Medet BALA - PAYLAŞMAQ QARDAŞLIQ HÜQUQUDUR

Medet BALA - PAYLAŞMAQ QARDAŞLIQ HÜQUQUDUR

İrfan: Medet bəy, əvvəla xoş gəlmisiniz. Bu gün sizinlə yardımsevərlik və paylaşmaq mövzusunda danışmaq istərdik. Dünyanın bir çox bölgəsində, müxtəlif ölkələrdə yardım fəaliyyəti göstərən bir təşkilatın, böyük bir vəqfin rəhbər vəzifəsində çalışırsınız. Ümumiyyətlə, vəqf deyəndə nə başa düşməliyik? 
Medet Bala: Biz mədəniyyətimizi anladarkən tez-tez “vəqf mədəniyyəti” ifadəsini işlədirik. Elə isə “vəqf nədir, necə yaranıb, niyə bu qədər əhəmiyyət verilib?” suallarına cavab axtarmaqla başlayaq. “Vəqf” sözünü çox fərqli təriflərlə izah edə bilərik. Amma sizin də sualınızda ifadə etdiyiniz kimi, paylaşmaq və yardımlaşmaq - hər nə qədər vəqfin bir bölümünü ifadə etsə də - bunun ən gözəl təriflərindən biridir. Bir sözlə, vəqflər: sevgi, şəfqət və mərhəmətin müəssisələşdiyi mərkəzlərdir. 
- İnsanları vəqf qurmağa sövq edən nədir? Yardımsevərlik duyğusu haradan qaynaqlanır?
- Biz müsəlmanıq. Əvvəla, belə bir öhdəlik bizim dini vəzifələrimizdən biridir. İslam dininin əmrlərində - ayeyi-kərimələrdə və Peyğəmbərimizin (s.ə.s) hədisi-şəriflərində yardımlaşma və paylaşmanı açıqlayan, təşviq edən saysız mesajlar var. Bir də bununla yanaşı, yardımlaşmanın şəxsən yaşanmış halı – Peyğəmbərimizin həyatı və onun yetişdirdiyi səhabələr var. Vəqf qurma fikrini meydana gətirən amillər əslində çox sadədir: Allah-Təala verdiyi ruzi və nemətləri başqaları ilə paylaşmağımızı əmr edir. Məsələn, Qurani-Kərimin elə baş tərəfində, Bəqərə surəsinin ilk ayələrində belə buyurulur: “O kəslər ki, qeybə iman edərlər, namazı qılarlar və özlərinə ruzi olaraq verdiklərimizdən başqalarına infaq edərlər”. Demək ki, paylaşmaq mömin kimsənin məziyyətlərindəndir. Ayeyi-kərimələrdə zəkat və infaq kəlməsi o qədər çox təkrarlanır ki... Məsələn, mallarını Allah yolunda infaq edənlərin dərəcələrinin qat-qat üstün olduğu, onların çox qiymətli olduğu anladılır. Başqa bir ayədə: sevdiyiniz şeylərdən infaq etmədikcə “birrə”, yəni kamil bir xeyir səviyyəsinə çata bilməzsiniz, - buyurulur. Bir çox ayədə də verərkən “bitməsindən qorxmayın” şəklində, infaq etdiyimiz müddətdə Allah-Təalanın onu “artıracağı”na dair ifadələr yer alır.   
- Bəs bunun həyatımıza əks etməsi necə olmalıdır?
- Peyğəmbərimiz (s.ə.s) buyurur ki: “İnsanların ən xeyirlisi digər insanlara faydalı olandır”. Yəni eqoist bir həyat tərzi münasib görülmür. Təkbaşına yaşamaq münasib görülmür. Hədislərdə qonşunu nəzərə almaq, ac olanı, kasıbı, ehtiyac içində olanı axtarıb tapmaq, onunla paylaşmaq, acılarına məlhəm olmaq tövsiyə olunur. Möhtac birinin ehtiyacını qarşılayan şəxs üçün, qiyamət günündə Allahın onun ehtiyacını qarşılayacağı ifadə edilir. Necə də gözəl bir müjdədir?!.. Hər birimiz bir gün öləcəyimizi bilirik. Bu dünya həyatının sona çatacağını da bilirik. Digər yandan da əməl dəftərimizin açıq qalmasını istəyirik. İnsanların göstərdiyi bütün səylərin mənası budur; çünki ölüm bizim üçün yox olmaq deyil. Peyğəmbərimiz buyurur ki, insan öldüyü zaman əməl dəftəri bağlanar, ancaq üç qrup insan bundan istisnadır: elmi ilə əməl edən, gözəl əsərlər qoyan, gözəl tələbələr yetişdirən alimlər; saleh övladlar yetişdirən ata-analar və bir də sadəqeyi-cariyə dediyimiz, qiyamətə qədər bitmədən davam edən sədəqə sahibi insanlar. “Davam edən sədəqə” nə deməkdir? – Bunlar: yollar, hamamlar, karvansaraylar, kitabxanalar, məktəblər, məscidlər, su quyuları, bulaqlar və s. kimi bütün insanlığın mənfəətinə xidmət edən xeyriyyə işləridir. Bu səbəblə, müsəlman aləmində xeyriyyəçilik sanki bir yarış halına gəlmişdir. Bunun üçün həddən artıq zəngin olmağı gözləmək də lazım deyil. Yeri gələndə insan bir qələmi də içində yer aldığı məktəbdə, müəssisədə vəqf edə bilər. Yetər ki, içimizdə səmimiyyət, Allah üçün bölüşmək duyğusu olsun. Peyğəmbərimizin (s.ə.s) də buyurduğu kimi: “Yarım xurma ilə də olsa, özünüzü atəşdən qoruyun”. Demək ki, əsas olan var olanı paylaşa bilməkdir. 
- Yəni deyirsiniz ki, yardım başqasına edilmiş olsa da, əslində insan özünə yaxşılıq etmiş olur. 
- Əlbəttə, zahirən karlı çıxan yardımı alan şəxs kimi görünsə də, əsl karlı çıxan o xeyri icra edəndir. Hətta o dünyası ilə bərabər bu dünyada da bunun faydasını görər; sevinc duyar, psixoloji olaraq da fərəh hiss edər. Bu xoş əhvali-ruhiyyə onun öz səhhətinə, ətrafındakı insanların əhvalına da müsbət təsir edər, həyatdan həzz almasına səbəb olar. Amma malını təkcə özü üçün yığan, başqa heç kimə xeyri dəyməyən, qonşusunu tanımayan, heç kəsə əl tutmayan insan, inanın ki, heç öz dünyasında da xoşbəxt deyildir, daim narahatlıq içindədir. Paylaşan insan sosial həyatında da, ailə həyatında da daha xoşbəxt bir həyat yaşamağa müvəffəq olar. Bir də ki, paylaşmaq təkcə dini bir vəzifə deyil, eyni zamanda ictimai bir məsuliyyətdir. Bir toplumda yanğın varsa, siz o yanğından kənarda qala bilməzsiniz. Məsələn, imkansız tələbələr cəmiyyətin yanğın yeridir, kömək üçün əl uzatmalısınız. Onun üçün bir təqaüd təşkil etmək, qalacaq yer ayırmaq, oxuması üçün şərait hazırlamaq ictimai bir məsuliyyətdir. Axşam yeməyinə heç nə tapa bilməyən ailə olsun, evlənə bilməyən bir gənci evləndirmək olsun, ictimai olaraq hiss edilən hansı ağrılı problem varsa, müsəlman üçün bunların hər biri məsuliyyət sahəsidir. 
- Bəzi insanlar etdiyi yardımın malında azalma meydana gətirəcəyini düşünərək bundan çəkinirlər. İnsanın yaxşılıq etməsinə mane olan bu düşüncəni necə dəf etmək olar?
- Qurani-Kərimdə mallarını infaq edənlərlə bağlı belə bir ayə var: “Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar…” (əl-Bəqərə, 261). Yəni bir yeddiyə çevrilir; Allah diləsə, qat-qat artır. Biz Qurana, içindəki ayələrə inanan insanlarıq. Mənim şəxsən tanıdığım bir çox böyük insan, zəngin kimsələr var ki, “mən verdikcə Allah mənə daha artığını verir” deyirlər. Amma burada işin bərəkətini qaçırmaması üçün buna diqqət ediləcək: sırf Allah üçün verəcək. Ətrafındakılar ona “nə çox yardımsevər insandır” desinlər deyə verərsə, göstəriş, təkəbbür, qürur araya girərsə, etdiyi yaxşılığı təhlükəyə atmış olar. Allah üçün edilən yardım elə olmalıdır ki, sağ əlin verdiyini sol əl hiss etməsin. Sədəqə elə verilməlidir ki, onu alan insan inciməsin, heysiyyəti zədələnməsin. Bunlara riayət edilərsə, inanın, bu ayənin təsiri gerçəkləşər, insanın malı da, ömrü də bərəkətlənər. Bu mənada bir daha vəqflərin oynadığı rolu vurğulamaq istəyirəm. Əslində vəqf ehtiyac sahibi ilə imkan sahibi arısında vasitəçi körpüdür. Çünki insan yardımı bir şəxsin əlindən almaqdan utana bilər, mənliyini alçalmış hiss edər. Amma vəqf və yardım fondu kimi təşkilatların göstərdiyi yardım müəssisə adından verildiyi üçün yardımı alan insan mənəvi olaraq əzilməz. Bu mənada vəqf həm ehtiyac sahələrini və ehtiyac sahiblərini təsbit etməsi baxımından, həm də ehtiyacların üsuluna uyğun şəkildə çatdırılması baxımından əhəmiyyət daşıyır. Bir yandan da kasıbın zənginə həsəd gözü ilə baxmasına mane olur, kasıb ilə zəngini barışdıraraq cəmiyyətin rifahına yardımçı olur. 
Əvvəllər təkcə qapı qonşumuz vardı. İndi ölkə olaraq bizdən daha çətin vəziyyətə düşən qonşularımız var. Müharibələrin, fəlakətlərin ardı-arası kəsilməyən bir dünyada yaşayırıq. Günümüzün imkanları ilə dünyanın ən ucqar yerinə 6-7 saatda gedə bildiyimizə görə, artıq qonşuluq da qloballaşıb. Yəni dünyanın hər hansı bir ağrılı bölgəsinə əliniz çatırsa, var olan imkanları paylaşmaq məsuliyyəti daşıyırsınız. Bu qardaşlıq duyğularının və iman həyəcanının meydana gətirdiyi paylaşma və yardımlaşma olmadığı müddətdə yaxşı bir müsəlman, yaxşı bir insan ola bilmərik. 
- Qiymətli təcrübələrinizi oxucularımızla bölüşdüyünüz üçün təşəkkür edirik.
- Mən də təşəkkür edirəm.
PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz