UŞAQLARA QURAN TƏLİMİ
Uşaqlar Allahın bizə verdiyi əmanətdir. Bunların qorunmasından istər ailələr, istərsə də bütün ictimaiyyət məsuldur. Gələcəkdə dünya və axirətdə mötəbər mövqe və yerimizin olması nəsillərin düzgün təlim və tərbiyəsinə bağlıdır. Bir mütəfəkkirin dediyi kimi, bir millətin gələcəyi, o millətin uşaqlarının alacağı təlim və təhsilə bağlıdır.
Həzrət Peyğəmbər: “Hər doğulan uşaq İslam fitrəti üzrə doğular”,- buyurarkən onların hər cəhətdən təmiz, yəni fitrət etibarilə yaradılışdakı mahiyyəti baxımından pak və ləkəsiz olduğunu qeyd etmişdir. Hədisi-şərifdən başa düşmək olur ki, əgər uşaqlar bu ülvi duyğularla tərbiyə edilər və həddi-büluğdan sonra da qeyd edilən ülvi əsaslarla, yəni pak İslam dini üzrə bir həyat tərzi yaşaya bilərlərsə, (bu halın uşaqlıq illərindən davamı ata-anın məsuliyyətində olan bir vəzifədir) bu minvalla insan həyatı boyu doğulduğu xüsusiyyətlərlə yaşaya bilər.
Uşağın yetişməsində ilk öncə ailəsi sonra isə getdiyi təhsil və tədris ocağının böyük təsiri vardır. Uşağın kamil formada yetişməsi, ehtiyacı olduğu bütün insani və əxlaqi keyfiyyətləri, sosial cəhətdən ideal düşüncəyə sahib olması, ruh və bədən baxımından sağlam, bilikli və hərtərəfli yetişə bilməsi üçün məhz onun yetişdiyi təlim və tərbiyə ocaqları bu möhtəvaya sahib olmalıdır.
Bu baxımdan azyaşlıların təlim və tərbiyəsində Qurani-Kərim təliminin böyük əhəmiyyəti var. Çünki Quran təlim və tədrisinə müdavim uşaqlar həm hərəkət və davranışları baxımından, həm də dünyagörüşü, düşüncə və əqidə kimi zehni formalaşdıran ünsürlərlə burada tanış olur və bu mühitin ab-havasında həyata qədəm qoyurlar.
Təlimin əsası gözəl Qurani-Kərim oxumaq olsa da, hər şeydən öncə uşaqlar burada Quran prinsipləri ilə yaxından tanış olurlar. Eyni zamanda Allah Rəsulunun gözəl əxlaqını öyrənir və cəmiyyətdə onu nümayiş etdirirlər.
Yuxarıda qeyd edilən fitrətdəki təmizliyi qoruyub saxlamaq və təmiz şəkildə inkişaf etdirmək ancaq Yaradanın göndərdiyi kitabı öyrənib həyata keçirməklə mümkündür. Həzrət Aişə anamızdan Peyğəmbər əleyhissalamın əxlaqı haqqında soruşduqda “Onun əxlaqı Quran idi” cavabını vermişdir.
Bu səbəblədir ki, Quran təliminin əhəmiyyəti haqqında Həzrət Peyğəmbər əleyhissalam: “Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir”,- buyurmuşdur.
Digər cəhətdən ictimaiyyətdə hər bir insanın ortaya qoyduğu davranışların əxlaqi cəhətdən keyfiyyəti əhəmiyyət kəsb edir. Unutmamaq lazımdır ki, bu davranışlar böyük ölçüdə insanın görüb yetişdiyi mühitin təsiri ilə meydana gələn davranışlardır. Quran təlimi ilə məşğul olan uşaqların götürdüyü ilk əxlaqi tərbiyə prinsipləri həmin təlim mərkəzlərində yenə də Həzrət Peyğəmbər əleyhissalamın “Böyüklərə hörmət etməyən, kiçiklərə də mərhəmət etməyən bizdən deyil”,- hədisi-şərifi əsasında formalaşan ədəb-əxlaq çərçivəsində təzahür edəcəkdir.
Quran təlimi ilə məşğul olanlar əlbəttə burada ona aşılanan prinsiplər daxilində aldığı tərbiyə ilə valideynlərilə ünsiyyətini quracaq və onlara qarşı hörmət şəklini təzahür etdirəcəkdir. Məsələn, Qurani-Kərimdə keçən: “Rəbbin yalnız ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur...” (İsra, 24-25) ayəsini həm öyrənəcək, həm də onun tətbiqini Allahın rizası baxımından özünə borc biləcəkdir.
Qurani-Kərinin təlimi ilə davranış qaydalarını öyrənən müdavimlər eyni zamanda danışıq mədəniyyətini də öyrənirlər. Quranın xoş görmədiyi danışıq şəkillərindən və növlərindən uzaq dururlar. Allahın mülayim danışmağı sevdiyini, kobud olmağı və söz ilə insanları acılamağı bəyənmədiyini öyrənir və belə işlərdən özünü qoruyur. Yalan danışmağın, insanlara böhtan atmağın, insanlara bəyənmədikləri ləqəblər qoşmağın, söyüş söyməyin, qeybət etməyin pis davranışlar olduğunu öyrənir və bu davranışlardan uşaqlaşmaqla öz əxlaqını gözəlləşdirir.
Eyni zamanda burada düşüncə formalaşması baxımından o: “Mən cinləri və insanları ancaq mənə ibadət etsinlər deyə yaratdım” (Zariyat, 56) ayəsi ilə bir yaradıcının var olduğunu və bizi nə səbəblə yaratdığını öyrənir. Əqidə baxımından din duyğusunu milli-mənəvi əsaslar üzrə formalaşdırır.
Bir faktoru da burada qeyd etmək lazımdır ki, bütün bunlarla yanaşı işin əsasında Quran təlimçisi durur. Belə ki, uşaqların təqlidçi olduqları unudulmamalı və Quran təlimçisi özünü dinimizin istədiyi şəkildə göstərməlidir ki, uşaqların yetişməsinə faydası olsun. Davranışları Quran əsaslarına uymayan təlimçinin söylədikləri və dedikləri heç bir təsir göstərməyəcək, əksinə, öz davranışları uşaqlarda təzahür edəcəkdir.
Qurani-Kərim öyrədən müəllimin diqqət edəcəyi xüsuslar
Hər bir elmin öyrədilməsində diqqət edilməsi gərəkən qaydalar olduğu kimi, Qurani-Kərim öyrədilərkən də diqqət edilməsi lazım olan xüsuslar vardır. Bunları belə sıralaya bilərik:
1. İxlas və səmimi niyyət. Hər bir əməldə olduğu kimi Quranın öyrədilməsində də ilk ədəb ixlas və səmimi niyyətdir. Hz. Ömər rəvayət edir ki: “Mən Hz. Peyğəmbərin belə dediyini eşitdim: “Əməllər ancaq niyyətlərə görədir. Hər kəsə də ancaq niyyət etdiyi şey qalacaqdır.” (Buxari, Müslim, Əbu Davud və s.).
2. İlk əvvəl tələbələrə Qurani-Kərimin kim tərəfindən, niyə göndərildiyini, nəyə görə onu oxumağı öyrəndiyimizi öyrətməlidir.
3. Məqsəd Qurani-Kərimi öyrətmək olsa da, əsl məqsəd Qurani-Kərimin ruhunu insanlara aşılamaq olmalıdır.
4. Qurani-Kərimi öyrədən müəllim tələbələrinə Hz. Peyğəmbərimizin insanlara davrandığı kimi mərhəmətli və şəfqətli davranmalıdır.
5. Öz üzərində çalışmalı, həm dini biliklərini, həm də mənəviyyatını gücləndirməlidir.
6. Ümumi tədris qayadalarına riayət etməlidir.
7. Tədrisin cəlbedici olması üçün müəyyən texniki və digər vasitələrdən (oyunlar, film, yarışlar və s.) istifadə etməlidir.
8. Bu xidmətin dəyərini bilməli və mükafatını Allahdan gözləməlidir.
ŞƏRHLƏR