BİR HƏDİS
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ صَامَ رَمَضَانَ، إِيمَانًا وَاحْتِسَابًا، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ
Əbu Hüreyrə (r.a)-dan rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Kim inanaraq və yalnız Allahın rizasını ümid edərək Ramazan ayında oruc tutarsa, onun keçmiş günahları bağışlanar.” (Buxari, İman, 27; Müslim, Müsafirin, 25; Tirmizi, Savm, 1.)
Ramazan ayı deyincə, bir ay ərzində Allahın rəhmət və məğfirətinin bəşər övladına digər aylardan daha çox təcəlli etməsi ağla gəlməkdədir. İnsanın bu gözəl təcəllilərdən istifadə edə bilməsi üçün Allahın bu aya məxsus olaraq qoyduğu tələbləri yerinə yetirməsi lazımdır. Oruc bu tələblərin başında gələn ən önəmli amildir. Oruc Ramazan ayının şüarı və bu ayın əsas məqsədidir. Ona görə də, orucsuz Ramazan insan üçün heç bir məna kəsb edə bilməz. Orucun oruc olması üçün müəyyən əsaslar vardır ki, Allah Rəsulu (s.ə.s) hədisi-şərifində buna diqqət çəkmişdir.
Əməl və ibadətlərin məqbul olması üçün iki önəmli şərt vardır. Birinci şərt Allaha iman, ikinci şərt isə ixlas və səmimiyyətdir. Yəni bir işi, mükafatını yalnız Allahdan ümid edərək Allah rizası üçün etmək, riya və göstərişdən uzaq durmaqdır. Bu iki şərt hədisi-şərifdə iman və ihtisab kəlmələri ilə ifadə edilmişdir. İnsan inanmadan oruc tuta bilərmi? –kimi bir sual ağla gələ bilər. Həqiqətdə inanmayıb inanmış kimi görünən və müəyyən səbəblərlə gözəl işlər görən insanların olması mümkündür. Bu kimsələrin etdikləri əməllərin onlara hər hansı mənəvi bir qazanc gətirməyəcəyi məlumdur. Digər tərəfdən də insan bir şeyin haq və doğru olduğuna inanar və yerinə yetirər. Fəqət onun etdikləri ixlas və səmimiyyətdən uzaq, riya, göstəriş, qorxu v.s. kimi səbəblərlə olar. Bu davranışlar ibadət və xeyirxahlıq kimi görünsə də, bu, əməl sahibini Allahın qoyduğu əsas hədəfə çatdıra bilməz. Yəni bu şəkildə bir əməl də Allah tərəfindən məqbul sayılmır. Rəsulullah (s.ə.s) hədisi-şərifdə əməllərin bu tərəfinə diqqət çəkərək Ramazan orucunun mənəvi zənginliyinə, fəzilətinə, faydasına qəlbən inanaraq və qarşılığını sadəcə Allahdan gözləyərək ixlas və səmimiyyətlə tutan kimsələrin orucun mükafatını qazanacağını müjdələmişdir. Bu mükafat da, insanın keçmiş günahlarının bağışlanmasıdır. Alimlər “keçmiş günahlar” ifadəsindən qəsd olunan mənanın kiçik günahlar olduğunu söyləmişdirlər.
Nəticə olaraq oruc ibadətinin fərz olmasında əsas məqsəd insanı tərbiyə etmək, onun əxlaqını gözəlləşdirmək və Allahın rizasına çatdırmaqdır. Şüursuz bir şəkildə adət olaraq yerinə yetirilən, insanların qınağına məruz qalmamaq, müalicə məqsədi ilə və sağlamlıqdır deyərək oruc tutmaq insana heç bir müsbət dəyər qazandırmaz. Çünki əməllər niyyətlərə görə dəyər qazanar.
ŞƏRHLƏR