ALLAH İSRAF EDƏNLƏRİ SEVMƏZ!
İsraf: Ərəb dilində olan bu kəlmə lazımsız yerə xərcləmək, sərf etmək, işlətmək, dağıtmaq, puç etmək mənalarına gəlməkdədir.
Dini termin olaraq israf, bizə bəxş olunan hər hansı bir neməti lazımsız yerə xərcləyib bitirmək, eyni zamanda verilən bu nemətin qədir-qiymətini dərk etmədən ömür sürməkdir.
İsraf etmək hər zaman haramdır. Bizə bəxş olunan neməti necə gəldi xərcləmək və saçıb sovurmaq dinimizin icazə vermədiyi əməllərdəndir. Uca Allah Qurani Kərimdə israf edənləri sevmədiyini bildirərək belə buyurur: “Ey Adəm oğulları! Məscidə gedərkən (namaz qılarkən) gözəl və təmiz libaslarınızı geyinin. Yeyin-için, ancaq israf etməyin! Şübhəsiz ki, Allah israf edənləri sevməz”. (əl-Əraf, 141)
İsrafın üç növü vardır: Birincisi, əlindəki malı zay etmək və onu faydasız hala salmaqdır. Özü və ya başqasının istifadə edə biləcəyi paltarı yararsız hala salmaq, cırmaq kimi. Yaxud yeyəcəkləri o qədər saxlamaq ki, nə özü istifadə edə bilsin, nə də başqalarına verə bilsin. Gündüz vaxtı ehtiyac olmadığı halda elektrik lampasını söndürməmək də buna misaldır.
İkinci növ israf, malı bədənə zərər vuracaq şeylərə sərf etməkdir. İstər yemək-içmək olsun, istərsə də başqa bir vasitə ilə. Məsələn, doyduğu halda yenə də yeməyə davam etmək, siqaret çəkmək kimi. Ancaq bədənimizə xeyir və fayda verəcək şəkildə yemək-içmək israf deyildir.
İsrafın üçüncü növü, malını dini cəhətdən haram olan şeylərə sərf etməkdir. Məsələn, şərab içmək, qumar oynamaq, narkotik aludəçisi olmaq kimi. Bu israf növü iki cəhətdən günahdır: Həm Allahın əmrinə qarşı çıxaraq haram işlənir, həm də israfa yol verilir.
Bunlarla yanaşı, israfın bir növü də var ki, çoxları bundan bəhs etməz. Suyun, çörəyin, nemətin artıq istifadəsi israf olmaqla yanaşı, ən böyük israf həyatın israfıdır. Çörək atılanda heç olmasa quşlara, pişiklərə, itlərə yem olar, bir növ insan israfdan yaxa qurtara bilər. Yaxud su nə qədər axıdılırsa axıdılsın, yenidən dənizlərdən buxar olaraq geri gəlmə ehtimalı vardır. İnsanın ömrü israf edildikdə isə geriyə dönüş yoxdur. Ən böyük israf “həyat israfı”dır.
Uca Allahın təmənnasız bəxş etdiyi ömrümüzü, vaxtımızı gərəksiz işlərə sərf etməməliyik. Bəzən insan ona verilən ömrün, gəncliyin və vaxt nemətinin sorğu-sualının olacağını düşünməyərək ömür sürür. Halbuki Uca Allah verilmiş bütün nemətlərdən sorğu-sual olunacağımızı öz müqəddəs kitabında bizə bildirmişdir. Bu haqda belə buyurulur: “Sonra da siz, şübhəsiz ki, o gün (qiyamət günü) mütləq bütün nemətlərdən sorğuya çəkiləcəksiniz”. (ət-Təkasur, 8)
Bu həqiqəti daha da dərindən dərk etməyimiz üçün Allah Rəsulu (s.ə.s) bizi bu şəkildə xəbərdar edir: “İnsan oğluna bu beş şeydən hesab soruşulmadıqca onun ayaqları qiyamət günündə Rəbbinin hüzurundan ayrılmayacaq: ömrünü harada tükətdiyindən, gəncliyini harada keçirdiyindən, malını haradan qazanıb haralara xərclədiyindən və bildiyi elmlə əməl edib-etmədiyindən”. (Tirmizi, Sifətul-Qiyamə, 1)
Bu gün müasir dövrümüzün insanına baxdığımız zaman necə israf bataqlığına düşdüyünün acı şahidi oluruq. Hər bir yaş dövründə olan insanımızın israfa gedən yollarını görürük. Uşaqlarımız həddən artıq cizgi filmləri izləməklə, gənclərimiz ən gözəl çağlarını internet və sosial media bataqlığında keçirməklə, xanımlarımız, qızlarımız modanın, geyim-kecimin, alış-verişin məngənəsində və serialların, şou və əyləncə proqramlarının önündə saatlarla vaxt keçirməklə, qocalarımız da çayxanalarda, nərd oynayıb günlərini saymaqla həyatlarını israfla tükətməkdədir. Sağlamlığın israfı, iman nemətinin israfı,vaxtın israfı, elmin israfı... Hər biri bir-birindən dəhşətli, saymaqla bitməyən israflar...
Uca Allah öz quluna nəyi nemət olaraq lütf edibsə, şübhəsiz, müəyyən bir ölçüyə və nizama uyğun şəkildə istifadə olunmalıdır. Su bir nemətdir, israf etmədən, diqqətli istifadə olunmalıdır. Çörək nemətdir, israf etmədən, diqqətli istifadə olunmalıdır. Sağlamlıq da bir nemətdir. Həyat da nemətdir. Mömin bir camaatın içində olmaq da nemətdir. Ana, ata, qardaşlar da nemətdirlər. Hər birinin qədri bilinməlidir. Bir müsəlmanın ailə dəyərlərini, qardaşlıq məfhumunu zədələməsi də israfdır. Mömin bəndə, çörəyi zibilə atmağa əli gəlmədiyi kimi, israfdan qorxduğu kimi, elektrik israfından çəkindiyi kimi, su kranını açıq saxlamaqdan çəkindiyi kimi mömin qardaşlığını da ziyan etməkdən çəkinməlidir. Möminlik səbəbi ilə qardaş elan olunmuş bir insan, məgər elektrikdən, qazdan, sudan dəyərsizdirmi? Ata-ana nə ilə ölçülə bilən bir nemətdir ki, onların varlığı gərəksiz və yersiz halda dəyərsiz bilinsin, daşıdığı müqəddəs dəyər israf olunsun?!.. Unutmayaq ki, israf haramdır! Allah israf edənləri sevməz!
ŞƏRHLƏR