CƏNNƏTLİKLƏR

CƏNNƏTLİKLƏR

Quran və sünnədə bildirildiyinə görə, peyğəmbərlərin dəvətinə tabe olub iman edən və əməlisaleh olan kəslər Cənnətə girəcəklər. Əsasən Allaha və insanlara qarşı vəzifələrini yerinə yetirməklə insan hələ dünyada ikən müəyyən dərəcədə mənəvi bir hüzura qovuşur, maddi rifaha nail olur.

 Həqiqi mənada hüzur və qardaşlıq isə Cənnətdə gerçəkləşəcəkdir:

“Təqva sahibləri, əlbəttə, cənnətlərdə və bulaq başlarındadır. Salamatlıqla, əmin olaraq oraya girin. Biz cənnətliklərin ürəklərindəki kinləri çıxarar, təmiz edərik. Hamısı qardaş olaraq taxtlar üzərində qarşı-qarşıya oturarlar. Orada onlara heç bir zəhmət toxunmaz və onlar oradan çıxarılacaq da deyillər”. (əl-Hicr45-48)

Qurani-Kərim namazını əskiksiz qılanların, malından bir qismini yoxsullara ayıranların, cəza-hökm gününə inananların, Allahın qəzəbindən qorxanların, ismətlərinə sahib olanların, sözlərinə və əmanətə sadiq qalanların, şahidlikdə doğru olanların Cənnətə girəcəklərini bildirməkdədir. Bundan başqa, Allahın razılığını diləyərək səbir edənlərə, şükür edənlərə, ürəkdən tövbə edənlərə, Allah yolunda canını fəda edən şəhidlərə və Allaha yönəlmiş bir ürəklə yoğrulmuş müsəlmanlara da içində əbədi qalınacaq Cənnətə girəcəkləri uca Rəbbimiz tərəfindən müjdələnmişdir. Cənnətliklərin hallarını dilə gətirən Quran ayələrindən bəzilərində belə buyurulur:

“İman edib saleh əməl işləyənləri Rəbbi imanları səbəbi ilə ağacları altından çaylar axan, neməti bol Cənnətlərə qovuşdurar. Onların Cənnətdə duaları: “Allahım, səni təsbeh və tənzih edirik” sözüdür və aralarındakı diləkləri də hər daim salamdır. Dualarının sonu isə: “Bütün həmdlər aləmlərin Rəbbinə məxsusdur”, - duasıdır”. (Yunus9-10)

“Kim də Ona bir mömin olaraq saleh əməllər işləmiş halda çatsa, onlara ən yüksək dərəcələr var. Ədn Cənnətləri ki, (ağacları) altından çaylar axar, orada əbədi qalacaqlar. Belə Cənnətlərdə əbədi qalmaq küfr və üsyandan təmizlənənlərin mükafatıdır”. (Taha,  75-76)

Əhli-sünnə əqidəsinə görə, “La ilahə illəllah, Muhammədun Rəsulullah” deyən və buna lazımınca iman edib saleh əməl işləyən hər kəs, Allahın icazəsi ilə, mütləq Cənnətə girəcək. Cənnətliklər xəstəlik, şikəstlik, qocalıq, pis xasiyyət və s. hallardan uzaq olaraq yaşayacaqlar.

Cənnətin təbəqələri: İslam alimlərinə görə, Cənnətin səkkiz təbəqəsi var. Lakin İbn Abbasdan (r.a) gələn bir rəvayətdə Cənnətin yeddi təbəqəsi olduğu xəbər verilmişdir. Bu təbəqələrdən hər birində möminlərin etdikləri yaxşı işlərə görə dərəcə və mərtəbələr vardır. Bizə məlum olan Cənnət adları aşağıdakılardır:

Cənnətün-nəim: “Məni Nəim cənnətlərinin varislərindən et...” (əş-Şuəra, 85)

Cənnətül-ədn: “Şübhəsiz ki, iman edənlər və gözəl əməl işləyənlər, onlar məxluqatın ən xeyirliləridir. Onların mükafatı Rəbbi qatında Ədn cənnətləridir ki, altlarından çaylar axar...” (əl-Bəyyinə8)

Cənnətül-firdovs: “Şübhəsiz, iman edib gözəl əməl işləyənlər üçün sığınacaq olaraq Firdovs cənnətləri vardır”. (əl-Kəhf, 107; əl-Muminun, 11)

Cənnətül-məva: “İman edib gözəl əməl işləyənlərə gəlincə, onlar üçün Məva cənnətləri vardır”. (əs-Səcdə, 19; ən-Nəcm, 15)

Darus-salam: “Halbuki Allah Darus-salama çağırır və O, dilədiyi kəsləri doğru bir yola hidayət edir”. (Yunus, 25 və əl-Ənam, 127)

Darul-xuld: “O Rəbb ki, fəzlindən bizi əbədi yurda (Cənnətə) yerləşdirdi”. (əl-Fatır, 35)

İlliyyun: “Xeyr! Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan möminlərin əməl dəftəri İlliyyundadır!” (əl-Mutəffifin, 18)

Bir də digər alimlərin ifadə etdiyi “Darul-müqamə” var ki, o da əbədi qalınacaq yer mənasına gəlir.

Baxmayaraq ki, İbn Abbas (r.anhumə) Cənnətin təbəqələrini yeddi ilə məhdudlaşdırmışdır, ayələrdən aydın olduğuna görə, Cənnətin bundan başqa da bir çox təbəqəsi vardır. Alimlərin xəbər verdiyi və ayələrdə adları keçən Cənnət təbəqələri oranın ən yüksək mərtəbələridir. Çünki bu təbəqələrin içində də bir çox mərtəbələr vardır. Belə ki, Allah-Təalanın “Nəim cənnətləri” və ya “Firdovs cənnətləri” şəklindəki çoxluq ifadə edən ayələri buna dəlildir. Bundan əlavə, “Ümmü Harisə hədisi”ndə bu gerçək belə yer alır: Ümmü Harisə Bədirdə şəhid olan uşağı haqqında Hz. Peyğəmbərdən məlumat almaq üçün gəlmişdi. Rəsulullah (s.ə.s) ona bir çox Cənnətin olduğunu bildirdi. Sonra da uşağının Firdovsi-əlada olduğunu söyləyərək təsəlli etdi.

 Müslimin Əbu Səid əl-Xudridən (r.a) rəvayət etdiyi hədisdə Hz. Peyğəmbər (s.ə.s) Allah yolunda cihad edənlərin, cihadları səbəbi ilə, Cənnətdə yüz dərəcə yüksələcəklərini, hər dərəcənin arasının isə yer ilə göy arasındakı məsafə qədər olduğunu bildirmişdir. Hədisdə haqqında danışılan dərəcələr mövzusunda isə bu ehtimallar anlaşılır: Bu dərəcələri zahiri mənada başa düşmək olar. Həqiqətən, bu dərəcələrin bir-birindən daha yüksək mənzillər (təbəqələr) olması mümkündür. Yaxud buradakı “yüksəklik” sözünün məqsədi Cənnətdəki nemətlərin çoxluğu, insanın könlündən belə keçməmiş xeyirlərin böyüklüyü və ya çoxluğu da ola bilər.

Bütün bu ayə, hədis və alimlərin şərhlərindən Cənnətin bir çox təbəqəsinin olduğu aydın olmaqdadır. Bu təbəqələrdən bəzilərinin daha uca, nemətlərinin daha gözəl və ya daha üstün olması səbəbi ilə adları bizə bildirilmişdir. Firdovs Cənnəti mərtəbə etibarilə ən yüksək Cənnət təbəqəsidir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz