BİR HƏDİS
بسم الله الرحمن الرحيم
وَيْلٌ لِلْمُطَفِّفِينَ اَلَّذِينَ اِذَا اكْتَالُوا عَلَى النَّاسِ يَسْتَوْفُونَ ذَا كَالُوهُمْ اَوْ وَزَنُوهُمْ يُخْسِرُونَ
“Çəkidə və ölçüdə aldadanların vay halına! O kəslər ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyər, onlar üçün ölçdükdə və ya çəkdikdə isə əskildərlər”.(əl-Mütəffifin, 83/1-3)
Doğruluq fərdi münasibətlərdən ictimai münasibətlərə, ticarət və peşə fəaliyyətlərindən ictimai işlərə qədər həyatın bütün sahələrini əhatə edən bir fəzilətdir. Yuxarıda qeyd etdiyimiz ayədə də məhz ticarət həyatındakı doğruluqdan bəhs edilir. İbn Abbasdan (r.ə) nəql edilən rəvayətə görə, Hz. Peyğəmbər (s.ə.s) Məkkədən Mədinəyə hicrət etdiyi zaman Mədinədəki bəzi tacirlərin insanları aldatdıqlarını gördü və bu zaman yuxarıdakı ayələr nazil oldu. Allah-Təala burada bir tərəfdən ticarət əsnasında əskik ölçən və əskik çəkən insanları qınayır, digər tərəfdən də bu kimi əməlləri törədənlərin axirətdə böyük bir əzaba düçar olacaqlarını xəbər verir. Ayədəki وَيْل “vay halına” ifadəsi ilə belə kimsələrin cəhənnəm əzabına düçar olacaqlarına işarə edilir.
Sosial həyatında özü də ticarətlə məşğul olmuş Peyğəmbərimiz (s.ə.s) keçmiş millətlərin məhv olmasına səbəb olan günahlardan birinin məhz əskik ölçmə, çəkidə aldatma olduğunu xəbər vermişdir. (Tirmizi, “Buyu”, 9)
Rəvayətə görə, Hz. Peyğəmbər (s.ə.s) bir dəfə bazarda gəzərkən taxıl satan bir tacirin yanına gəlib əlini buğda yığınının içinə salmış və alt tərəfdəki buğdanın yaş olduğunu görmüşdü. Səbəbini soruşduqda tacir: “Yağış yağdığına görə islanıb”, - deyə cavab verdi. Bu zaman Hz. Peyğəmbər: “Bəs nə üçün yaş tərəfi üstə qoymadın ki, insanlar görə bilsin?” – deyərək onu xəbərdar etmiş və: “Bizi aldadan bizdən deyildir!” – buyurmuşdu. (Müslim, “İman”, 164) Başqa bir hədisində isə: “Qüsurlu bir malı eybini gizlədərək satmaq bir müsəlmana halal deyildir!” (Müslim, “İman”, 43) – buyuraraq digər bir ticarət ədəbinə diqqət çəkmişdir. Tərəzidə aldatmayan və dürüst şəkildə ticarət edən müsəlmanları da Hz. Peyğəmbər (s.ə.s): “Doğru sözlü və etibarlı tacir axirətdə peyğəmbərlər, siddiqlər və şəhidlərlə bir yerdə olacaqdır”, (Tirmizi, “Büyu”, 4) - buyuraraq müjdələmişdir.
Buna görə də müsəlman ticarətçi, yaxud iş adamı özü və sözü bir olmalı, iş həyatında müştərilərinə qarşı dürüst və çox həssas yanaşmalı, qul haqqından çəkinməlidir. Müştərinin məlumatsızlığından istifadə edib onu aldatmamalı, malın cinsini, xüsusiyyətini, əgər varsa, qüsurunu söyləməlidir. Yəni bir mömin nə başqasını aldatmalı, nə də başqası tərəfindən aldadılmalıdır. Uca Allah bizləri doğruluq prinsipindən ayrılmayan bəndələrindən eləsin!
ŞƏRHLƏR