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!)  O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər (Allahın qarşısında kiçilərlər)”.  (əl- Muminin, 1-2)
Namaz qılan insan Allaha yaxın olar. Şeytandan və şeytanı sevindirən əməllərdən uzaq olar. Ruhən və bədənən, ən əsası da vicdanən pak olar. Stress, qəzəb kimi psixoloji və oynaq ağrıları kimi bir çox bədən xəstəliklərinə olan müsbət təsiri isə tamamilə ayrı bir mövzudur.
Lağlağıdan çəkinmək: Peyğəmbərimiz (s.ə.s) bir hədisində: “Lazımsız işləri tərk etmək  adamın gözəl müsəlmanlığındandır” (Malik b. Ənəs; Muvatta, Hüsnü-Xulq 3, Tirmizi, Zöhd 11; İbn Macə, Fitən 12) – buyurmuşdur. Günlük həyatda o qədər lazımsız işlər var ki, bunları saymaq belə lazımsız işlərlə məşğuliyyətdir. Lağa qoymaq da bu qəbildən olub, Allahın qadağan etdiyi pis işlərdəndir:
“(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!”  (əl- Huməzə, 1)
“Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır!”  (əl-Hucurat, 11)
 
Zəkat vermək: Zəkat həm dini, həm iqtisadi, həm də ictimai bir ibadətdir. Zəkatını düzgün verən bir cəmiyyətdə ac, yoxsul, dilənçi və möhtac insan tapa bilməzsən. Zəkatda malı təmizləməklə bərabər qəlbini də mala olan sevgidən təmizləmək vardır. Allah Quranda bir çox yerdə namazla zəkatı bərabər zikr etmişdir. Müfəssirlərə görə, burada Allah namazı öz haqqı olaraq, zəkatı isə qulun haqqı olaraq ifadə edir. Zəkat İslamın səadət körpüsüdür; zəngin ilə yoxsulun sülh və barışıq içində yaşamasıdır. Bir ölkənin zənginlərinin verəcəyi zəkat, eyni zamanda həmin ölkənin iqtisadi böhrandan qorunması  deməkdir. 
İnsanın Allaha qarşı vəzifələrinə və cəmiyyət içindəki məsuliyyətlərinə diqqət göstərməsi təkcə özünün deyil, bütün cəmiyyətin rifahına xidmət göstərir. 
PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz