HAQQ DOSTLARINDAN HİKMƏTLƏR
Abdulqadir Gilani həzrətləri buyurur:
“Vay sənin halına! Quranı əzbərləyirsən, amma ona əməl etmirsən.
Rəsulullah r-in yolunu, əxlaqını, hədisi-şəriflərini əzbərləyirsən, amma onlara tabe olmursan. Nə üçün belə edirsən?! Axı niyə camaata nəsihət etdiyin halda özün əməl etmirsən?! Niyə onları haramlardan çəkindirdiyin halda özün uzaq durmursan?!”
Qiyamətə qədər davam edəcək ən böyük möcüzə Qurani-Kərim olduğu kimi, Rəsulullah r də sanki onun feli təfsiridir. Quran və Peyğəmbər Allah-Təalanın biz bəndələrinə lütf etdiyi iki böyük hidayət rəhbəridir. Bu iki rəhbərə səmimiyyətlə tabe olmaq əbədi səadət və əmin-amanlıq vəsiləsidir. Bu iki nur mənbəyinə arxa çevirmək və ya onların qədrini bilməyib laqeyd qalmaq isə -Allah qorusun- əbədi ziyan səbəbidir.
Elə isə Quran və Sünnəyə tabe olma cəhdində ömür sürmək hər bir müsəlmanın əsas vəzifəsidir. Bundan başqa səadət yolu yoxdur. Bunun xaricindəki bütün yollar qaranlıq dalana dirənir.
Lakin Qurani-Kərim və Sünnəyə tabe olmağın mahiyyətini də doğru anlamaq lazımdır. Fudayl bin İyaz həzrətləri belə deyir:
“Quran əməl edilmək üçün nazil olmuşdur. İnsanlar isə onun sadəcə oxunması ilə əməl etdilər”.
Yəni haqqa və xeyrə qovuşmaq üçün sadəcə Quranın xəritəsinə göz gəzdirmək kifayət etmir. Əsas məsələ oxunan ayeyi-kərimələrin məna iqliminə girməkdir. Bundan məqsəd də həyatımızı həmin möhtəvada tənzim etməkdir. İnsanın yaradılış qayəsinə müvafiq olan həyata qovuşması yalnız bu sayədə mümkündür.
Çünki Allah-Təala belə buyurur:
“Rəhman Quranı öyrətdi. İnsanı yaratdı. Ona bəyanı öyrətdi”. (ər-Rəhman, 1-4)
Yəni insan yalnız Quran iqlimində yaşayaraq səadətə qovuşa bilər. “Əhsəni-təqvim” sirrinə, “əşrəfi-məxluqat” vəsfinə, xülasə, insanlıq şərəf və heysiyyətinə yalnız Qurani-Kərim işığında yaşanan qulluq həyatı ilə nail ola bilər. İnsan ilahi həqiqətlərdən, sirlərdən, hikmət və ibrətlərdən bu sayədə agah ola bilər. İnsan yalnız Qurana təqva ilə bağlılığı nisbətində “kamil insan” ola bilər.
Haqq-Təala Qurani-Kərimdə insanı əbədi qurtuluşa nail edəcək həqiqi qazancı belə tərif edir:
“Allahın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət (savab) umarlar”. (əl-Fatir, 29)
Bu əbədi səadət reseptinin ilk maddəsi Allahın kitabını oxumaqdır. Bu oxuma sadəcə baş gözü və dil ilə qiraət deyil. Buna əlavə olaraq könül gözü ilə, yəni təfəkkür, təzəkkür və tədəbbürlə oxuyub məna iqlimində dərinləşməkdir. Quranın əhkamı ilə amil, əxlaqı ilə kamil bir insana çevrilməkdir. Quranı bu səviyyədə yaşadıqdan sonra onu digər könüllərdə də yaşada bilmək üçün o ali kitabın təbliğ və təlim xidmətlərinə əmək vermək və ya dəstək olmaqdır.
Allah-Təala hidayət rəhbəri olaraq göndərdiyi Kitaba qarşı rəftarına görə insanları üç qrupa ayırır. Ayeyi-kərimədə buyurulur:
“Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə (Muhamməd ümmətinə) miras verdik. Onlardan kimisi özünə zülm edər (pis əməlləri yaxşı əməllərdən çox olar), kimisi mötədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını ötüb) irəli keçər (yaxşı əməlləri pis əməllərindən çox olar). Bu (Kitaba varis olmaq) böyük lütfdür!” (əl-Fatir, 32)
Yəni insanlardan bəzisi Allahın kəlamından uzaq yaşayar. Onu tozlu rəflərdə iki qapaq arasına həbs edər. Yaxud Quranı çox oxuyar, hətta hafiz də ola bilər. Lakin oxuduqları boğazından aşağı enməz, qəlbində əks olunmaz, hal və davranışlarına sirayət etməz, həyat tərzinə təsir etməz. Beləliklə də, ən böyük neməti zay edərək acınacaqlı hala düşər.
Bəzisi orta yoldadır. Gah Qurani-Kərimlə əməl edər, gah da ona laqeyd qalar. Nəfsi-ləvvamənin mədd-cəziri arasında gedib-gələr.
Bəzisi də Quranın feyz və ruhaniyyəti ilə Allaha ram olub daima xeyir-həsənatda məsafə qət edər. Hər an Allaha daha da yaxın olma həyəcanı hiss edər. Bu həyəcan onu elə bir könül üfüqünə çatdırar ki, bütün varlığını Allah yolunda fəda edə bilməyi ən böyük zövq, ləzzət və səadət bilər.
Ayeyi-kərimədə buyurulur:
“Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!” (Ali-İmran, 92)
Axirətdə ən karlı insanlar da fani həyatlarını bu fədakarlıq üfüqündə dəyərləndirən bəxtiyar qullardır.
Rəsulullah r hər xüsusda olduğu kimi, Allah üçün fədakarlıq xüsusunda da misilsiz örnək şəxsiyyətdir. Rəsulullaha hədiyyə və qənimətlər gələrdi, lakin o Səxavət Günəşi bütün bunları dərhal infaq edərdi. O, dünya sərvətini ümmətinin zəiflərinə paylamadan rahatlıq tapmazdı. Hər tərəfə mərhəmət saçması Ona tərifsiz ləzzət vərərdi. İztirab içində qıvranan bir qəlbə təsəlli olmaq, ona yardım əli uzatmaq, yanında olmaq Allah Rəsuluna öz dərdini unutdurardı. Acları doyurmanın səadəti Ona öz aclığını unutdurardı.
Rəsulullah r comərdliyin zirvəsində idi. Ümmətinin zənginini də, kasıbını da comərd olmağa təşviq edərdi. Kasıb səhabələr belə dağdan bellərində odun gətirər, bazarda satıb qazandıqları pulu infaq edərdilər. Bununla da Allah üçün infaq edə bilmə səadətindən məhrum qalmamağa çalışardılar. Çünki Rəsulullah r əshabına comərdliyin mal çoxluğuna deyil, qəlbdəki qənaət və fədakarlıq duyğusuna bağlı olduğunu təlim və təlqin edirdi.
Onlara Quran əxlaqını layiqincə yaşaya bilmələri üçün xüsusilə mərhəmət təlqin edər və tez-tez bu sualı verərdi:
“Bu gün Allah üçün bir yetim başı oxşadınızmı?
Bir xəstəni ziyarət etdinizmi?
Bir cənazə dəfnində iştirak etdinizmi?” (Müslim, Fəzailus-Səhabə, 12)
Aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimizin qəlbində sanki məhşər qaynayırdı. Onun rəhmət dərgahı olan könlündə hər zaman:
P Hidayətdən məhrumları əbədi qurtuluşa qovuşdurmaq dərdi vardı.
P Hidayətlə şərəflənən, lakin təqva dərinliyinə vara bilməyən müsəlmanları irşad etmək qayğısı vardı.
P Dərdlilərin dərdinə dərman ola bilmək əzmi vardı. Ümmətinin kimsəsizlərinə, xəstələrinə, qərib və yoxsullarına qol-qanad gərmə məsuliyyəti vardı. Gözü yaşlı məsumlara, çarəsiz yaşlılara, himayədən məhrum dullara, sahibsiz yetimlərə - iztirab çəkən bütün qanadıqırıqlara təsəlli olma cəhdi vardı.
P Zalımların zülmünə mane olma, məzlumların imdadına çatma, haqqı tutub qaldırma qayğısı vardı.
P Düşmənlikləri qardaşlığa çevirmə, könüllər arasında sarsılmaz məhəbbət körpüləri inşa edə bilmə qayəsi vardı.
P Bir könül qazana bilmək, bir nəfəri daha əbədi fəlakətdən qurtara bilmək həyəcanı vardı…
Bunun üçün də Rəsulullah özündə misilsiz örnək şəxsiyyətə aid bütün üstün keyfiyyətləri cəm etmişdi. Onun nəzakəti, zərafəti, həssaslığı və lətafəti hər halına sirayət etmişdi. Daima İslamın gülər üzünü sərgiləmək cəhdi içində idi.
Məsələn, Onun danışıq tərzindən, nəzakət və lətafətindən bir mənzərəni Əbu Qursafə t belə nəql edir:
“Mən, anam və xalam Rəsulullah r-in yanına getdik. Ona beyət edib yanından ayrılanda anamla xalam mənə belə dedi:
“Oğlum, bu günə kimi onun kimisini görmədik. Üzü ondan daha gözəl, paltarı daha təmiz və sözü daha mülayim başqa bir adam tanımırıq. Sanki mübarək ağzından ətrafa nur saçılırdı”. (Heysəmi, VIII, 279-280)
Hz. Peyğəmbər r insanlarla münasibətdə misilsiz şəfqət, mərhəmət və nəzakət sərgilədiyi kimi, heyvanlara və bitkilərə qarşı da müstəsna dərəcədə həssas idi. Yanmış bir qarışqa yuvası görmək Onun incə qəlbini dəhşətə gətirərdi. Balalarını əmizdirən bir köpəyin hürküdülməməsi, yuvalarındakı quşların narahat edilməməsi, yaş bir budağın gərəksiz yerə qoparılmaması üçün etdiyi saysız-hesabsız xəbərdarlıqlar Xaliqin şəfqət nəzəri ilə məxluqata baxış tərzinin misallarındandır.
Xülasə, Onun hər halı ümmətinə mükəmməl nümunə idi.
Peyğəmbərimizin qəlbindəki bu həssaslığa nə qədər yaxın olduğumuzu düşünməliyik. Onun qəlbi duyuşlarından nə qədər hissə almışıq? Ona layiqli ümmət olmaq üçün nəbəvi həyatın ülvi ölçülərindən nə qədər nəsiblənir və həyatımıza əks etdirə bilirik?
Unutmayaq ki, Haqq-Təala bizi yüz iyirmi dörd min peyğəmbər arasından ən ali peyğəmbərə ümmət etdi. Ona ümmət olmaq şərəf və bəxtiyarlığı məhz bizə lütf edildi. Lakin bu ilahi lütfün bir şükür borcu, ödəniləcək qarşılığı var. Bu qarşılıq da ömrümüz boyu Rəsulullah r -ə məhəbbətlə itaət etməkdir.
Çünki Allah-Təala belə buyurur:
“(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın…” (Ali-İmran, 31)
“Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur…” (ən-Nisa, 80)
Rəsulullaha itaət Quran əxlaqı ilə yaşamaqdır. Çünki Hz. Aişə anamızın ifadəsi ilə: “Onun əxlaqı Qurandır”.[1]
Peyğəmbər r də belə buyurmuşdur:
“Quran oxuyun! Çünki Quran qiyamət günü onunla həmdəm olanlara şəfaət edəcəkdir”. (Müslim, Müsafirin, 252)
Axirətdə Qurani-Kərimin şəfaətinə nail olmaq istəyiriksə, onu məxrəcinə, təcvidinə riayət edərək çox oxumalı, mənasından xəbərdar olmalı, həyatımızın hər anında onun əmr və qadağalarına görə halımızı nizamlamalıyıq. Xüsusilə də övladlarımızı Quran kurslarına göndərib onlara ciddi mənada Quran təhsili və əxlaqı verməliyik.
Əks təqdirdə o çətin qiyamət günündə Quranın şəfaətini ümid edərkən –Allah qorusun– şikayətinə məruz qalmaq da mümkündür. Necə ki, Həzrət Ömər t-ın belə buyurduğu nəql edilir:
“Bilin ki, Quran sizin üçün savab və şərəf xəzinəsidir. Ona tabe olun. Onu özünüzə görə təvil etməyin. Kim Quranı özünə uydurmağa çalışsa, Quran onu başı üstə düşürər, ta cəhənnəmə atar. Hər kim də Qurana tabe olarsa, Quran onu Firdovs cənnətinə çatdırar. Gücünüz çatarsa, Quranı özünüzə şəfaətçi edin. Onu özünüzə düşmən etməyin. Çünki Quranın şəfaət etdiyi kəs cənnətə, şikayətçi olduğu kəs də cəhənnəmə gedər…”[2]
Abdulqadir Gilani həzrətləri buyurur:
“Təvil və rüsxət yollarında dolaşdığımız müddətdə qurtuluşa gedən heç bir nəticə əldə edə bilmərik. Himmət yox, səy yox, qərar yox, əzimət yox, əzimət əhli yox... Bu qədər yoxdan sonra nə var ola bilər?!.”
Abdulqadir Gilani həzrətləri bu sözü ilə İslamı təqva həssaslığı içində və yüksək dini səylərlə yaşamağın zərurətinə diqqət çəkir. İslam təqva üzrə yaşanmalı, qəlblərdəki dini istək artmalı, Allah yolunda səmimi fədakarlıq edilməlidir ki, ilahi rəhmət, məğfirət, lütf və yardım hasil olsun. Çilə çəkmədən, çətinliklərə qatlanmadan, zəhmətə sinə gərmədən rəhmətə qovuşmağı ummaq boş yerə xülyalara qapılmaqdır.
Hədisi-şərif bu həqiqəti necə də gözəl ifadə edir:
Bəşir bin Hasasiyyə t belə nəql edir:
“Beyət etmək üçün Rəsulullah r-in yanına getmişdim. Mənə Allahdan başqa ilah olmadığına və Muhammədin Onun qulu və Rəsulu olduğuna şəhadət etməyi, namaz qılmağı, zəkat verməyi, İslama görə həcc etməyi, Ramazan orucunu tutmağı və Allah yolunda cihad etməyi şərt qoydu.
Mən də belə dedim:
– Ey Allahın Rəsulu! Vallahi, bunlardan ikisinə gücüm çatmaz. Onlar da cihad və sədəqədir.
İnsanlar cihaddan qaçan adama Allahın qəzəb etdiyini deyirlər. Cihad meydanına çıxanda ölüm qorxusu ilə qaça biləcəyimi düşünüb təlaşlanıram.
Sədəqəyə gəldikdə isə, malım kiçik bir qoyun sürüsündən və on dəvədən ibarətdir. Onlar da ailəmin dolanışıq mənbəyi və minik heyvanlarıdır.
Rəsulullah r əlimdən tutub silkələdi və belə buyurdu:
“Cihad yox, sədəqə yox, bəs cənnətə necə girəcəksən?!”
Bunun üzərinə:
- (Oldu) ya Rəsulallah! Beyət edirəm, - dedim və qoyduğu bütün şərtləri qəbul edib Allah Rəsuluna beyət etdim”. (Əhməd, V, 224)
Deməli, qulluq həyatımızı Allahın rizasına uyğun yaşaya bilmək üçün dini öz nəfsi istəklərimizə görə yozmaqdan və təvil etməkdən, ağlımıza batana əməl edib, xoşumuza gəlməyənə laqeyd qalmaqdan çəkinməliyik. “Nəfsimiz yorulmasın, rahatlığımız pozulmasın” deyərək özümüzdən yeni bir müsəlmanlıq icad etməkdən uzaq olmalıyıq.
Düşünməliyik ki, Allahın ən sevimli qulları olan peyğəmbərlər, səhabələr, övliyalar, sələfi-salehin nəsli ilahi həqiqətlər qarşısında nə üçün tir-tir əsmişdilər? Biz niyə ürpərmirik? Halbuki biz də ilahi həqiqətlər və mükəlləfiyyətlər qarşısında onlar qədər məsuluq. Nə üçün onlar gecə-gündüz demədən rahatlıqlarını arxa plana ataraq dini yaşamağa can atır, maldan və candan fədakarlıq edirdilər? Bəs biz nə üçün ciddi bir fədakarlığa qatlanmadan axirətdə onlarla bərabər olmağı ümid edirik?
Bu hədisi-şərifin xəbərdarlığı necə də dəhşətlidir:
“Ağıllı adam nəfsinə hakim olub onu hesaba çəkərək ölümdən sonrası üçün çalışan, axmaq isə nəfsini arzu-istəklərinə tabe etdiyi halda Allahdan (xeyir) umandır”. (Tirmizi, Qiyamət, 25/2459)
Həqiqətən, bir çox qafil insan “nə də olsa Allah əfv edər” düşüncəsi ilə haram və şübhəlilərdən lazımi qədər uzaq durmaz. Halbuki Haqq-Təala bu hala düşməmək üçün biz qullarına belə xəbərdarlıq edir:
“Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın vədi, şübhəsiz ki, haqdır. (Qiyamət günü mütləq gələcəkdir). Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib (Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə) tovlamasın!” (Loğman, 33)
Bir sözlə, Allahın qadağan etdiyi şeylərdən uzaq durmadan, Allah yolunda əzm, səbir və fədakarlıq etmədən axirətdə səadət ummaq böyük bir qəflət və axmaqlıqdır.
Fudayl bin İyaz həzrətləri nəfsini belə hesaba çəkərdi:
“Firdovs cənnətində peyğəmbər və siddiqlərlə birlikdə olmaq istəyirsən, bəs bunun üçün hansı əməli işləmisən? Hansı şəhvani arzunu cilovlamısan? Hansı hiddətini yenmisən? Səni ziyarətə gəlməyən hansı qohumunu ziyarət etmisən? Qardaşının hansı qüsurunu bağışlamısan? Allah üçün hansı yaxınından uzaqlaşmısan və ya Allah rizası üçün hansı uzağa yaxınlaşmısan?..” (Əhya, c. II, s. 402)
Deməli, hər nemətin bir qarşılığı var. Allah-Təalanın rizasını qazanmaq və cənnətə girmək istəyiriksə, din qayğısı çəkməliyik.
Fatimə Validəmiz, bəlkə də, Rəsulullah r -in həyatda ən çox sevdiyi övladı idi. Lakin ona belə əbədi qurtuluşu üçün saleh əməllər işləməsini, dünyaya deyil, axirətə dəyər verməsini və Allahın rizasını qazanmaq üçün çalışmasını əmr etdi. Atasının peyğəmbər olmasına güvənib əsla rahatlığa qapılmaması üçün xəbərdarlıq etdi.[3]
O, bir ananın övladına bəslədiyi şəfqət və mərhəmətdən daha artığını ümmətinə bəsləyirdi. Bir hədisi-şərifində ümmətinə:
“…Sura ilk dəfə üfürülənə qədər qəbrimdə “Ya Rəbbi, ümmətim, ümmətim!” deyəcəyəm…”[4] - buyurduğu halda, bunun müqabilində başqa bir hədisi-şərifində isə:
“Əsla (günah işləyərək) üzümü qara etməyin”, - buyurdu.[5]
Rəsuli-Əkrəm r son nəfəsində belə öz iztirabını unudub ümmətinin əbədi qurtuluşunun təlaşı içində idi. Vəfatı əsnasında səsi kəsilənə qədər “Amandır, namaza davam edin, namaza davam edin! Əlinizin altındakı insanların haqlarına riayət edin! Onlar haqqında Allahdan qorxun!”[6] - deyə tövsiyə etdi. Bu halı ilə də son nəfəsə qədər davamlı olaraq qulluq səyi içində yaşamağımızın zəruri olduğunu təlqin etdi.
Buna görə də möminlər olaraq Allah yolunda gücümüz çatdığı qədər əlimizdən gələni əsirgəməməliyik. Bu səylərimizə görə heç vaxt yorğunluq və bezginlik göstərməyib halımızdan şikayət etməməliyik. Əksinə, Allah rizasını qazanmağın sevinci ilə bütün dünyəvi yorğunluqları unutmalıyıq. Ancaq bu cəhdləri göstərdikdən sonra Allahın rəhmətinə sığınmalı, Rəsulullahın şəfaətini ümid etməliyik. Əks təqdirdə boş-boşuna ümidə qapılaraq özümüzü aldatmış olarıq.
Unutmamalıyıq ki, Rəbbimiz hər vasitə ilə qulluqdakı sədaqətimizi sınağa çəkir. Bizdən imanda səmimiyyət, əməldə fədakarlıq, nəfsə ağır gələn imtahanlarda səbir və riza halı istəyir.
Səhabələr qəlbən bu duyğuları yaşadıqları üçün evlərini və yurd-yuvalarını tərk edib hicrətə çıxdılar. Allah yolunda bir çox döyüşlərdə iştirak edib şəhid və ya qazi oldular. Canları və malları ilə cənnəti satın ala bilməyin həyəcanı içində yaşadılar. Dayanmadılar, yollarına davam etdilər. “Bizim əlimizdən bu gəlir, gerisini də bizdən sonrakılar edər” demədilər. Ta Səmərqəndə, Çinə, Tunisə qədər getdilər, İstanbulun önünə gəldilər. Yorğunluğun nə olduğunu bilmədilər. Heç vaxt nəfsani rahatlıq axtarmadılar. Son nəfəslərinə qədər daha da güclənən qulluq həyatı yaşadılar.
Çünki Rəsulullah r:
“İnsan sevdiyi ilə bərabərdir”, - buyurmuşdur. (Buxari, Ədəb, 96)
Əshabi-kiramı ən çox sevindirən hədisi-şərif məhz bu olmuşdur. Lakin onlar yaxşı bilirdilər ki, “Mən Allah Rəsulunu sevirəm” deməklə iş bitmir. Allah Rəsulunu həqiqətən sevən, axirətdə Onun şəfaətinə nail olmaq istəyən, Ona yaxın olmağı arzu edən kəs bu gün bacardığı qədər hal, əməl, hissiyyat bərabərliyi, bir sözlə, istiqamət bərabərliyi içində olmalıdır.
Əshabi-kiramın bütün qayğısı Allah Rəsulu ilə bu dünyada nəsib olan bərabərliyi axirətdə də davam etdirə bilmək idi. Bunun üçün Peyğəmbərimizin hər əmrini canlarına minnət bildilər. Onun qəlbində kiçicik bir yer tutmağı dünyanın ən böyük səadəti saydılar. “Atam-anam, canım Sənə fəda olsun, ya Rəsulallah, əmr et!..” – dedilər. Rəsulullahın qəlbində nə varsa, ona beyət etdilər.
Peyğəmbərimizin təbliğ səyini, ibadət həyəcanını, xidmət eşqini nümunə götürdülər. Bu həyəcanla dünyanın dörd bir yanına İslam nurunu yaydılar.
Bu gün bizim səhabə olmaq imkanımız yoxdur. Lakin səhabeyi-kiramın izini təqib edərək Allahın rizasını qazanma imkanı qiyamətə qədər baqidir. Necə ki, Allah-Təala rizası yolunda göstərdiyimiz səylərimizi yaşadığımız cəmiyyətlə müqayisə edib əbədi qurtuluşumuz üçün öz halımızı kifayət görmə qəflətindən uzaq olmamız üçün bizə əsri-səadət toplumunu, yəni əshabi-kiramı nümunə göstərir. Ayeyi-kərimədə “onlara gözəlliklə tabe olan”[7] möminlərdən olmamızı təlqin edir.
Allah-Təala lütfü-kərəmi ilə hər birimizə Rəsulullah r və Onun əshabının yolundan gedərək axirətdə də onlarla həşr olunmağı nəsib etsin.
Amin!..
[1] Müslim, Müsafirin 139.
[2] Əli əl-Müttəqi, Kənzul-Ummal, c. 2, 285-286/4019.
[3] Bax. İbn Sad, II, 256; Buxari, Mənaqib, 13-14; Müslim, İman, 348-353.
[4] Bax. Əli əl-Müttəqi, Kənzul-Ummal, c. 14, s. 414.
[5] Bax. Müslim, Həcc, 147; Əbu Davud, Mənasik, 56.
[6] Əbu Davud, Ədəb, 123-124/5156; İbn Macə, Vəsaya, 1.
[7] Bax. ət-Tövbə, 100.
ŞƏRHLƏR