ƏSHABIN QARDAŞLIĞI

ƏSHABIN QARDAŞLIĞI

Həm Allah-Təalanın, həm də Peyğəmbərimizin (s.ə.s) möminlərin qardaş olduğunu elan etdiyini bilirik: “möminlər ancaq qardaşdırlar”. 
“Qardaş” eyni ana və ya atadan dünyaya gələn iki adamın arasındakı əlaqəyə verilən addır. Amma əsl qardaşlıq ürəkdə olan elə bir şüur və duyğu halıdır ki, bəzən arasında qan bağı olanlara belə nəsib olmaz. İlahi nemət olan bu cür qardaşlığın ən gözəl nümunələrini Peyğəmbərimizin (s.ə.s) və əshabının həyatında görmək mümkündür. Yoxsa səadət əsrini meydana gətirmək necə mümkün ola bilərdi?
Məsələn, İslamiyyətin hələ Məkkə illərində Hz. Həmzə Zeyd b. Harisə ilə, Əbu Ubeydə b. Cərrah Əbu Huzeyfənin azadlı köləsi Salam ilə, Ubeydə b. Haris isə Bilal Həbəşi ilə (r.anhum) azad və ya kölə olmalarına baxılmadan qardaş elan edilmişdilər (İbn Abdil-Bərr, Dürər: s. 90). 
Yaxud Hz. Əbu Bəkr, mömin qardaşı Bilala edilən işgəncələr qarşısında dözə bilmir, uzaqdan-yaxından bir qohumluq bağı və heç bir mənfəəti olmamasına baxmayaraq, Bilalın əsarətinə və əziyyətlərinə son vermək üçün bir çox kölə satın ala biləcək məbləği verərək onu azad etməkdən əsla çəkinmir. 
Əshab qardaşlığının ən gözəl nümunələrindən biri də ənsardan Hz. Sad bin Rəbi ilə mühacirdən Hz. Abdurrahman bin Avfın hekayəsidir. Bu iki nümunə səhabə Allah Rəsulu (s.ə.s) tərəfindən qardaş elan edilincə Sad (r.a) Abdurrahmana (r.a): "Qardaşım, mən Mədinənin ən zənginiyəm. Malımın yarısını götür. Nikahımda iki zövcəm var; bax, hansını istəsən boşayım, onunla evlən" təklifini etmişdi. Hz. Abdurrahman isə: "Allah ailəni də, malını da sənə mübarək etsin. Siz mənə bazarın yolunu göstərin", - dedi. Sonra getdi alış-veriş etdi, qazanc əldə etdi, axşama bir az pendir və yağ ilə evə döndü. Çox keçmədən təkrar zəngin oldu və evləndi”. (Buxari, Mənaqibul-ənsar)
Başqa bir nümunə; Hz. Cabirin (r.a) rəvayət etdiyinə görə, ənsar xurma məhsulunu mühacir qardaşları ilə belə bölüşdürürdü: Xurmaların yarpaqlı olanlarını bir yerə, yarpaqsızları isə digər bir yerə yığırdılar. Yarpaqlı tərəf çox görünməsinə baxmayaraq, xurması az idi. Mühacirlərə istədikləri qismi seçmələrini söyləyir, onlar da “xurmanın çoxu ənsara qalsın” deyə düşünərək az görünən qisimini seçirdilər. Ancaq əslində xurmaların çoxu mühacirlərə getmiş, azı isə ənsara qalmış olurdu. (Heysəmi, Məcməuz-Zəvaid, 10/40)
Hz. Hüzeyfənin (r.a) bəhs etdiyi bu hadisə də əshabın qardaşlıq səviyyəsini göstərən ən təsirli nümunələrdən biridir: "Yərmük savaşında idik. Savaşın şiddəti keçmiş, ox və nizə zərbələriylə yaralanan müsəlmanlar düşdükləri qızmar qumların üzərində can verməyə başlamışdılar. Bu vaxt mən də çox çətinliklə özümü yığışdıraraq əmim oğulunu axtarmağa başladım. Son anlarını yaşayan yaralıların arasında bir az gəzdikdən sonra, nəhayət, axtardığımı tapdım. Lakin artıq nə çarə, qan-rəvan içində yatan əmim oğlu, göz işarəsi ilə də olsa, çətinliklə su tuluğunu göstərirdi. Ona: “Su istəyirsənmi?” - dedim. Aydındır ki, istəyirdi, çünki dodaqları hərarətdən sanki qovrulmuşdu. Lakin cavab verəcək macalı yox idi. Mən tuluğun ağzını açdım, suyu ona doğru uzadarkən bir az kənardakı yaralıların arasından “su!..” deyə boğuq səs eşidildi. Əmim oğlu bu səsi eşidən kimi özündən imtina edərək göz işarəsiylə suyu dərhal ona aparmamı istədi. Qızğın qumların üzərində yatan şəhidlərin aralarından qaça-qaça ona çatdım və: “Su istəyirsən?” - deyə soruşdum. O da göz işarəsiylə “bəli” dedi. Suyu ona içirmək istəyərkən başqa bir yaralının “su!..” deyə iniltisi eşidildi. Bu əziz insan da suyu ona aparmamı işarə etdi. Qaçıb yanına çatdığımda onun artıq şəhid olduğunu gördüm. Dərhal ikinci yaralının yanına qayıtdım. Tuluğu uzadarkən bir də gördüm ki, artıq o da şəhid olub. Heç olmasa əmim oğluna çatım deyə düşünərək qaça-qaça ona getdim. Lakin gördüm ki, o da atəş kimi yanan qumların üzərində qovrula-qovrula ruhunu təslim etmişdi. Əlimdəki su qabı dolu olaraq üç şəhidin ortasında qaldı”. 
Hüzeyfə (r.a) o andakı halını belə izah edir: "Həyatımda bir çox hadisə ilə qarşılaşmışdım. Lakin heç biri məni bu qədər duyğulandırıb həyəcanlandırmadı. Aralarında qohumluq kimi bir bağ olmadığı halda onların bir-birilərinə qarşı bu dərəcədəki fədakar, canıyanan və şəfqətli halları qibtə ilə seyr edib heyran olduğum ən böyük iman cəladəti olaraq yaddaşımda dərin izlər buraxdı.
Bəli, mömin qardaşlığı söhbəti elə-belə quru bir iddiadan ibarət deyil. İşin məğzi qardaşının dərdi ilə dərdlənib ehtiyaclarını təmin etmək, fədakarlıq göstərmək və əlindəki neməti onunla paylaşa bilməkdir. Yuxarıdakı misalda da sərgiləndiyi kimi, gerçək qardaşlıq çətin zamanlardakı qardaşlıqdır.
PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz