SADƏCƏ SIİMVOLDURMU, BAYRAQ?!.
Torpağım üstünə kölgələr salan,
Mənim varlığımın cilası bayraq!
(Bəxtiyar Vahabzadə)
Var oluş səbəblərimiz arasında elə dəyərlər var ki, onları kəm gözlərdən qorumaq, nəyin bahasına olursa-olsun, uğrunda daim mübarizə aparmaq və bu mübarizlik ruhunu gələcək nəsillərə ötürmək üzərimizə düşən məsuliyyət və vəzifələrimizin ən başlıcasıdır, bəlkə də. İnsan üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirdiyi zaman əsl gücünü və keyfiyyətini ortaya qoymuş olar. Məhz bir insan kimi dəyərinə dəyər qatan da bu keyfiyyətidir. Sadəcə fiziki varlığının və xarici gözəlliyinin təkbaşına bir məna ifadə etmədiyinin fərqində olması lazımdır, insan oğlunun. Zahir və batinin tamamlanması zəruridir bu məqamda.
Daim uca zirvələrdə dalğalanaraq yaşadılması ən vacib simvolumuzdur, bayraq!..
Vətən torpağının dağı-dərəsi, tarixi, irsi, milli-mənəvi dəyərləri və mədəniyyətinin təcəssüm etmiş halıdır, bayraq!..
Bayraq təkcə üzərində düşünülərək, yazıb-pozaraq ortaya çıxan bir simvol deyildir, əslində. Millətin tarixi keçmişindən gələcəyinə qədər uzanan həyat hekayəsinin rəng və çalarları ilə ifadə edilmiş və bu ifadənin verdiyi güclə onu ruhlandıraraq ayaqda tutmağı bacaran qüvvədir, bayraq!..
Uğruna canından keçmiş şəhidlərimizin ruhlarının daşıyıcısıdır, bayraq!..
Bir millətin ruh birliyi içərisində altında toplanaraq düşməni qorxuya salan, titrədən silahıdır, bayraq!..
Şairin ifadə etdiyi kimi, əslində, bayraq kimlikdir; öz yurdunun hakimi olduğunu göstərən, “mən bu torpağın tarixi, keçmişi, gələcəyiyəm” deyə hayqırmağı onun sədaqətli daşıyıcılarına təlqin edəndir, bayraq!..
Üçrəngli bayrağın kölgəsində mən,
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən,
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim!
(Bəxtiyar Vahabzadə)
Bəli, zirvələrdən ətrafa yaydığı işıq ilə gedəcəyimiz yolu bizə göstərən bir bələdçi, bir mayakdır, bayraq!..
Bir millətin ayaqda qalmasını təmin edən ən təməl sütun təlim və tərbiyədir. Sağlam təlim-tərbiyə sisteminə malik olmayan xalq və millətlər yox olmağa və ya aşınmağa məhkumdur. Təlim-tərbiyə isə yaşadığın torpağın altındakı və üstündəki dəyərlərini, aid olduğun xalqın kimliyini, mədəniyyətini, milli-mənəvi dəyərlərini sevdirmək və onları düzgün aşılamaqla başlayar. Bu dəyərlərə sahib olmadığımız zaman, yaşada bilmədiyimiz zaman isə yerini əcnəbi mədəniyyətlərin dəyərləri doldurar. Bu isə bir millətin və mədəniyyətin sonu deməkdir. Bunun üçün daim mübarizə aparılmalı və dəyərlərimizin yaşadılması üçün canımızdan, qanımızdan keçməyi bacarmalıyıq. Necə ki, mərhum türk şairi Mehmed Akif Ersoy bu həqiqəti belə hayqırırdı:
Sahibsiz olan bir vətənin batması haqdır,
Sən sahib olarsan, bu vətən batmayacaqdır!
Bu gün hər birimizin borcudur ki, onun əsl mahiyyətini və həyatımızdakı yerini dərk edək, vətən torpağının parçalanmaz olduğunu, yad əllərə və düşmənə buraxılmayacaq qədər müqəddəs olduğunu daim xatırlayaq və övladlarımıza, gələcək nəsillərimizə onu sağlam miras olaraq təhvil verə bilək.
İslam mədəniyyətimizə baxdıqda da bayraq məfhumunun hansı dəyərə malik olduğunu görmək mümkündür. Əbu Səid əl-Xudri (r.a) Hz. Peyğəmbərin (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: “Fəxr etmək üçün demirəm, mən Adəm oğullarının əfəndisiyəm! Qiyamət günündə ilk mən dirildiləcəyəm. Fəxr etmək üçün demirəm, qiyamət günündə ilk şəfaət istəyən və şəfaəti qəbul edilən mən olacağam. Fəxr etmək üçün demirəm, qiyamət günündə həmd bayrağı mənim əlimdə olacaq!” (Tirmizi, Mənaqib, I; İbn Macə, Zühd, 37; )
Hədisdə qeyd olunan “Livaul-həmd”, yəni həmd bayrağı yalnız Hz. Peyğəmbərə (s.ə.s) məxsus olan xüsusiyyətlərdəndir. Bir rəvayətə görə, digər peyğəmbərlərdə olmayan və yalnız Hz. Peyğəmbərə (s.ə.s) aid olan bu bayraq altına Hz. Adəmdən (ə.s) qiyamətə qədər gəlmiş-keçmiş bütün möminlər toplanacaqdır. Bu eyni zamanda İslam mədəniyyətinin simvolik bir dəyəri kimi iman və etiqada malik insanların Peyğəmbər bayrağı altında toplanacağının müjdəsidir. Bayraq müqəddəsdir! Bayraq bizi həmrəy edən mənəvi bir qüvvədir!
Ey Rəbbimiz!
Bizləri şanlı üçrəngli bayrağımız altında bir və bərabər eylə!
Bayrağına sahib çıxan, onun üçün canından keçməyi bacaran, uğrunda ölən və öldürən insanlardan eylə!
Enməsin zirvədən bir an belə o!
Gətirsin lərzəyə, yer kürəsin qoy!
Dalğalan, ey Şanlı Bayraq, dalğalan!
Sönməsin, verdiyin o nur, heç zaman!
ŞƏRHLƏR