HAQQ DOSTLARINDAN HİKMƏTLƏR
İmam Rəbbani həzrətləri buyurur:
“Fəzilət Rəsulullah -in şərəfli Sünnəsinə tabe olmağa, məziyyət də Onun gətirdiyi şəriəti yaşamağa bağlıdır. Məsələn, Sünnəyə tabe olmaq niyyətilə günorta yatmaq Sünnəyə müxalif (formada ifa edilən) bir çox nafilə ibadətdən daha fəzilətlidir… Allahın əmrinə tabe olaraq verilən zəkatın bir quruşu öz arzusu istiqamətində (nəfsani istəklərlə qarışıq) xərclənən dağlar qədər qızıldan daha çox qiymətlidir.”[1]
[Möminin vəzifəsi Allahın əmrlərini sırf Allah əmr etdiyi üçün və Rəsulullahın tətbiq etdiyi formada yerinə yetirməkdir. Bu məsələdə -xoş niyyətlə də olsa- şəxsi rəyinə əsasən hərəkət edib Sünnənin xaricinə çıxmaq insanı səhv yollara salar. Buna görə də hansı saleh əməlin nə vaxt, necə, hansı formada və nə şəkildə tətbiq ediləcəyini Sünnədən öyrənmək lazımdır.
Necə ki hədisi şərifdə belə buyurulur:
“Sünnəyə uyğun olan az əməl bidət olan çox əməldən xeyirlidir. Kim mənim (Sünnəmlə) əməl edərsə, məndəndir, kim Sünnəmdən üz çevirərsə, məndən deyil.” (Abdurrəzzaq, Müsənnəf, XI, 291)
Qeyd edəcəyimiz hadisə bu həqiqəti necə də gözəl izah edir:
Tabiun nəslinin böyük alimlərindən Səid bin Müseyyəb (rəh.a) ikindidən sonra əlavə iki rükət namaz qılan bir adam gördü. (Kərahət vaxtı nafilə namaz qılan bu adamın əməlini bəyənmədi.) Namaz qılan həmin şəxs ona:
“- Ey ustad! Allah-Təala namaz qıldığım üçün mənə əzab edərmi?!”,- deyərək etdiyi səhv əməli müdafiə etməyə çalışdı.
Səid bin Mцseyyəb həzrətləri də:
“- Xeyr! Allah sənə namaz qıldığın üçün deyil, lakin Sünneyi-Səniyyəyə müxalif davrandığın üçün əzab edər!”,- buyurdu. (Darimi, Müqəddimə, 39/442)
Bu haqda Fudayl bin İyaz həzrətləri də belə buyurmuşdur:
“Əgər bir əməl ixlasla işlənər, amma doğru olmazsa qəbul edilməz. Doğru olar, ancaq ixlaslı olmazsa, yenə qəbul edilməz. Ta ki, həm ixlaslı, həm də doğru olana qədər. İxlas onun Allah üçün edilməsi, doğru olması da Sünnəyə uyğun olmasıdır”.
Bu səbəbdən əməllərimizin Haqq-Təalanın rizasına uyğun olmasını istəyiriksə, həm qəlbimizdəki niyyətin xalis olmasına, həm də o əməli Sünnədəki tərifinə uyğun formada ifa etməyə səy göstərməliyik.
Məsələn, Hərzət Peyьəmbər (s.ə.s) fərz namazlardan sonra 33 dəfə “sübhanallah”, 33 dəfə “əl-həmdulilləh” və 33 dəfə “Allahu əkbər” deməyi tövsiyə etmişdir. Biz daha çox savab qazanmaq üçün bunu 34-ə yüksəldə bilmərik. Belə bir hərəkət “təqva” təzahürü deyil. Əksinə, öz fikrimizi Allah Rəsulunun tövsiyəsinin önünə qoymaq kimi böyük bir cürətdir. Halbuki ayeyi-kərimədə belə buyurulur:
“…Allah və Rəsulunun önünə keçməyin!..” (əl-Hucurat, 1). Yəni bir məsələdə Allah və Rəsulunun açıq təlimatı olduğu halda öz görüş və fikirlərini -haşa- Kitab və Sünnədən daha doğru görmək qəflət və zəlalətin ən dəhşətlisidir.
Necə ki, bir nəfər İmam Malik Həzrətlərindən:
“- Ehrama harda girim (niyyət edim)?”[2] deyə soruşdu. İmam Malik həzrətləri Sünnəyə uygun olan yeri, yəni Rəsulullah (s.ə.s) -in ehrama girdiyi Zülxuleyfə bölgəsini tövsiyə etdi. Ancaq o adam:
“- Mən Məscidi-Nəbəvidən ehrama girmək istəyirəm”, -dedikdə İmam Malik həzrətləri ona bunu qadağan etdi. Həmin adam yenə:
“- Ehrama qəbri-şərifin yanından, məsciddən girmək istəyirəm”,- deyə israr etdi. İmam Malik həzrətləri:
“- Elə edəcəyin təqdirdə sənin fitnəyə düşməndən qorxuram”,- dedi. Həmin şəxs təəccüblə:
“- Ey İmam! Bunun nəyi fitnədir? Mən məsafəni daha da uzadıram”,- dedikdə İmam Malik həzrətləri bu hikmətli cavabı verdi:
“- Rəsulullah (s.ə.s) -in nöqsan saxladığı bir fəzilətə nail olduğunu düşünməyindən daha böyük fitnə olarmı? Allah-Təala; “…Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!”.[3] buyurdu.” (Şatibi Etisam, I, 97)
Gördüyümüz kimi hətta saleh əməllərdə belə həddi aşmamaq lazımdэr. Ruhi cəzbə ilə həddi aşmaq “dindarlıq və təqva” zənn edilməməlidir. Necə ki, Həzrət Peyğəmbər (s.ə.s) belə bir istəklə ilin hər gününü oruclu keçirmək istəyən bir səhabəsinə bunu qadağan etmiş, səhabənin israrı üzərinə də ona ən çox Həzrət Davudun orucunu, yəni bir gün tutub, bir gün tutmamağı tövsiyə etmişdir. Boş yerə deyil ki, həmin səhabə qocaldığı zaman bu vəzifələri yerinə yetirməkdə çətinlik çəkdiyi üçün vaxtilə Allah Rəsulunun ona təklif etdiyi rüxsətlərə əməl etmədiyi üçün peşmanlığını dilə gətirmişdir.[4]
Bu nöqteyi-nəzərdən həqiqi dindarlıq və təqva Rəsulullahın təlimatlarını eynən Onun buyurduğu şəkildə yerinə yetirməkdir. Eynilə bir dərmanın dozasına riayətdə olduğu kimi insan üçün ən böyük fayda Rəsulullahın təlimatına tam təslimiyyətdə gizlidir.
Möminin öz fikir və düşüncəsiylə saleh əməllərdə həddi aşması yanlnış olduğu kimi bunun əksinə, həmin əməllərdə qısaltmağa təşəbbüs etməsi də eləcə səhvdir. Yəni 33 təsbeh tövsiyəsi olduğu halda “Mənə 32 də bəsdir” deyə bilmərik. Bu xüsusda Yunus (s.ə.s) –un başına gələnləri unutmamaq lazımdır:
Yunus (s.ə.s) - u ilahi təlimata görə qırx gün təbliğ fəaliyyəti ilə məşğul olmalı idi. Lakin otuz yeddinci günün sonunda hələ imana gəlməyən qövmünə qəzəblənərək təbliği tərk etdi. Halbuki Allahın verdiyi möhlətin dolmasına hələ üç gün qalmışdı. Lakin Yunus (s.ə.s) - ümidsizliyə qapılıb oradan ayrıldı. Mindiyi bir gəmidə yaşanan bəzi hadisələrdən sonra səhvini başa düşdü, lakin gəmidən suya atəldı. Səhvi ucbatından peşmanlıq çəkərkən və özünü qınayarkən bir balıq tərəfindən uduldu. Yunus (s.ə.s) balığın qarınında tövbə-istiğfar etdi, zikr ilə məşğul oldu. Ayeyi-kərimələrdə bu hal belə bəyan edilməkdədir:
“…Amma sonra qaranlıqlar içində (balığın qarnında): “(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”, -deyib dua etmişdi.” (əl-Ənbiya, 87)
“Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı, Yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı.” (əs-Saffat, 143-144)
Deməli, Allahın əmrlərinə tam bir səbirlə itaət etmək şərtdir. Necə ki, Allah-Təala yenə Yunus (s.ə.s) -dan misal verərək belə xəbərdarlэq etməkdədir:
“(Ya Rəsulum!) Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi (Yunis peyğəmbər) kimi olma (risaləti təbliğ etməyi yerə qoyma). O zaman o, (balığın qarnında) qəm-kədər içində boğularaq (Rəbbinə) dua etmişdi. Əgər Rəbbindən ona bir mərhəmət (nemət) yetişməsəydi, o, məzəmmət olunaraq quru yerə (səhraya) atılacaqdı.” (əl-Qələm, 48-49)
Göründüyü kimi məqbul bir qulluq əmr ediləni -nə bir az əskik, nə bir az artıq- əmr edildiyi kimi dostdoğru edə bilməyə bağlıdır. Çünki saleh əməllərdən məqsəd o əməllərin özü deyil, həmin əməllər vəsiləsiylə Allah və Rəsuluna ifadə ediləcək olan təslimiyyət, məhəbbət və bağlılıqdır. Bunun üçündür ki, Haqq-Təala Rəsuluna tam bir təslimiyyətlə itaət etməmizi əmr edir. Ayeyi-kərimədə buyurular:
“Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin.” (əl-Яnfal, 24)
Həzrət Əli (r.ə.a) bu sözləri onun könlündəki Peyğəmbərə bağlılıq üfüqünün ülviliyini necə də gözəl ifadə etməkdədir:
“Siz Həzrət Məhəmməd Mustafa -in Sünnəsindən daha fəzilətli və daha gözəl başqa heç bir şeyə tabe ola bilməz, ardınca getmək üçün ondan daha yaxşı heç nə tapa bilməzsiniz”[5]
“Biz Rəsulullah (s.ə.s) -in ayağa qalxdığını gördük, biz də qalxdıq, oturduğunu gördük, biz də oturduq.”[6]
Əshabi-kiram Allah Rəsulunun əmrlərindəki hikməti bilsələr də, bilməsələr də Ona bütünlüklə təslim olub itaət edən Peyğəmbər aşiqləri idilər. Onlardan biri olan Abdullah bin Ömər (r.ə.a) Həzrət Peyğəmbərin bir bulaqdan su içdiyini görmüş, buna görə də zaman-zaman həmin bulağa gedərək oradan su içmişdi. Rəsulullahın bir ağacın altında kölgələndiyini görmüş, o da həmin ağacın altında kölgələnmişdi. Həmçinin mübarək kürəyini bir qayaya söykəyərək bir az oturduğunu görmüş, o da bəzən həmin yerə gedərək kürəyini bir müddət o qayaya söykəyərək oturmuş, bu kimi hərəkətlərinin hikmətini ifadə edərcəsinə:
“Biz Həzrət Muhamməd (s.ə.s) -i nə isə edərkən görmüşüksə, eynilə Onun kimi edirik”.[7] buyurmuşdur.
Biz də öz növbəmizdə əshabi-kiramdan nümunə götürərək, yaşadığımız zamanda insanların ən çox düşdüyü səhvlərdən biri olan “sünnələri əhəmiyyətsiz görmək” xəstəliyindən şiddətlə çəkinməliyik.
Çünki Allah-Təala Peyğəmbərimiz haqqında:
“Şübhəsiz Sən) dostdoğru bir istiqamət üzərindəsən”. (Yasin, 4) buyurur. Bu səbəbdən bizim üзün də ən doğru istiqamət sahibindən heç bir zaman ayrılmayan bir kölgə kimi Allah Rəsulunun nurlu izi ilə getmək və var gücümüzlə Ona bənzəməyə cəhd göstərməkdir.
Allah Rəsuluna tam bir sədaqət və təslimiyyətlə itaət edən Həzrət Osman (r.ə.a) bu halı necə də möhtəşəmdir:
Allah Rəsulu (s.ə.s) məkkəli müşriklərlə imzalanan Hüdeybiyyə Anlaşmasından əvvəl Həzrət Osman Məkkəyə elçi göndərmişdi. Həzrət Osman (r.ə.a) möminlərin niyyətlərinin ümrə edib geri qayıtmaq olduğunu izah etsə də müşriklər buna icazə vermədilər. Üstəlik onu nəzarətə götürərək:
“- İstəyirsənsə, təkcə sən Kəbəni təvaf edə bilərsən!..”,- dedilər.
мBütün müsəlmanlar təvaf həsrətiylə yanır, Kəbəni görmək üçün həsrətdən tutuşurdular. Hətta bəziləri Həzrət Osmanın Kəbəni təvaf edəcəyini düşünüb ona qibtə edirdilər. Lakin üzünü Allah və Rəsuluna həsr etmiş olan o mübarək səhabə möhtəşəm bir sədaqət dərsi verərək belə dedi:
“- Həzrət Peyğəmbər Kəbəni təvaf etmədikcə mən də edə bilmərəm! Mən Beytullahı ancaq Onun arxasında ziyarət edərəm. Allah Rəsulunun qəbul edilmədiyi bir yerdə mən də yoxam...” (Əhməd, IV, 324)
Yəni Həzrət Osman (r.a) könlü Kəbə həsrətiylə qovrulmasına baxmayaraq Allah Rəsuluna olan qəlbi bağlılığı səbəbiylə Kəbəni təvaf etməkdən özünü məhrum etdi. Bir ibadət xüsusunda da olsa Allah Rəsulunun önünə keçməkdən həya etdi. Çünki o qiymətli səhabənin Allah Rəsuluna olan sədaqət, təslimiyyət və məhəbbəti bunu tələb edirdi. “İnsan sevdiyiylə bərabərdir.” (Buxari, Ədəb, 96) hədisi-şərifini bu qədər yüksək səviyyədə anlayıb yaşayırdı. Məhz həqiqi məhəbbət də iki qəlb arasındakэ bir cərəyan xəttidir. Fərqli bədənlərdə, eyni qəlblə yaşamaq və eyni könül həssaslığını paylaşa bilməkdir.
Digər tərəfdən Hüdeybiyyədə gözləyən möminlərə Həzrət Osmanın şəhid edildiyi şayiəsi çatdıqda Allah Rəsulu (s.ə.s) də onun bu sədaqətinə daha möhtəşəm bir sədaqətlə cavab verərək, lazım gələrsə, müşriklərlə döyüşmək üçün səhabələrindən beyət aldı. Sonra bir əlini digər əlinin üzərinə qoyub: “Allahım, bu beyət də Osman üçündцr. Şübhəsiz ki, o, Sənin və Rəsulunun xidmətindədir”.[8] buyuraraq ona olan etimad və məhəbbətini izhar etdi. Elə bu zaman müşriklər razılığa gəlmək üçün elçi göndərdilər. Ardınca da Həzrət Osman sağ-salamat geri qayıtdı.
Demək ki, Allahın rizasını və Rəsulunun məhəbbətini cəlb edən amil bəndənin qəlbindəki sədaqət, məhəbbət, təslimiyyət və itaətidir. Bu xüsuslardakı nöqsanlığın açacağı boşluğu heç nə doldura bilməz. Bu səbəblə Allah və Rəsulunun əmrlərinə riayət xüsusunda çox diqqətli olmaq lazımdır. Hal və şərtlərin tələb etdiyi şəkildə daha mühüm olan bir işi mühüm olana tərcih edərək fərasət və bəsirətlə addım atmaq lazımdır. Bu xüsusda Allah Rəsulunun əshabi-kirandan Abdullah bin Rəvahaya etdiyi bu xəbərdarlıq necə də mənalıdır:
Rəsulullah (s.ə.s) Abdullah bin Rəvahan (r.ə.a) -ı hərbi bir bölüklə bir yerə göndərmişdi. O gün cümə idi. Digərləri (Rəsulullahın əmr etdiyi kimi) sübh tezdən yola çıxdılar, o isə yubandı. Öz-özünə:
“Allah Rəsulu (s.ə.s) ilə birlikdə namazımı qıldıqdan sonra yoldaşlarıma çataram”,- dedi. Allah Rəsulu namaz qılarkən onu gördü və:
“- Sən nə üçün yoldaşlarınla tezdən çıxmadın?”,- deyə soruşdu. Abdullah bin Rəvaha (r.ə.a):
“- Səninlə namaz qılıb, sonra onlara çatmaq istədim”,- dedikdə Allah Rəsulu (s.ə.s) ona belə xəbərdarlıq etdi:
“- Yer üzündəkilərin tamamını infaq etsən, onların erkəndən çıxaraq qazandıqları fəziləti əldə edə bilməzsən!”. (Tirmizi, Cümə, 28/527; Əhməd, I, 256; Beyhəqi, III, 187)
O Abdullah bin Rəvaha ki, Aqabə beyətlərində iştirak etmiş, Mutə döyüşündə Allah Rəsulundan şəhid olacağına dair müjdə alaraq böyük həvəs və coşqu ilə cəbhəyə getmiş, malını beytülmala, canını da Allaha təqdim edərək Cənnəti-Əlaya uçan nəcib bir səhabədir. Məhz həmin səhabə Rəsulullahla bir az daha artıq bərabər ola bilmək kimi yaxşı niyyətlə də olsa, Peyğəmbər əmrinə itaətə gecikdiyi üçün Rəsulullahın könlünü hüznləndirmiş və bu xəbərdarlığa müxatəb olmuşdur.
Bu səbəblə Allah və Rəsulunun əmrləri -hikməti bilinsə də, bilinməsə də- əmr edildiyi kimi və gecikdirilmədən yerinə yetirilməlidir. Həzrət Peyğəmbərin hansısa məsələ ilə bağlı açıq bir əmri varkən öz başına -xoş niyyətlə də olsa- başqa bir qərar almaq çox ciddi itkilərə səbəb ola bilər.
Əmrə itaəti unutduran aşırı həyəcanların və ya əmrə itaətdən uzaqlaşdıracaq dərəcədə aşırı ədəblərin də bir növ üsyan kimi sayılacağı unudulmamalıdır. İnsan öz zənniylə hərəkət etdiyi təqdirdə bəzən doğru addım atdığını düşünərək bu cür xətalara sürüklənə bilər. Bu səbəblə də heç vaxt Allah və Rəsulunun önünə keçməmək, yəni Quran və Sünnənin açıq-aşkar hökmləri varkən “mənə görə” deməmək lazımdır.]
İmam Rəbbani həzrətləri buyurur:
“Təhəccüd namazını çok qiymətli tut! Şəfaət məqamı olan Məqami-Mahmuddan pay almaq istəyənlər təhəccüd namazını əsla qaçırmasınlar!”[9]
[Ayeyi-kərimədə buyurulur:
“Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!” (əl-İsra, 79)
Təhəccüd namazı Həzrət Rəsulullah r -ə fərz qılınmışdı. Bizim üçünsə çox əhəmiyyətli bir sünnədir. Allah-Təala Həbibinə təhəccüdü əmr edərək səhər vaxtlarını Quran və zikrlə əhya etməsi müqabilində Onu Məqami-Mahmud / tərifəlayiq ülvi məqam ilə müjdələmişdir.
Məqami-Mahmud gəlib-keçmiş bütün insanların qibtə edəcəkləri, məhşər əhlinə şəfaət məqamıdır.[10]
Allah Rəsulu (s.ə.s) təhəccüdə xüsusi bir əhəmmiyyət vermişdir. İstər səfərdə, istərsə də evdə olduqda ona əsla səhlənkar yanaşmamış, çox sevdiyi səhabələrini də bu ibadətə təşviq etmişdir.
Necə ki, bir hədisi-şərifində belə buyurmuşdur:
“Ümmətimin ən şərəfliləri, həməleyi-Quran (yani Qurana xidmət edən hafizlər) və davamlı olaraq gecə ibadətinə qalxanlardır.” (Münavi, I, 522)
Həmçinin Allah Rəsulu (s.ə.s) bir dəfə Abdullah bin Amr bin Asa belə tövsiyə etmişdi:
“- Ey Abdullah, filankəs kimi olma! Çünki o, gecə ibadətinə davam etdiyi halda artıq gecələr qalxmaz oldu”. (Buxari, Təhəccüd, 19)
Amr bin Abəsə (r.ə.a) da belə nəql edir:
“- Ey Allahın Rəsulu, vaxtlar içində Allaha yaxınlıq baxımından digərlərinə görə daha fəzilətli ola bir vaxt varmı?”,- deyə soruşdum. Belə cavab verdi:
“- Bəli, Rəbbin qula ən yaxın olduğu vaxt gecənin son qisminin ortasıdır. Əgər o saatda Allahı zikr edənlərdən olmağa gücün çatarsa, bunu et! Çünki (o saatda) namaz məşhuddur (mələklər o əsnada hazır olar)”,- buyurdu. (Nəsai, Məvaqitus-Salət, 35)
Haqq dostlarından Bəyazid Bistami həzrətləri kiçik yaşda Qurani-Kərim oxumağa başlamışdı. “Ey (libasına) örtünüb bürünən (əbasına bürünüb yatan Peyğəmbər)! Gecəni – az bir hissəsi istisna olmaqla – qalxıb namaz qıl!”[11] ayeyi-kəriməsinə çatanda atasından:
“- Atacan, Allah-Təala burada kimə xitab edir?”,- deyə soruşdu. Atası da:
“- Övladım, Allah-Təala burada Rəsulullah -i qəsd edir. Rəbbimiz daha sonra Taha surəsində bu hökmü yüngülləşdirdi”,- dedi. Bəyazid oxumağa davam etdi və:
“(Ya Peyğəmbər!) Həqiqətən, Rəbbin bilir ki, sən (yatağından) qalxıb bəzən gecənin təqribən üçdə ikisini, bəzən yarısını, bəzən də üçdə birini namaz qılırsan. Səninlə birlikdə olanların da belə etdiyini Rəbbin bilir…”[12] ayeyi-kəriməsinə gəldi. Bu zaman soruşdu:
“- Atacan, mən gecə ibadət üçün qalxan bir qrup insandan bəhs edildiyini eşidirəm”,- dedi. Atası:
“- Bəli, oğlum, onlar Rəsulullahın əshabıdır”,- dedi.
Bu zaman Bəyazid:
“- Atacan, Rəsulullah və əshabının etdiyi bir əməli tərk etməkdə nə kimi xeyir ola bilər ki?!”,- dedi.
O gündən sonra atası gecələrini ibadətlə keçirməyə başladı.
Bir gecə Bəyazid həzrətləri yuxudan oyandı və:
“- Atacan, mənə də namazı təlim et ki, səninlə birlikdə namaz qılım”,- dedi.
Atası isə:
“Sən yat, oğlum, hələ balacasa!”,- dedi.
Bəyazid bu cavabı verdi:
“- Atacan, qiyamət günü insanlar əməllərini görmək üçün məzarlarından qalxıb qrup-qrup ilahi hüzura gəldikləri zaman[13] Rəbbim məndən:
“- Dünya həyatında nə əməl işlədin, ey qulu?”, -deyə soruşanda mən də:
“- Ey Rəbbim, atama “Mənə namaz qılmağı öyrət, səninlə birlikdə namaz qılım”, -dedim, o isə mənə: “Yat, sən hələ kiçiksən!”, -dedi”, -deyəcəyəm”.
Bu zaman atası:
“Xeyr, vallahi belə deməyini istəmirəm”,- dedi və oğluna namazı təlim etdi. Bundan sonra Bəyazid həzrətləri də kiçik yaşında gecələr daim qalxar və təhəccüd namazı qılardı.[14]
Yenə Bəyazid Bistami həzrətləri belə buyurmuşdur:
“Gecələr gündüz kimi olmadan mənim üçün heç bir sirr fəth olunmadı”.
Mömin nə zaman səhər vaxtlarını Allah və Rəsulunun tövsiyələri istiqamətində qayəsinə uyğun olaraq dəyərləndirə bilərsə, gecəsi gündüzündən daha parlaq olar. Gecələrin feyz və ruhaniyyət dolu iqlimindən layiqincə istifadə edə bilmək üçün səhərlərin könül feyzini bütün günə daşıyıb gündüzlər də günahlardan uzaq olmaq lazımdır. Necə ki, İbrahim bin Ədhəm həzrətləri səhər vaxtında oyana bilmədiyindən şikayət edən bir nəfərə belə buyurmuşdur:
“Gündüzlər Haqqa üsyan etmə ki, gecələr O səni hüzuruna qaldırsın”.
Həsən Bəsri həzrətləri də:
“Gecə ibadətinə qalxmaq günahlar altında əzilən adama ağır gələr”,- deyərək, xəbərdarlıq etmişdir.
Deməli, gecə ibadətinə göstərilən rəğbət könüllərdəki ilahi eşqin şiddəti nisbətindədir. Səhərləri ibadətlə əhya etmək qulun Rəbbinə duyduğu xalis məhəbbət və təzimin ən gözəl ifadəsidir. Bunun üçündür ki, səhərləri əhya etmək məşhur deyimlə “Hər kişinin deyil, ər kişinin qərarıdır”.
Allah-Təala da səhər vaxtlarında şirin yuxularını bölərək ibadət edən bəxtiyar qulları haqqında belə buyurur:
“Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar; Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər. Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər. Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi.” (əz-Zariyat, 15-19)
Mübarək Ramazani-Şərif gecələrindəki sahurlar da bir növ şəxsiyyətimizə “səhərləri əhya fəziləti”ni qazandırmaq üçün bir vəsilədir. Allah-Təalanın lütf etdiyi illik təlim mahiyyətindədir.
Həmçinin Ramazani-Şərif Allahın ümməti-Muhammədə xüsusi bir lütfü olaraq 83 ilin fəzilətinə sahib Qədr gecəsinin olması ilə də misilsiz mənəvi qazanc mövsümüdür…
Biz də öz növbəmizdə “Hər gördüyünü Xızır, hər gecəni Qədir bil!” düsturu ilə səhərləri əhya fəzilətini Ramazani-Şəriflə birlikdə bütün ilə şamil edə biləriksə, o zaman ömrümüz feyz və ruhaniyyətlə dolu Ramazan iqliminə çevrilər.
Rəbbimiz günahlarımızdan təmizlənmiş olaraq Ramazani-Şərifdən tərtəmiz çıxa bilməyi nəsib etsin. Ramazani-Şərifin feyz və ruhaniyyət iqlimində bir həyat yaşayıb son nəfsimizi də əbədi səadətə açılan bir bayram səhərinin hüzuru içində verə bilməyimizi lütf və kərəmi ilə ehsan buyursun.
Amin!..
[1] Bax. İmam Rəbbani, Məktubat, I, 418, № 114.
[2] Ehram qadağalarının baladığı miqat məhəllinə çatmadan da ehram geyinmək olar. Lakin bu ehrama girmək deyil. Ehrama girmək miqat məhəllindən əvvəl və ya miqat məhəllində ehram örtüyünə bürünüb “ehrama niyyt etmək”dir. Ehram qadağaları da bu niyyətdən sonra başlayır. Bu hadisədə “ehrama girmək” ifadəsi ilə qəsd edilən: ehram qadağalarının qüvvəyə mindiyi “ehrama niyyət etmək”dir.
[3] ən-Nur, 63.
[4] Bax. Buxari, Savm 55, 56, 57, Təhəccüd 7, Ənbiya 37, Nikah 89; Müslim, Siyam 181-193.
[5] Əhməd, I, 121.
[6] Əhməd, I, 83.
[7] İbn Macə, İqamə, 73; Əhməd, II, 65, 94; IV, 78.
[8] Buxari, Əshabun-Nəbi, 7.
[9] Kişmi, Bərəkat, s. 291.
[10] Bax. Ruhul-Bəyan, c. 11, s. 239, Erkam Yayınları, 2010.
[11] əl-Müzzəmmil, 1-2.
[12] əl-Müzzəmmil, 20.
[13] Bax. əz-Zilzal, 6.
[14] Səfiri, əl-Məcalisul-Vəzıyyə, II, 293.
ŞƏRHLƏR