VIRTUAL ALUDƏÇILIK
Gənclərin dünyasını öyrənməyimiz üçün dövrümüzdə yaşayan gənclərin ən çox meyil etdikləri vərdişləri və həyatlarına məna qatan məfhumları araşdırmalıyıq.
Həm kompüter, həm də telefon, xüsusilə də bunlarda yer alan virtual oyunların gənclərimizin dünyasında yeri hər keçən gün artmaqdadır. Gəlin bu mövzuya faydalı görünən tərəflərindən başlayaraq nəzər yetirək:
1. Bəzi elmi araşdırmaların nəticələri göstərir ki, müəyyən oyunlar uşaqlara və onların inkişafına faydalı ola bilər. Bu mənada belə bir təcrübə aparılıb: Diqqət əskikliyindən əziyyət çəkən uşaqların beyin dalğaları ekrana əks etdirilir. Uşaqlara, beyinin diqqət mərkəzində nizamsız dalğalar görünənə qədər oyun oynadırlar. Qırx seans sonunda sübut edilir ki, beyinin az səviyyədə dalğa əmələ gətirən hissəsi daha sonra yüksək səviyyədə dalğalar istehsal etməyə başlayır. Hiperaktiv uşaqlar (çox hərəkətli, yerində dura bilməyən uşaqlar) bu cür oyunlardan sonra sakitləşməyə və daha diqqətli olmağa başlayırlar.
2. Tələsik və səbirsiz olan uşaqlara və yeniyetmələrə stresli və sürətli oyunları oynadaraq bu şəxslərin daha soyuqqanlı və səbirli vəziyyətə gəlib çatdıqları müşahidə olunmuşdur. Uzun müddət sürətli oyunlarda özlərini buna vərdiş etdirərək məşq edənlərin həyatda da fərqli vəziyyət və hadisələr qarşısında gərginlik və səbirsizlik hiss etmədən, soyuqqanlılıqla işlərini həll edə bildikləri aşkarlanmışdır.
3. Müəyyən fənlərin oyunlar vasitəsilə daha yaxşı və qısa zamanda öyrədilməsi də mümkündür.
4. İnternet yoluyla təlim və dərslərin verilməsi dövrümüzdə çox istifadə edilən metoddur.
Aşağıda sıralayacağımız xüsuslar hər hansı bir istafadəçinin virtual aludəçi olub olmaması məsələsində bizim üçün meyar və ölçü olacaq məsələlərdir:
1. İnternetlə ifrat dərəcədə zehni olaraq məşğul olmaq. Hər zaman interneti düşünmək, internetdəki fəaliyyətlərin xəyallarına dalmaq.
2. Arzulanan zövq və keyfləri daha çox internet vasitəsilə almaq və bunun get-gedə insanda çoxalmağa başlaması.
3. İnternet istifadəsini azaltmaq istədiyi zaman buna gücün və iradənin çatmaması.
4. İfrat dərəcədə internet istifadəsi səbəbi ilə ailə, iş, dostluq əlaqələrində problemlərin ortaya çıxması.
5. Başqa insanlara (dost, qohum...) internetdə qalma müddəti və möhtəviyyatı barədə yalan danışmaq (məsələn, internetdə 3 saat qaldığı halda yalan danışaraq 1 saat qaldığı barədə and içmək).
6. İnterneti problemlərdən qaçış, çarəsizlikdən, mənfi hisslərdən çıxış yolu olaraq görmək.
7. İnternet istifadəsi səbəbi ilə fərdi həyata daha çox yönəlmək, beləliklə, cəmiyyətdən uzaqlaşmaq.
Yuxarıda sadalanan məsələlərdə hər bir internet istifadəçisi özünü təkrar nəzərdən keçirməli və aludəçilikdə nə vəziyyətdə olduğuna diqqət etməlidir.
Əslində kompüterdə və yaxud internetdə keçirilən zamanın uzunluğu və ya qısalığı o insanın apardığı iş və daşıdığı məsuliyyətlə birbaşa əlaqəlidir. Aludəçilik məsələsi sadəcə və birbaşa zamanla əlaqəli məsələ deyil, ehtiyac və asılılıq məsələsidir. Uşaqların və gənclərin internet istifadəsini bu prizmadan dəyərləndirmək lazımdır. Kompüter, həmçinin telefon istifadəsində lazımi qədər və ehtiyac duyulan şeylərdə etika ölçülərinə riayət etməyimizlə bərabər bədən və ruh sağlığımıza diqqət etməyimiz də çox önəmlidir. Düzdür, ümumi olaraq kompüter və telefon, xüsusi olaraq da internet uşaqların və gənclərin yaşadığımız dövrdə bilməsi və istifadə etməsi mütləq bir şəkildə zəruri olan bacarıqlardandır. Buna müstəqil bir elm sahəsi də deyə bilərik. Ehtiyac və zərurət daxilində, faydalı şəkildə, etikaya riayət edərək istifadə etmələri üçün gənclərimizin bu elmi öyrənmələrinə imkan verməliyik. Bununla yanaşı, qarşılaşa biləcəkləri zərərlərdən də onları mütləq xəbərdar etməliyik.
İnternet, telefon, kompüter və digərlərinin meydana çıxartdığı zərərli hallar:
1. Bədən və ruhi xəstəliklər. Baş, göz və digər orqan ağrıları, hüzn, kədər, ümidsizlik kimi ruhi xəstəliklər meydana çıxa bilər.
2. Ailədə və qohum-əqrəbalar arasında problemlər. Boşanmaların, ailə içi münaqişələrin artması, ailə üzvləri arasında haqlarına laqeyd yanaşma məsələləri müasir insanların önəmli problemləri arasındadır.
3. İntiharlar. Son zamanlarda internet oyunları nəticəsində intiharlar artmışdır.
4. İş və karyeraya mənfı təsir. İfrat internet, kompüter, telefon istifadəsi və yaxud ifrat dərəcədə oyunların oynanması nəticəsində işdən qovulma hadisələri son zamanlar çoxalmağa başlamışdır.
5. Tənbəllik. Uzun müddətli oturaq həyat insanı tənbəlliyə yönəldir.
6. Qorxu. Şiddət yer alan video, foto və oyunlar uşaqlarda qorxu hissini artırır.
7. Asılılıq. Siqaret və spirtli içki insanda müəyyən bir müddət ərzində asılılıq yaratdığı kimi, internet, telefon və bənzərləri də insanı özünə kölə və qul edir.
8. Qayəsizlik (hədəflərdən uzaqlaşmaq). Virtual aludəçilik insanları hədəflərindən uzaqlaşdıraraq fərqli yollara yönəlməsinə səbəb ola bilər.
9. Pis vərdişlər. Virtual asılılığı olan insanlarda mübahisə, intriqa, oğurluq, başqalarının haqqını tapdamaq, xarakter zəyifliyi kimi bir çox mənfiliklərin ortaya çıxması təsadüfi hallar deyildir.
10. Cəmiyyətdən uzaqlaşmaq. Uzun müddət virtual oyunlara bağlı qalmaq digər insanlarla münasibətlərin soyumasına gətirib çıxardır.
Bütün bunlarla yanaşı, gənclərin kompüter, telefon və internet istifadəsini nəzarət altında saxlamaqla gözəl bir şəkildə faydalanmağın mümkünlüyünü də unutmamalıyıq.
ŞƏRHLƏR