ƏN GÖZƏL

ƏN GÖZƏL

“Ən Gözəl” dedikdə, əlbəttə ki, bir müsəlman olaraq ilk ağıla gələn şəxsiyyət peyğəmbərimiz Həzrət Muhamməd əleyhissalamdır. 1400 ildən bəri qələmə alınan bütün islami əsərlər bir kitabı, yəni Qurani-Kərimi və bir insanı, yəni Hz. Peyğəmbəri (s.ə.s) izah etməyə həsr olunmuş və səy göstərmişdir.

İslama görə insan bütün varlıqların ən mükəmməli, Allah Rəsulu Hz. Muhamməd (s.ə.s) isə insanların ən gözəli, ən mükərrəmi və ən üstünüdür. Əhzab surəsinin 21-ci ayəsində bu xüsusu Allah-Təala belə izah edir: “And olsun ki, Allah Rəsulunda sizin üçün, Allaha və axirətə qovuşmağı ümid edənlər və Allahı çox zikr edənlər üçün bir üsveyi-həsənə (ən gözəl xislət, nümunəvi bir xarakter, örnək bir şəxsiyyət) vardır”.

Hz. Peyğəmbər (s.ə.s) surəti gözəl, sirəti mükəmməl, misli təkrarlanmamış mübarək bir şəxsiyyətdir. Bir gün Xalid bin Vəliddən (r.a) Allah Rəsulunun (s.ə.s) surət və sirətini təsvir etməsini istəmişdilər. O da belə cavab vermişdi: “Göndərilən göndərənin nisbətindədir. Göndərən kainatın Xaliqi olduğuna görə, göndərdiyinin şanını siz özünüz təsəvvür edin!”

Tarixdə bütün həyatı ən incə təfərrüatına qədər tədqiq və təsbit edilən yeganə Peyğəmbər və tək insan Hz. Muhamməd Mustafadır (s.ə.s). Onun bütün hərəkət, söz və duyğuları nöqtəbənöqtə yazılaraq tarixə ən gözəl şərəf nümunəsi kimi keçmişdir. Həyatı qiyamətə qədər gələcək bütün nəsillərə nümunədir. Qurani-Kərimdə Qələm surəsinin 4-cü ayəsində Onun üçün: “Şübhəsiz ki, sən uca bir əxlaq üzərindəsən!” buyurulmaqdadır.

Bu ayeyi-kərimə Rəsulullahın (s.ə.s) Allah-Təalanın insanlığa ən böyük lütflərindən biri olduğunu ifadə edir; insanlara ən gözəl nümunə şəxsiyyət olmasıyla, insan oğluna xəbərdarlıq, irşad və nəsihətləri ilə...

Hz. Peyğəmbər (s.ə.s) həyatının hər mərhələsində hər baxımdan müstəsna bir gözəllik və mükəmməllik nümayiş etdirmişdir. Allahın lütfü ilə bütün davranış gözəllikləri Ondadır. Belə olduqda da hər insan Allah Rəsulunun (s.ə.s) şərəfli sünneyi-səniyyəsindən özünə nümunə götürə biləcəyi davranışların ən gözəlini və mükəmməlini tapa bilər. Yəni Fəxri-Kainat Peyğəmbərimizin (s.ə.s) həyatı bütün növlərdən yığılmış ən nadir güllərdən ibarət bir gül dəstəsinə bənzəyir ki, axtaranlar özləri üçün güllərin ən gözəlini həmin dəstədə tapa bilərlər.

Cəmiyyətin bir-birinə zidd nöqtələrində olanlara belə ən gözəl və ən mükəmməl nümunə Hz. Peyğəmbərdir (s.ə.s). Məsələn, bir məhkumun həyat tərzi hakimə, bir hakimin həyatı da məhkuma misal ola bilməz. Eyni şəkildə, bütün ömrü məişət mübarizəsi və yoxsulluq içində keçən bir kasıbın halı da zəngin həyat tərzi yaşayan bir varlıya nümunə ola bilməz. Hz. Peyğəmbərin (s.ə.s) həyatı isə cəmiyyətin hər təbəqəsində olan insan üçün nümunədir. Allah-Təala Onu insan topluluğu içində acizlik baxımından ən aşağı səviyyə olan yetimlikdən ən üst səviyyəyə, yəni peyğəmbərlik və dövlət başçılığına qədər yüksəltmişdir.

Peyğəmbərimizin həyatı boyunca keçdiyi mərhələlər insan həyatındakı hər cür ziqzaq təzahürləri üçün bir çox ideal davranış nümunələri ehtiva edir. Bu səbəblə Onun həyatı hansı dərəcədə olursa olsun, bütün insanlara öz qabiliyyətləri və istedadları nisbətində təqlid edə biləcəkləri ən gözəl və mükəmməl nümunə olmuşdur: Dini lider olaraq nümunədir. Dövlət başçısı olaraq nümunədir. İlahi söhbət bağına girənlərə nümunədir. Rəbbin bol nemətlərinə nail olduğu zamanlarda şükür və təvazökarlığı ilə nümunədir. Çətin zamanlar və məkanlardakı səbir, mətanət və təslimiyyəti ilə nümunədir. Qənimət qarşısında comərdliyi və istiğnası ilə nümunədir. Ailəsinə şəfqəti ilə nümunədir. Zəiflərə, kimsəsizlərə, kölələrə mərhəməti ilə nümunədir. Günahkarları əfvi və dözümü ilə nümunədir. Çünki Hz. Peyğəmbər (s.ə.s) hələ peyğəmbərlik vəzifəsinə başlamadan əvvəl özünü hər kəsə sevdirmiş, xalqının ona: “Sən əmin və sadiqsən” dediyi kamillikdə üstün şəxsiyyətə sahib olmuş və dinin təbliğinə bundan sonra başlamışdır.

            O (s.ə.s), Allah-Təalanın bəşəriyyətə ikramı olaraq əbədi bir möcüzə, ən gözəl üsveyi-həsənəyə sahib olan nümunə şəxsiyyətdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz