SÜNNƏ
Qurani-Kərim Uca Allah qatından insanlara öyüd-nəsihət olaraq endirilmiş son ilahi kitabdır. İçində hər şeyin açıqlaması vardır və insanlar üçün doğru yol tapmağa bir vasitədir.
Quranda bir çox ayədə Rəsulullaha (s.ə.s) itaət edilməsi əmr edilməkdədir. Bu son dərəcə əhəmiyyətli bir xüsusdur. Çünki Quranın düzgün başa düşülməsi ancaq və ancaq sünnənin düzgün anlaşılması ilə mümkündür.
Quranın açıqlayıcısı sünnədir. Burada çox əhəmiyyətli bir nöqtənin üzərində xüsusilə durmaq lazımdır. Sünnə Qurandan ayrı olan bir məfhum deyildir. Ayələrdə Peyğəmbərimizin (s.ə.s) insanlar üzərindəki ağır yükləri qaldıran, hökm qoyan, Qurandakı açıq və gizli hikmətləri ümmətinə öyrədən xüsusiyyətlərindən bəhs edilməkdədir. Necə ki, hədislərdə Rəsulullahın (s.ə.s) əshabələrə, demək olar ki, hər mövzu ilə bağlı çox sayda məlumat verdiyini görürük. Bu biliklər daha sonra alimlər tərəfindən izah olunaraq gündəlik həyata keçirilmiş və dövrümüzə qədər gəlib çıxmışdır.
“İslamı doğru başa düşüb yaşamaq üçün sünnəyə ehtiyac yoxdur, bizə Quran kifayətdir,” anlayışı qətiyyən İslamda yoxdur. Əslində “Yalnız Quran bizə yetər” deyən bir kimsə də Peyğəmbərimizin sünnəsinə tabe olmaq məcburiyyətindədir. Çünki sünnəyə tabe olmağı bizə elə Quranın özü əmr edir. Quranı sünnəsiz anlamağa çalışaraq onu yaşamağa cəhd göstərən kimsə tək qanadlı bir quşa bənzər. Uça bilməz; uçsa belə, tez düşər.
Bilindiyi kimi, İslamiyyətdə beş vaxt namaz qılmaq fərzdir. Namazın hökmən qılınacağı, necə dəstəmaz alınacağı kimi mövzular ilə əlaqəli ümumi məlumat verən ayələr vardır. Bütün bunlarla bərabər, namaz ibadətinin tam olaraq yerinə yetirilməsini yalnız sünnəyə baxaraq anlaya bilərik. Çünki ayələrdə namazın qılınma şəkli, namazda oxunacaq dualar, qadın və kişi necə namaz qılar, hansı namazın savabı daha çoxdur, dəstəmazın təfərrüatları, nələr dəstəmazı pozar, nələr pozmaz kimi mövzular yer almaz. Bu kimi əhəmiyyətli xüsusları ancaq sünnəyə baxaraq öyrənə bilərik.
Bu mövzuya misal olaraq Peyğəmbərimizin (s.ə.s) cümə günü ilə əlaqəli tövsiyələri və cümə namazı haqqında söylədiklərini də deyə bilərik. Bundan başqa, Quranda təmizlik, halal-haram kimi mövzularla yanaşı, oruc, zəkat, həcc kimi fərzlərlə əlaqədar da əmredici ayələr vardır. Ancaq ayələrdə bu ibadətlərin təfərrüatları ilə əlaqəli məlumatlar verilmir. Bunlara necə və nə ölçüdə riayət olunacağı məsələsini Peyğəmbərimizin (s.ə.s) sözlərinin və davranışlarının alimlər tərəfindən edilmiş izahlarından öyrənə bilərik.
Tarix boyu yaşamış olan bütün müsəlmanların, gəlmiş-keçmiş bütün İslam alimlərinin həyatına istiqamət verən, ibadətlərini şəkilləndirən ünsür sünnə olmuşdur. Peyğəmbərimizin (s.ə.s) dövründən bəri, yəni yüz illərdir müsəlmanlar ibadətlərini sünnəyə uyğun şəkildə edirlər. Beş vaxt namaz qılmaq, oruc tutmaq, sədəqə vermək, qurban kəsmək kimi ibadətlər sünnəyə riayət edilməsi baxımından heç dəyişməmişdir. Bu səbəblə yüz illərdir eyni şəkildə edilən ibadətlər üzərində ixtilaf yaratmağa çalışmaq, mübahisələr etmək son dərəcə yersiz bir davranışdır. Bunların hamısı sünnədə bütün incəlikləri ilə izah edilmiş və yerinə yetirilməsi vacib olan ibadətlərdir.
Qurana baxdığımızda Allahın Rəsuluna itaət etməklə əlaqəli bir çox ayənin mövcud olduğunu görürük. Məsələn, bir ayədə Uca Allah belə buyurur:
"Peyğəmbərə itaət edən şəxs, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə, qoy döndərsin! Biz ki səni onların üzərində gözətçi olmağa göndərməmişik". (ən-Nisa, 80)
Ayələrdə diqqət edilməsi lazım olan bir nöqtə vardır. Bu nöqtə, Rəsulullaha itaət etmənin, yəni onun əmrlərinə və qoyduğu qanunlara riayət etmənin Allahın fərz buyurduğu bir ibadət olduğu həqiqətidir.
Yenə ayələrə diqqət yetirdiyimiz zaman Həzrət Peyğəmbərin (s.ə.s) qadağan və əmr etmə səlahiyyətinə sahib olduğunu görürük. Məsələn: ".... Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir." (əl-Həşr, 7) ayəsi Peyğəmbərimizin (s.ə.s) Quranda haram ayələrində yer alan xüsuslardan başqa bəzi şeyləri də ümmətinə qadağan edə biləcəyini göstərməkdədir. Çünki onun bütün danışıq və hərəkətləri Allahın bilgisi daxilindədir, Onun istəyinə zidd hərəkət etməz. Bundan başqa, möminlərin anlaşa bilmədiyi mövzuları Peyğəmbərə (s.ə.s) bildirmələri və hökmün onun tərəfindən verilməsi ilə bağlı ayələr də buna misaldır.
Göründüyü kimi, Uca Allah ayələrində Rəsulullaha (s.ə.s) mütləq bir itaəti əmr etmişdir. Bu səbəblə İslam ancaq Quranla birlikdə sünnəyə də riayət olunmaqla yaşanır. Bu mövzu ilə əlaqəli ayələrdəki izahlar son dərəcə açıq və qətidir. Vəziyyət belə ikən Rəsulullahın (s.ə.s) sünnəsindən üz çevirmək kimi bir iddia ilə ortaya çıxmaq, əslində, Qurana müxalif bir düşüncədir.
Sünnə İslamın daha dolğun başa düşülməsi və yaşanması üçün hava və su kimi lazım olan bir ehtiyacdır. İslam alimləri Peyğəmbərimizin sünnəsini Nuhun (ə.s) gəmisinə bənzədərək belə tərif vermişlər: "Kim ona minərsə, xilas olar; kim minməzsə, boğular". (Süyuti, Miftahul-Cənnə, s. 53-54)
ŞƏRHLƏR